Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:33

«Mollaların milliləşdirilməsi»


Bunu axı kim, nə cür yoxlayacaq? Molladan diplom istəyəcəklər?...
«Yeni Müsavat» qəzeti: «Mollaların milliləşdirilməsi» (Zamin Hacının köşə yazısı)

Hakimiyyət din azadlığı haqda qanuna dəyişiklik etmək istəyir. Prezident Administrasiyasında hazırlanan mürtəce layihə artıq yoxuşu qalxıb özünü deputatxanadan içəri salmışdır. Şübhəniz olmasın, tezliklə qanun orada səsə qoyulub «95 - lehinə, 5 - əleyhinə, bitərəf - yoxdur, qalan deputatlar haradasa kefdədir» şəklində qəbul olunacaqdır. Orada son illər qanunları məhz bu şəkildə qayırırlar....

Düzəlişə görə, xaricdə təhsil alıb qayıdan dindarlara dini icmalara rəhbərlik, ibadətləri, mərasimləri idarə etmək qadağan olunacaq. Necə deyərlər, öz cəzandı çək, Balaş. Vaxtilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hakimiyyətin əlində müstəqil dini icmalara qarşı cəza alətiydi. Məsələn, «İçərişəhər» cümə məscidinin icmasını repressiya edəndə, QMİ o məscidə öz oyuncaq axundunu yerləşdirmişdi. İndi şeyxin özünü idarədən bayıra atsalar nə xoş! Özü də tam qanuni əsasla olacaq: axı şeyx cənabları Orta Asiyada, yanılmıramsa, Buxarada dini təhsil alıbdır. Nə haqla burda rəhbərdir?

Ola bilər ki, məhz bu qara buludlu perspektiv idarənin başı üstünü aldığı üçün şeyxin müavini Hacı Salman Musayev qanunda dəyişikliyə etiraz bildiribdir. Deyib ki, gəlin onda Oksfordu, Kembrici qurtarıb Azərbaycanda işləyənləri də işdən çıxaraq. Ölmədik, bu günü gördük. Şeyxin idarəsi də hökumət əleyhinə çıxarmış! Bah, su boğaza bu qədərmi qalxdı?

Hərçənd, Salman bəyin sözlərində məntiq var. Hər şey bir yana, hansısa mərasimə xaricdə oxumuş molla gətirməyin dövlətə nə dəxli? Bəlkə biri dədəsinin yasına Norveçdən molla dəvət eləyəcək - özü bilər, dədəsi bilər. Eyni sarsaq məntiqlə hökumət bir gün xaricdə təhsil almış müğənnilərin toy aparmasını da qadağan edər. Üstəlik, bunu axı kim, nə cür yoxlayacaq? Molladan diplom istəyəcəklər?...

Ən məzəlisi isə odur ki, islam dininin özü Azərbaycana xaricdən gəlibdir. Bunun vətəni Ərəbistandırsa, gərək ən azı orda oxuyub gələn mollalara, din xadimlərinə qadağa qoymayasan. Ya da yaptokratlar birdəfəlik elan etsinlər ki, bizim öz milli dinimiz var, adı da məsələn, yaptokratiyadır. Bunun təhsilini BDU-da, başqa ali məktəblərdə verirlər. Get, oxu, sonra icmaya rəhbərlik elə…

«Azadlıq» qəzeti: «Əli Həsənov jurnalistləri aşağıladı»

«Jurnalistlər professionallaşmasa, onların peşəkarlığı yüksəlməsə, biz diffamasiya haqqında qanunu qəbul edə bilməyəcəyik. Çünki diffamasiya haqqında qanun yalnız məsuliyyətli və peşəkar jurnalisti cinayət məsuliyyətindən azad edə bilər.».

Bu açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Diffamasiya haqqında» qanunun niyə qəbul olunmamasına münasibət bildirərkən verib.

Ə.Həsənov onu da bildirib ki, «Diffamasiya haqqında» qanunu birinci olaraq Almaniya, Fransa, İngiltərə, Belçika, Hollandiya kimi böyük ölkələr qəbul etməli, yalnız bundan sonra növbə Azərbaycan kimi kiçik dövlətlərə çatmalıdır.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu məsələdə Fransa, İngiltərə kimi ölkələri misal gətirməyin yanlış olduğunu deyir:

«Misal gətirsək belə, nəzərə almalıyıq ki, bu ölkələrin bəzilərində 50, bəzilərində 80 ildir diffamasiya məsələlərinə görə jurnalistin həbs olunması faktı yoxdur. Bunlar ümumiyyətlə işləməyən, moratorium qoyulmuş bəndlərdir. Həmin ölkələrdə bu problem heç kimi narahat etmir ki, hələ onları ləğv etmək yada düşsün. Əsas odur ki, orada təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Ona görə də belə bir misal gətirmək yalnız yanlış təsəvvür yaratmaqla nəticələnə bilər».

A.Əliyev PA rəsmisinə məsləhət görür ki, xarici təcrübəyə istinad edəndə uzağı yox, elə yaxın region qonşumuz Gürcüstanı misal gətirsin:

«Mən heç zaman bu iddia ilə razı olmaram ki, Azərbaycan jurnalistləri qeyri-professional, amma Gürcüstan jurnalistləri çox professionaldırlar. Amma baxın ki, üç ildir bu ölkədə diffamasiya probleminə görə heç bir həbs faktı yoxdur. Üstəlik, söz azadlığı ilə bağlı bütün reytinqlərdə Gürcüstan həmişə Azərbaycandan qabaqda olur. Ona görə də bizim rəsmilərin yanaşması düzgün deyil. Azərbaycan hökuməti bu mövqeyini dəyişməlidir…»

«Azərbaycan» qəzeti: «Naxçıvanda avtomobil istehsal olunacaq»

Yaxın vaxtlarda Naxçıvan Avtomobil Zavodunda «Lifan» markalı avtomobillər yığılacaq.

Zavodun direktoru Musa Abdullayev deyir ki, avtomobillərin yığılması Gəncə Avtomobil Zavodu ilə Çin Xalq Respublikasının «Lifan» korporasiyası arasında imzalanan sazişə əsasən həyata keçiriləcək. Saziş ötən ay Pekində keçirilmiş Çin-Azərbaycan biznes-forumu zamanı imzalanıb.

«Əvvəl marketinq tədqiqatı aparıldı. Azərbaycan bazarı öyrənildi və zavod bu qənaətə gəldi ki, qiymət sarIdan bizim alıcılar üçün uyğun avtomobil «Lifan»dır», – deyə M.Abdullayev bildirib. O, daha sonra qeyd edib ki, müəssisədə əvvəl 1000 maşın yığılması nəzərdə tutulur və əgər bazar özünü doğrultsa, bu rəqəm 5000-ə qədər artırıla bilər...

Texniki parametrlərinə görə avtomobillərin qiyməti 7 mindən 14.5 min manatadək olacaq...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG