Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 18:25

Prezidentə məktub yetişmədi...


Salyan rayonunun sakini deyir ki, məktubu Salyanın sərhədlərini aşa bilmir
Salyan rayonunun sakini deyir ki, məktubu Salyanın sərhədlərini aşa bilmir
«Bu Salyanda adət halını alıb. Prezidentə yazılan şikayət məktubları Prezident Aparatına gedib çıxmamış qabaqcadan rayon rəhbərliyi onu bilir. Məktub ora çatmamış məktub yazan adamı ya qorxudurlar, ya qapısına polis göndərirlər, ya da başqa yolla qarşısını alırlar...»

MİRZƏ CƏLİLİN QƏHRƏMANI NOVRUZƏLİ KİMİ

Salyan rayonunun sakini Vidadi Bayramov deyir ki, o neçə vaxtdır rayondakı özbaşınalıqlar haqqında prezidentə məktub yazsa da, məktub Salyanın sərhədlərini aşa bilmir. O və onun kimi şikayətçilər məktublarını göndərmək üçün başqa yollar axtarmalı olurlar. Vidadi Bayramovun ağlına hətta Mirzə Cəlilin qəhrəmanı Novruzəli kimi məktubunun çatmasına görə rayonun poçt qutusunun qarşısında keşik çəkmək də gəlib. Ancaq sonda məktubu başqa yerdən göndərib. Üz tutub Gəncəyə, 700 kilometr yol qət eləyib, 25 manatından da keçib:

«Gördüm burdan mümkün deyil, getdim Gəncədən göndərdim. Çünki burda bu mümkün deyil. Dəfələrlə olub ki, məktub yazmışam, bir-iki gün sonra şikayət yazmağıma görə ayrı-ayrı adamlar mənə hədə-qorxu gəliblər...»

ŞİKAYƏT NƏDƏNDİR?

Bəs görəsən, Vidadi Bayramov prezidentə nədən şikayət edir ki, onun məktubunun qarşısı alınır?

«Camaatın örüş torpaqlarını satıblar, əhali pensiyalarını, ünvanlı sosial yardımlarını ala bilmir, camaat o qədər əziyyət çəkir ki. Rayonun abadlaşdırılması üçün hər ay yetim-yesirdən pul yığırlar. Ya da camaat bankomatlardan pul alandakı şəraiti görsəniz, çox acınacaqlı vəziyyətdir...»

Vidadi Bayramov iddia eləyir ki, prezidentə yazdığı bu şikayətlər rayondakı məmurların işiylə bağlı olduğu üçün rayonun poçt idarəsində qarşısı alınır:

«Yəqin ki, məktubları açıb oxuyurlar, yoxsa məktub gedib çıxmamış hardan xəbər tuturlar. Şikayət olunan adama da bu haqda məlumat da verirlər».

Salyan Rayon Poçt İdarəsinin əməliyyatlar üzrə mühəndisi Əliağa Mustafayev isə məktubların açılmasının mümkün olmadığını deyir:

«Belə şey ola bilməz. Həmin adam gəlib məsələni bizdə araşdıra da bilər».

Vidadi Bayramov isə deyir ki, o bu cür cavablara alışıb.

HÜQUQŞÜNAS NƏ DEYİR?

Hüquqşünas İradə Cavadova bildirir ki, Vidadi Bayramov bu vəziyyətdə məhkəməyə müraciət etməlidir:

«Çox acınacaqlı vəziyyətdir. Əgər poçtda onun məktubunu açıb oxuyurlarsa, vətəndaş birinci poçt idarəsini məhkəməyə verməlidir. Məktubunu başqa şəhərdən göndərməyini isə yaxşı fikirləşib tapıb. Bu da bir üsuldur. Ancaq bütün hallarda məhkəməyə müraciət etməlidir».

2007-ci ildə Naxçıvanda bir müxalifətçi prezidentə şikayət məktubu yazandan sonra həbs olunub, sonrasa ruhi xəstəxanaya göndərilmişdi. Bu ilin qışında isə yenə Naxçıvanda bir gənc prezidentə şikayət məktubu göndərəndən sonra həbs olunmuşdu. Sonradan onun ailə üzvlərinə də təzyiqlər edilmişdi.

Bəs siz prezidentə şikayət etmisinizmi? Şikayət etmək fikriniz olsaydı nədən yazardınız? Şərhinizi göndərin.
XS
SM
MD
LG