Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:30

«Azərbaycanda uşaqların problemləri ildən-ilə artır»


Bu gün 15 min uşaq ailə qayğısından kənarda yaşayır
Bu gün 15 min uşaq ailə qayğısından kənarda yaşayır
«İstəyirəm gələcəkdə bir qızım, bir oğlum olsun. Mən uşaqlarıma yaxşı baxacağam. Onları heç vaxt incitməyəcəyəm. Məktəbə göndərəcəyəm, dərslərini yaxşı oxumaqlarına fikir verəcəyəm. Onların xoşbəxt olmaları üçün əlimdən gələni edəcəyəm...»

Bunu 13 yaşlı Yaşar deyir. O, öz evlərində bunların heç birini görməyib. Ailəsindən uzaq yaşayan Yaşar gələcəkdə uşaqları ilə bir yerdə olması üçün bacardığını edəcəyini deyir.

«VALİDEYNLƏRİM ANCAQ HÜQUQLARIMI POZUBLAR»

Dinarə isə valideynlərilə iki il əvvələ qədər, 11 yaşına kimi yaşayıb:

«Onların harada olduğunu bilmirəm. Görməyinə görmüşəm, onsuz da onlar mənimlə maraqlanan deyillər...»

Dinarə deyir ki, valideynləri onun hüquqlarını ancaq pozublar:

«Ancaq mən hələ də onları yuxularımda görürəm».

7 yaşlı Ayişə isə rəsmlərində anasının, atasının, qardaşının şəkillərini çəkir:

Yaşar
«Mən özüm rəssamam. Əvvəllər atam, anam, qardaşım bir yerdə yaşayırdıq. Rəsmlərimdə də onları çəkirəm».

Ayişə rəsmlərində keçmişi, ailəsiylə bir yerdə olduğu vaxtı çəkir. İndisə anasını çox çəkir:

«Çünki anam hərdən yanıma gəlir…»

Elməddin də, Xəzər də, Tural da, Mətləb də, Xaqani də az qala eyni şeyləri deyirlər. Bəlkə ona görə ki, bu uşaqlar eyni taleyi paylaşırlar - ailələrindən uzaqda yaşayırlar.

«UŞAQ ÖLÜMÜNƏ GÖRƏ YENƏ ÖN YERLƏRİ TUTURUQ»

Bu il Azərbaycanda Uşaq İli elan olunub. Uşaqların hüquqlarıyla məşğul olan hüquq müdafiəçiləri deyirlər ki, bu, əslində uşaqların problemlərinə diqqəti cəlb etmək üçündür. Ancaq dövlət qurumları uşaqlara aid rəsm sərgisi, ya da buna oxşar tədbir keçirməklə işlərini bitmiş sayırlar.

Dinarə
Uşaq Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, Azərbaycanda uşaqların problemləri ildən-ilə artır:

«Dövlət orqanları Uşaq İlinin elan olunmasını internatlardakı uşaqlara konfet, pirojna paylamaq kimi başa düşürlər. Uşaq ölümünə görə yenə ön yerləri tuturuq, uşaqların təhsil hüquqları əvvəlki kimi pozulur, küçə uşaqlarının həyatı yenə əvvəlki kimidir, beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilmir».

«BU İLİN UŞAQ İLİ ELAN OLUNMASI DÖVLƏTİN QAYĞISININ GÖSTƏRİCİSİDİR»


Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq bölümünün rəhbəri Ceyran Rəhmətullayeva isə deyir ki, problemlər olsa da, onların həlli üçün çox işlər görülür:

Ayişə
«Bu gün müəyyən sahələrdə uşaqların hüquqları pozulur. Ancaq bu, o demək deyil ki, dövlət uşaq problemlərindən kənardır. Bu ilin Uşaq İli elan olunması dövlətin bu sahəyə olan qayğısının göstəricisidir. Bu, uşaqların hüquqlarını pozanlara, vəzifəsindın sui-istifadə edənlərə bir mesajdır. Mütəmadi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat veririk. Azərbaycanda uşaq yoxsulluğunun aşağı səviyyəyə gəlib çatması ölkədə gedən inkişaf prosesini göstərir. 10 il əvvəl deyirdik ki, yoxsulluq uşaqların internatlara düşməsinin əsas səbəbidir, ancaq bu gün bunu deyə bilmərik».

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev isə deyir ki, uşaqların internatlara verilməsində ailələrdəki yoxsulluq əsas yer tutur.

Elə Yaşar da, Dinarə də, Mətləb də ailələrindəki yoxsulluğa görə uşaq evinə düşən minlərlə uşaqlardandır.

Azərbaycan əhalisinin 3 milyon nəfərini uşaqlar təşkil edir. Rəsmi rəqəmlərə görə, bu gün 15 min uşaq ailə qayğısından kənarda yaşayır. Qeyri-hökumət təşkilatları bu rəqəmin qat-qat artıq olduğunu deyirlər.

Şərhinizi yazın.
XS
SM
MD
LG