Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

Vahid Mustafayev: «Qorxduğum çox şeylər var»...


«Bizi arada yox, aralarda bağlayırdılar»
«Bizi arada yox, aralarda bağlayırdılar»
«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir. O. çox işləyir, idmanla məşğul olur. Deyir «Allah yaradıcıdır, insan isə dağıdıcı».

- İşləriniz necə gedir?

- Şükürlər olsun. Allahın köməyilə bütün işlərimiz yaxşı gedir.

- Ancaq Allahın köməyiləmi?

- Ancaq Allahın köməyilə. Başqa kimin köməyi ilə ola bilər ki?

- Hər halda adamın özündə də bir hərəkət olmalıdı də.

- Mənə elə gəlir ki, elə bu təşəbbüsün, hərəkətin təbiəti də Allahla bağlıdır. O icazə versə, fəaliyyət olacaq, istəsə, təşəbbüs olacaq. İstəməsə, heç biri olmayacaq. Biz 1989-cu ildən bu fəaliyyətlə məşğuluq və o gündən indiyə qədər hər zaman hiss edirik ki, hansısa bir ilahi qüvvə əlimizdən tutub bizi bu yolla aparır.

- Yumşaq desək arada ANS-i bağlayırdılar. Onda hansı qüvvə bunu edirdi?

- Bilirsiniz, ümumiyyətlə, Allah yaradıcıdır, insan isə dağıdıcı. Sözsüz ki, bizi arada yox, aralarda bağlayırdılar. Tarixində ANS-i 4 dəfə bağlayıblar. Hamısı da insanların hərəkəti nəticəsində olub. Lakin yenə də hansısa bir ilahi qüvvə bizim haqqımızda pis danışanları sonradan yaxşı danışmağa təhrik etdi. Və fəaliyyətimiz bərpa edildi. Ona görə də ilk növbədə Allaha və sonra da cahilliyində dərinləşib daha da pis hərəkət etmədiklərinə görə, o insanlara təşəkkür edirik.

- Çox işləyirsiniz deyilənə görə.

«Məni ən çox narahat edən adamların işləməməsidir»
- Mənim üçün işləyən və işləməyən adam var. Mən işləyirəm. Və hesab edirəm ki, yoldaşlarımla, qardaşlarımla, əməkdaşlarımla hələ bundan da çox işləməliyik.

- İdmanın boks növünə meyllisiniz. Nədən irəli gəldi bu istək?
- Nə bilim, uşaqlıqda idmana qoydular, ondan gəldik çıxdıq bu günə.

- Boksa meyllilik xarakterdə zorakılığa gətirib çıxarmır ki, məsələn, işçi əsəbləşdirir, ona münasibətdə?
- O baxır işçinin əsəbləşdirməsinin səviyyəsinə. Səviyyə dərin olursa, onda artıq dözümsüzlüyə yol verib o insanı danlayıram. Amma söhbət fiziki baxımdan gedirsə, insana əl qaldırmaq düzgün iş deyil.

- Amma Allaha inanan adamlar həm də səbrli olmalıdırlar.
- Razıyam. Amma hər bir insan günahkardır. Və insanın ən böyük günahı səbrsizlikdir. Mən də sözsüz ki, günahkar bir insan olaraq səbrsizliyə yol verirəm. Hesab edirəm ki, bu, normal bir şeydir. Amma düşünürəm ki, namazlarımızda Tanrı bizi bağışlayır, günahımızdan keçir.

- ANS-də nə var, nə yox?

- ANS-də hər şey yaxşıdır.

- Bəs nə narahat edir sizi?

- Adamların işləməməsi. Rayonlara gedəndə görürsən adamlar daha çox Bakıdan, Rusiyadan yaxınlarının göndərdiyi pul ilə yaşamağa adət ediblər. Halbuki, bizim millət həmişə işləyib, zəhmətkeşliyi ilə seçilib. Bax bu indiki prosesin yaratdığı təzadlar çox təhlükəlidir. Bu, məni narahat edir.

- Heç incidiblər sizi?

- Bəs bizi dəmir kimi döyüb-döyüb bu günə gətirib çıxarıblar də. Məncə bu, normal haldır.

- Bəs siz necə, incitmisiniz?

- Bəli. Biz də çox incitmişik. Millətindən asılı olmayaraq xalqımıza qarşı olan hər kəsi incitmişik.

- Kimdir mərdimazar?

- Bizim xalqımıza düşmən mövqedən çıxış edənlərin hamısı.

- Nədən qorxursunuz?


- Mənim qorxduğum çox şeylər var. Amma mən də belə düşünürəm ki, insan öz qorxduğu, çəkindiyi şeyləri açıqlasa, zəif yerləri bəlli olar və o aciz olar.
XS
SM
MD
LG