Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:18

Moskvanın uşaq evlərində azərbaycanlı, qazax, özbək yetimlər


Moskvadakı 19 saylı uşaq evində 11 yaşlı sakit bir uşaq var – adı Mişadır. O buraya azərbaycanlı atası cinayət törədərək həbs ediləndən və Rusiyadan deportasiya olunandan sonra düşüb.

5 yaşlı Leonun uşaq evinə düşmək tarixçəsi isə afrikalı atası və rus anası ona lazımi qayğını göstərə bilməyəndən sonra başlayıb. Başqa bir uşaq yarıiranlı, bir ayrısı isə yarı monqoldur.

İQTİSADİ BÖHRANIN YETİM QOYDUĞU UŞAQLAR

Sovet İttifaqı dağılandan sonra Orta Asiya, Cənubi Qafqaz və başqa qonşu bölgələrdən olan ölkələrdən Rusiyaya işləmək üçün milyonlarla miqrant axışdı. İndi iqtisadi böhranın Rusiya bazarlarını seyrəltdiyi bir vaxtda bir çox əməkçi miqrant öz vətəninə qayıdır. Bu böyük miqrasiyanın nəticələrindən biri də Rusiyadakı uşaq evlərində azərbaycanlı, qazax, özbək və başqa millətlərdən olan uşaqların artması olub. Onları ya valideynləri bura atıb gedib, ya da qayğıdan məhrum olandan sonra yolları buradan düşüb.

Moskvadakı 19 saylı uşaq evinin direktoru Mariya Ternovskaya.
6 il qabaq Əkrəm və onun bacısını, eləcə də qardaşını Moskvadakı 19 saylı uşaq evinə onların özbək ataları və rus anaları ilə birgə dözülməz şəraitdə yaşadıqları aşkar ediləndən sonra gətirmişdilər. Uşaq evinin direktoru Mariya Ternovskaya danışır ki, bu üç uşağı uşaq evinin hamamına aparmaq istəyəndə “bəyəm indi yaydı” – deyə soruşublar. Məlum olub ki, evlərində onları ancaq hava isti olanda çimdirirmişlər.

Bu altı ildə Əkrəmdə rəssamlıq istedadı üzə çıxıb və bu 16 yaşlı ucaboy oğlan ümummoskva rəsm olimpiadasında qalib gələrək qızıl medala layiq görülüb. Əkrəmin böyük qardaşını bir ailə oğulluğa götürüb və indi o, valideynləri ilə birgə Amerikada yaşayır. Əkrəmin böyük bacısı isə universitetdə oxuyur.

QAFQAZLI UŞAQLAR ÜÇÜN AİLƏ TAPMAQ ÇƏTİNDİR

Amma Rusiyanın uşaq evlərində belə uğur hekayətləri azdır. 19 saylı uşaq evinin psixoloqu Maşa Kapilina deyir ki, xüsusən də qarışıq ailələrdən olan uşaqların işi çətindir. Onun sözlərinə görə, belə uşaqlar əlavə problemlərlə üzləşirlər, xüsusən də onların ailələrə verilməsi məsələsi ortaya çıxanda.

“Ruslar üçün onlar rus deyillər, qazax və özbəklər üçün də onlar özününkü deyil. Və belə uşaqlarda belə bir təsəvvür var ki, onlar heç kimdilər. Bundan başqa onlar başqalarından fərqləndikləri üçün təcavüz obyektinə də çevrilirlər. Onlar çox çətin bir qrupdurlar”.

19 saylı uşaq evi valideyn himayəsində olan uşaqlar üçün ev olmaq yox, onlar üçün yeni ailə tapmağa çalışır. Axır 15 ildə onlar 350 uşağa kömək ediblər.

Amma psixoloq deyir ki, Rusiyada radikal millətçiliyin və gəlmələrə nifrətin artdığı bir şəraitdə Orta Asiya və Qafqaz əsilli uşaqlar üçün yeni valideyn tapmaq işini daha da çətinləşdirir.

BÖYÜKLƏR VƏTƏNDƏN DANIŞIR, YETİMLƏR ÜÇÜN VƏTƏN NƏDİR?

Moskvadakı Miqrasiya və Qanun adlı hüquq müdafiə təşkilatının təmsilçisi Süleyman Şoxodr deyir ki, iş yerini itirib vətəninə qayıdan valideynlərin övladlarının uşaq evinə düşməsi problemi həmişə olub, amma indi qlobal iqtisadi böhran şəraitində bu problem daha da dərinləşib.

Qırğızıstanın ombudsmanı Tursunbek Akın deyir ki, axır 3 ildə Rusiyanın uşaq evllərinə 60 qırğız uşaq atılıb. Onun sözlərinə görə, həmin uşaqların üçdə ikisi övladlığa götürülüb, əsasən də amerikalı ailələr tərəfindən.

“Miqrasiya və Qanun” hüquq müdafiə təşkilatının sədri Gavhar Djurayeva danışır ki, bir qırğız ailəsi öz iki uşağını Moskvada atıb vətənə qayıdıbmış. Bir müddət sonra qohumları uşaq evinə gəlib onları aparmaq istəyib. Amma məlum olub ki, artıq həmin uşaqları bir amerikalı ailə övladlığa götürüb. Uşaqlara seçim eləmək imkanı verilib və onlar Amerikanı seçiblər.

Qırğızıstanın ombudsmanı öz hökumətini inandırmağa çalışır ki, Rusiyanın uşaq evlərində qalan qırğız uşaqlarını vətənə qaytarmaq laımdır. Amma iqtisadi böhran şəraitində bu heç də məmurlar üçün prioritet məsələ deyil.
XS
SM
MD
LG