Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 20:47

Obama Qahirədən 1 milyard müsəlmana nə deyəcək?


Obamanın çıxışı dünyadakı 1 milyard müsəlmana ünvanlanacaq
Obamanın çıxışı dünyadakı 1 milyard müsəlmana ünvanlanacaq
ABŞ prezidenti Barak Obamanın iyunun 4-dəki Misir çıxışı böyük maraqla gözlənilir. Bu çıxışla bağlı əsas suallara Qərb mediasının cavabları.

BU ÇIXIŞ NİYƏ BELƏ MÜHÜMDÜR?

Obamanın çıxışı dünyadakı 1 milyard müsəlmana ünvanlanacaq. Ancaq çıxışın fokusunun məhz Yaxın Şərqdəki müsəlmanlara yönələcəyi gözlənilir.
Sabit və çiçəklənən Yaxın Şərq Amerikanın uzunmüddətli marağındadır. Qərb mediasında tez-tez təkrarlanan bir fikir də budur ki, Obama ABŞ-ın Yaxın Şərqə nüfuzunu bərpa etmək istəyir. Bu, aydındır, ancaq eyni zamanda İranla qarşıdurmada Yaxın Şərqin mötədil müsəlman əksəriyyətinin dayağını qazanmaq istəyir.

BU ÇIXIŞ ÜÇÜN NİYƏ MƏHZ MİSİR SEÇİLİB?

Qərb təhlilçilərinin fikrincə, avtoritar rejimlərlə dolu olan regionda çıxış etməyə tribuna kimi Misir pislər arasında ən yaxşısıdır.

Obama hökuməti Misir seçiminə belə əsas gətirib ki, düzdür, Misirin insan haqları göstəriciləri yaxşı deyil, ancaq Misir «müsəlman dünyasının ürəyidir».

Hökumətin ikinci izahı odur ki, əsas olan çıxışın özüdür, çıxış, onun olunduğu yerdən əhəmiyyətlidir.

Bu çıxışın yerinə alternativ kimi İndoneziyanı göstərmək olardı. İndoneziya ən böyük müsəlman ölkəsidir. İndoneziyanın insan haqları göstəriciləri yaxşıdır. Obama öz uşaqlığını İndoneziyada keçirib. Ancaq İndoneziya ərəb dünyasının təmsilçisi hesab oluna bilmir.

MİSİRDƏ ÇIXIŞ ETMƏYİN OBAMAYA RİSKİ NƏDİR?

Obamanın Qahirə səfəri ərəfəsindəki bir neçə həftədə «Müsəlman Qardaşlığı» təşkilatının onlarla üzvü tutulub və buraxılıb. Misirdə müxalifətin belə sıxışdırılması Obamanı çətin vəziyyətdə qoya bilər.

Müxalifətin Misirdə tutulub-buraxılması adi hadisədir, ancaq Obamaya deyə bilərlər ki, o öz çıxışına Misiri seçməklə Misir prezidenti Hüsni Mübarəki dəstəkləmiş olur.

1981-ci ildən prezident olan Mübarək mütəmadi olaraq seçkiləri saxtalaşdırmaqda və müxalifəti əzməkdə ittiham olunur.

OBAMA BİRİNCİ DƏFƏDİRMİ MÜSƏLMANLARA MÜRACİƏT EDİR?

Obama yanvarın 20-dəki andiçmə mərasimində belə bir ifadə işlətdi ki, müsəlman dünyası ilə münasibətlərin yeni yolu «qarşılıqlı marağa və qarşılıqlı hörmətə» əsaslanmalıdır. Obama müsəlman dünyasından danışanda bu ifadəni həmişə təkrar edir. O, bunu Ankara səfərində də dedi.

Obama Türkiyədə onu da vurğuladı ki, müsəlman dünyası ilə münasibətlər təkcə «terrorizmə müxalifət kimi bəsit anlama» gəlməməlidir. ABŞ prezidenti deyir ki, yaxın aylarda Yaxın Şərq regionu ilə ticarət, təhsil, investisiya sahələrində yeni əməkdaşlıq proqramlarını elan edəcək.

OBAMA QAHİRƏDƏ NƏ DEYƏCƏK?


Bəzilərini çox maraqlandırır ki, Obama keçmiş Dövlət katibi Kondoliza Raysın 2005-ci ildə seçdiyi yolla gedəcək yoxsa yox? O vaxt Rays Qahirə çıxışını regionda demokratik islahatların vacibliyinə həsr etdi.

Bir çoxlarının fikrincə, Obama daha yumşaq olacaq, demokratiyanın vacibliyi fikirləri ilə region hakimiyyətlərini qıcıqlandırmayacaq.

Ancaq gözlənilir ki, əgər Obama müsəlmanların doğrudan da dəstəyini qazanmaq istəyirsə, İsrail-Fələstin sülhünü necə əldə edəcəyini daha detallı deməlidir. Ritorik danışmaq keçməyəcək.

OBAMANIN ÇIXIŞINI MÜSƏLMANLAR NECƏ QARŞILAYA BİLƏR?

Regiondakı sorğular göstərir ki, müsəlmanların əksəriyyəti Obamanın İsrail-Fələstin sülhündən nə deyəcəyini gözləyir.

Bir şox müsəlmanlar ABŞ-ın bundan əvvəlki prezidentini - Corc Buşu İsrailə açıq-aşkar tərəfkeşlikdə qınayır. Obamaya isə böyük ümidlər bəsləyir.

«Reuters» bir maraqlı cəhətə toxunur. Agentlik yazır ki, bəzi müsəlmanlar gözləyirlər ki, regionda insan haqlarının vəziyyətinin pis olmasında Obama Amerikanın mənfi rolunu da qeyd etməlidir.
XS
SM
MD
LG