Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Azərbaycan hökuməti böyük dövlətlərin təklifindən boyun qaçıra bilmir


«Çox güman ki, böyük dövlətlərin hamısı Azərbaycanın xeyrinə olmayan sülh təklifini qəbul etdirmək istəyirlər»
«Çox güman ki, böyük dövlətlərin hamısı Azərbaycanın xeyrinə olmayan sülh təklifini qəbul etdirmək istəyirlər»
«Azadlıq»: «Hər zaman xarici siyasətdəki uğurlardan danışan hakimiyyət təmsilçiləri son zamanlar çox pessimist görsənirlər. İstər xarici işlər naziri, istərsə də digər rəsmilər daha çox təkzibçilik mövqeyində dayanıblar. Bir vaxtlar Heydər Əliyevin, sonralar isə İlham Əliyevin hər bir görüşünü, xarici səfərini tarixi qələbə adlandıranlar indi niyə belə bədbinləşiblər?

Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan hökuməti böyük dövlətlərin etdikləri təkliflərdən boyun qaçıra bilmir. Bu səbəbdən də əhalini əvvəlcədən hazırlamaq qərarına gəliblər:

«Onda övladi-vətən xam idi. Gələcək uğurlar barədə nağıllar danışıb əhalini inandırmaq mümkün idi. Həm də xarici dövlətlər Qarabağ probleminə bir müddət fikir vermirdilər. Dünyanın hansısa uzaq güşəsində, heç kəsə dəxli olmayan bir münaqişə idi. Hakimiyyət belə düşünürdü ki, bu münaqişə 50 il də davam etsə, bu nağılları camaata danışacaqlar. Amma indi çox güman ki, böyük dövlətlərin hamısı Azərbaycanın xeyrinə olmayan bir sülh təklifini qəbul etdirmək istəyirlər. Görünür, Azərbaycan hakimiyyəti üçün bundan boyun qaçırmaq çox çətindir. Ona görə də əhalini əvvəlcədən böyük dövlətlərin haqsızlığı ilə bağlı fikirlərə hazırlayırlar. Əvvəl deyirdilər ki, ABŞ kömək edir. Sonra dedilər ki, Fransa kömək edəcək, Rusiya az qalıb mövqeyini dəyişə. Ancaq indi başlayıblar Minsk qrupunun həmsədrlərini pisləməyə. Ancaq Minsk qrupunun həmsədrlərindən asılı olanlar heç də Azərbaycan hökumətindən asılı olanlardan çox deyil. Danışıqlarda Azərbaycan tərəfinin vəziyyəti yaxşı deyil. Bunun əsas səbəbi daxili siyasətdə olan vəziyyətdir. Rüşvətxorluq əndazəni keçib, kriminal hadisələr artıb, cəmiyyətə nəzarət mexanizmləri işləmir. Çox səmərəsiz bir dövlət qurublar. Buna görə də pessimizm xarici siyasət rəsmilərinin dilindədir».

«Yeni Müsavat»: «Bakı şəhərində ictimai nəqliyyatla bağlı son illərdə baş verənlərin xronikasına nəzər salsan, bu hökumətin camaatı doladığı qənaətinə gələrsən. Gah tramvay və trolleybusları söküb xətdən çıxartdılar, gah xırda avtobuslara hücuma keçdilər. Xırda avtobusları yığışdıranda nəqliyyat nazirinə aid firmaların gətirdiyi orta tutumlu avtobusları sürücülərə zorla sırıdılar. İndi isə Ziya əkə daha uzun avtobuslar gətizdirib, ona görə də orta ölçülü avtobuslara qırmızı işıq yandırıblar. Ardı necə olacaq? Bəlkə sabah yoldaş Məmmədov Londondakı məşhur 2 qatlı avtobuslardan gətirib zorla sahibkarlara, marşrut yiyələrinə sırıyacaq? Ondan sonra hər sürücünün qatar, gəmi almasını tələb edəcək? Hər şey mümkündür». Zamin Hacı «Kimi minək?» sərlövhəli köşəsində belə yazır.

«…Qayıdaq «nəyi minməli» probleminə. Bu saat bizim Şekspir sualımız bu şəkildədir. Göz dəyməsin, dünya xalqlarından ciddi irəli getmişik. Rəhmətlik Sabir məşhur şeirini indi yəqin belə yazardı: «Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtobusu gözləyirik».

«Yeni Azərbaycan»: ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığa önəm verdiyini bildirib: «Azərbaycan bizim üçün çox vacib ölkədir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla, bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıyıq. Hesab edirəm ki, bunun üçün imkan yaranıb və Amerika bu məsələdə dəstək verməyə hazırdır».

Filip Qordon həmçinin bildirib: «Ümid edirəm ki, çox tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq mümkün olacaq». Problemin danışıqlar masası ətrafında həlli ediləcəyini düşündüyünü qeyd edən F.Qordon prosesdə aktivlik müşahidə olunduğunu, diqqətlərini buna yönəltdiklərini və nizamlanmada iştirak etdiklərini vurğulayıb: «Ümumi anlaşma və təməl prinsiplər münaqişənin həlli üçün vacibdir».

«Üç nöqtə»: Parlamentin İqtisadi-siyasət komitəsi bir sıra qanunlara əlavə və dəyişikliklər ilə bağlı məsələləri müzakirə edərək, müvafiq qərarlar qəbul edib. Söhbət əsasən Mərkəzi Bankın səlahiyyətinin artılrılması və bəzi vergi dərəcələrinin aşağı salınması məsələlərindən gedir. Əgər bu dəyişikliklər qəbul edilərsə, maliyyə sektorunda bəzi problemləri aradan qaldırmaq mümkün olacaq. Bununla bağlı millət vəkili Nazim Məmmədov bildirdi ki, bütün bu məsələlər dəfələrlə Milli Məclisin iclaslarında qaldırılıb.

«Bunun da əsas səbəblərindən biri bankların kapitallaşmasının arzu olunan səviyyədə olmaması və ucuz maliyyə resurslarına çıxışın zəif olması idi. Təbii ki, ölkə olaraq valyuta ehtiyatlarımız kifayət qədərdir. Təkcə Mərkəzi Bankın rezervləri 6 milyard dollardan çoxdur. Bu dəyişiklik hüquqi qüvvəyə mindikdən sonra artıq Mərkəzi Bankın kredit vermə imkanları artacaq».
XS
SM
MD
LG