Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:37

«Əsgərin düşmənləri»


«Azadlıq»: «Dünyada bir çox siyahılar var ki, «düşmənləri» nominasiyası ilə tərtib olunur. Nəyinsə, kiminsə düşmənləri. Məsələn, mətbuatın düşmənləri siyahısı. 2007-ci ildə bu beynəlxalq siyahıya İlham Əliyevin də adı düşmüşdü. Ümumiyyətlə, Azərbaycanın adı azadlıqlarla bağlı bütün məsələlərdə «düşmənləri» siyahısına daxil olur. Şahvələd Çobanoğlu «Əsgərin düşmənləri» sərlövhəli köşə yazısında belə iddia edir.

«Təbii ki, ictimai məna daşıyan bu siyahılarda «dost» və «düşmən» sözləri əsgər üçün xeyli fərqli məna daşıyır. «Əsgərin düşməni» ifadəsi sözün əsl mənasında, heç bir şərtilik və təşviqi anlam qatılmadan işlədilir. Digər dostlar və düşmənlər isə siyasi və ictimai məna daşıyır.

Bəs bizim əsgər? Onun düşmənlərinin siyahısı bizim ölkənin düşmənləri ilə bitirmi? Çox təəssüf ki, Azərbaycan əsgərinin üstünə gələrkən öldürməsi məcburi olan düşməndən başqa, öldürülməsi qadağan olunan «düşmənləri» də var. Və hərdən bu əsgər dözümsüzlük göstərib o düşmənə də atəş açır. Nəticədə, komandirlər, çavuşlar, sıravi əsgərlər də onun əlindəki silahdan ölmüş olur. Bəzilər bu silahla özünü də öldürür. Ordumuzdakı acı vəziyyət budur və həmin vəziyyəti çəkinmədən əsgərin düşməni saymaq olar».

«Yeni Müsavat»: «İranda budəfəki prezident seçkiləri yəqin ki, gözlənilməz nəticə ilə yanaşı, həm də prezidentliyə iddiaçıların sensasion vədləri və bəyanatları ilə yadda qalacaq. Gözlənilməzlik deyəndə əlbəttə ki, azərbaycanlı namizəd Mirhüseyn Musəvinin qələbəsini nəzərdə tuturuq. Artıq bir çox ekspertlər 3 gün sonrakı seçkidə onun qalib olacağına şübhə etməməyə başlayıblar». Zahid Səfəroğlu «İki general, iki söz… Biri əyri, biri düz…» başlıqlı köşə yazısında belə yazır.

«Musəvi qələbə qazanarsa, İranda ilk dəfə dini hakimiyyət də (Xamneyi), siyasi hakimiyyət də rəsmən azərbaycanlıların əlinə keçəcək. Bu isə güneyli soydaşlarımızın dinc yolla siyasi haqlar əldə etməsi baxımından müəyyən perspektivlər aça bilər.
Doğrudur, İran konstitusiyasına görə, ölkədə ali hakimiyyət dini liderə məxsusdur. Yəni daxili-xarici siyasətin prioritetlərini o müəyyən edir. Amma prezidentin xarizması, şəxsi keyfiyyətləri və proseslərə təsir imkanları da məsələdə az rol oynamır. Ayrı sözlə, onu daxili ictimai-siyasi vəziyyətə ciddi təsiri olmayan quru fiqur kimi səciyyələndirmək yanlışlıq olardı».

«Yeni Azərbaycan»: «Hələlik danışıqlar davam etdirilməlidir». Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyib.

«Bu gün Azərbaycanın torpaqları - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon 20 ildir, kiçik bir dövlət olan Ermənistanın işğalı altındadır, orada daş-daş üstə qalmayıb, hər şey dağıdılıb...» deyə şöbə müdiri bildirib.

N.Məmmədov həmsədrlərin 2 ildən artıqdır, münaqişənin nizamlanmasını nəzərdə tutan baza prinsiplərinin hazır olduğu və yaxınlarda sənəd imzalanacağı barədə bəyanatlar verdiklərini xatırladıb: «Lakin bu günə qədər biz yerimizdə dayanmışıq, heç bir irəliləyiş yoxdur. Digər tərəfdən, onlar Ermənistanı və onun rəhbərliyini konstruktiv dövlət, konstruktiv prezident kimi dünya ictimaiyyətinə, beynəlxalq birliyə təqdim edirlər, beynəlxalq birlik də düşünür ki, bunlar danışıqlara gedirlər, danışıqlar davam edir, işlər yaxşıdır və bununla bağlı narahatlığa əsas yoxdur. Lakin danışıqlar bu cür davam etsə, heç bir irəliləyiş olmasa, şübhəsiz ki, Azərbaycanın mövqeyi dəyişə bilər. Hələlik danışıqlar davam etdirilməlidir. Yəni, namərdi axıra qədər, son mənzilinə qədər qovmaq lazımdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG