Vaşinqtonda yayılan nüfuzlu «Foreign Policy» jurnalının «The Cable» nəşri xəbər verir ki, Ağ Ev Bakıya yeni səfir təyinatında Rusiya problemi ilə üzləşir. Jurnal Vaşinqtonun Rusiya siyasətində önəmli rolu olan iki mənbəyə istinad edir. Yazır ki, avqust böhranı zamanı Gürcüstan rəhbərliyi ilə intensiv əlaqələr saxlayan yüksəkrütbəli diplomat ABŞ-ın Azərbaycandakı səfiri postuna təqdim olunub. ABŞ-ın xarici siyasət idarəsi barədə məlumatlar yayan nəşr yeni namizədin Metyu Brayza olduğunu qeyd edir. MOSKVA NARAHAT OLA BİLƏR? Jurnala müsahibə verən mənbələr narahatdırlar ki, Brayzanın Bakıya təyinatı prezident Obamanın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq səylərinə kölgə sala bilər. Brayzaya yaxın mənbə isə deyir ki, Moskvanın ona qarşı düşmən mövqedə durması, yaxud diplomatın Tbilisi ilə yaxınlığı barədə söhbətlər doğru deyil. Mənbə qeyd edir ki, Brayzanın Rusiya rəsmiləri ilə güclü və pozitiv əlaqələri var. BRAYZANI DANİEL FRİD MƏSLƏHƏT GÖRÜR Professional diplomat olan Brayza ABŞ-ın Moskvadakı səfirliyində də işləyib. O, Buşun ilk prezidentlik dönəmində Milli Təhlükəsizlik Şurasının Avropa üzrə direktoru olub, ikinci dönəmdə isə Dövlət katibinin Avropa üzrə yardımçısı Daniel Fridin müavini olub. Vaşinqtonun Rusiya siyasətində önəmli rol oynayan mənbələr «The Cable» nəşrinə onu da deyiblər ki, Brayzanın Bakıya təyinatını hazırda ABŞ-ın Quantanamo məhbusları üzrə səfiri olan Daniel Frid təklif edib. O, bu yaxınlarda məsələni Dövlət katibi Hillari Klintonla müzakirə edib. Frid və Brayza məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Adının çəkilməsini istəməyən başqa bir Administrasiya rəsmisi isə deyib ki, Klinton «qərarlarını özü verir və bu zaman bir nəfərin tövsiyəsi ilə kifayətlənmir». MOSKVAYA VETO HÜQUQU? Brayzanın namizədliyindən narahatlıq bildirən mənbələr bu təyinatın Azərbaycanın Rusiya və ABŞ arasında balans siyasətinə də ziyan vura biləcəyini düşünürlər. Jurnala müsahibədə onlar deyirlər ki, Brayza gürcülərə hətta indiki Administrasiya üçün həddindən artıq sayıla biləcək qədər yaxınlaşmışdı. Ağ Evdəki mənbə isə deyir ki, namizədləri seçərkən bundan Moskvanın xoşlanıb-xoşlanmayacağını düşünmək yanlış olardı: «Biz üçüncü ölkələrə səfir təyinatında Rusiyanın həssaslığına əsaslanaraq qərar verməməliyik. Onlar daha əvvəlki imperiyaya malik deyillər. Biz Bakı ilə münasibətlərimizi Moskva vasitəsilə qurmuruq. Biz Rusiya ilə işləməli və onların qayğılarını anlamalıyıq. Amma anlamaq onlara bizim başqa ölkələrlə münasibətlərimizə veto hüququ vermək demək deyil». «The Cable» yazır ki, Metyu Brayzanın yerinə hazırda Bolqarıstanda səfir olan Nensi Makeldouninin namizədliyi nəzərdən keçirilir. Xanım Makeldouni Bolqarıstandan əvvəl Türkiyədə, ondan əvvəl isə Azərbaycanda xidmət edib və Enn Dersin təyinatına qədər səfir səlahiyyətlərini icra edib. |