Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

«Son zəng» həm də restoranların bayramıdır


M.Mərdanovun məhdudiyyətlər qoymasına baxmayaraq, məktəblərdə «Son zəng»ə ciddi hazırlıq gedir
M.Mərdanovun məhdudiyyətlər qoymasına baxmayaraq, məktəblərdə «Son zəng»ə ciddi hazırlıq gedir
Mayın 30-da Azərbaycanın orta məktəblərində dərs ili başa çatır. Təhsil naziri Misir Mərdanovun qərarına əsasən, məktəblərdə «Son zəng» mərasimi yalnız 3 saat, özü də məktəblərin ərazisində keçirilə bilər. Qərarda yazılıb ki, məktəbdənkənar gəzintilər üçün bütün məsuliyyəti valideynlər daşıyır.

«Azadlıq» radiosunun «Son zəng»lə bağlı sualına cavab verən M.Mərdanov bildirib ki, o, sovet dövründən qalan bu mərasimin bütünlüklə ləğvinin tərəfdarıdır:

«Əgər biz Avropa təhsil modelini seçiriksə, o zaman şagirdlərin hər hansı kütləvi tədbir keçirməsinə ehtiyac yoxdur. Həm də belə kütləvi tədbirlərdən kimlərsə öz siyasi məqsədləri üçün yararlana bilər. Dərslər bitdi – şagirdlər gedib imtahana hazırlaşsınlar».

Valideynlər və şagirdlər isə deyir ki, M.Mərdanovun məhdudiyyətlər qoymasına baxmayaraq, məktəblərdə «Son zəng»ə ciddi hazırlıq gedir.

Gülnaz Şəfiyevanın oğlu paytaxtın Nərimanov rayonundakı orta məktəblərdən birini bitirir. Ananın deməsinə görə, məktəblərdə ilboyu davam edən «pul yığımı» kampaniyasının son nöqtəsi də elə «Son zəng» ərəfəsində olur:

«Oğlumgilin sinifləri 70 manatdan pul yığır. Bunun 30 manatı mayın 30-da gedəcəkləri restorana ödəniləcək. 10 manatına məktəbdə keçiriləcək tədbirə gül, şar, lent alacaqlar. 5 manatına 1-ci siniflərə hədiyyə, qalan 35 manatına isə müəllimlərə və direktora hədiyyə alınacaq».

Səbail rayonundakı məktəblərdə təhsil alanların valideynləri isə daha yüksək məbləğlərdən danışır. Övladı 8 saylı orta məktəbi bitirən Səadət Vəliyeva:

«Son zəng» mərasiminin keçirilməsinə təxminən 130 manat xərcləmişəm. Hələ mayın 30-da uşaqların geyəcəyi paltarların pulunu hesablamıram. Direktordan tutmuş məzunların ilk müəllimlərinə qədər gül və hədiyyə alınacaq. Şəhərin mərkəzi olduğu üçün burda daha çox imkanlı ailələrin uşaqları oxuyur. Siniflər sanki hədiyyə yarışına çıxıblar. Bu qədər xərc nəyə gərəkdir?».

Orta məktəbi bitirənlər isə «Son zəng»in ləğvini istəmədiklərini deyirlər. Paytaxtdakı 18 saylı məktəbin 11-ci sinif şagirdi Valeh Əzizli:

- «Son zəng» həyatda bir dəfə olur. Məncə, onu keçirmək üçün xəsislik etməmək olar. Düzdür, bu, bizim ailə büdcəmiz üçün əlavə xərcdir, ancaq məncə, qatlanmaq mümkündür.

- Bu il məzunlara qabaqkı illərdə olduğu kimi, Bakı bulvarında qələbəlik yaratmağa imkan verməyəcəklər. Məktəbdə keçirilən mərasimdən sonra harada toplaşmağı düşünürsünüz?

- Mayın 31-də rayonlardan birinə getmək istəyirdik. Ancaq qərara gəldik ki, məktəbi bitirməyimizi restoranda qeyd edək. Axşam saat 7-dən 10-a qədər restoranda şənlənəcəyik. Valideynlər və müəllimlərimiz də dəvətlidir.

- Hər biriniz bunun üçün nə qədər ödəyəcəksiniz?

- 27 manatlıq menyu seçmişik. Müəllimlərimizi də dəvət etdiyimiz üçün hər birimiz 35 manat ödəməliyik. Əlbəttə, əlavə xərclər olmasa.

Bakı restoranlarında da deyirlər ki, mayın 30-u əsas müştəriləri məzunlar olacaq. May ayında toylar az olduğundan, restoran inzibatçıları bu durumdan məmnunluqlarını bildirir. Bakıxanov qəsəbəsindəki «Aysel» restoranının inzibatçısı Vahid Kərimov:

«Mayın 30-u və 31-i məzunlara xidmət edəcəyik. Onlar əsasən 25-35 manat arası menyuları seçirlər. Canlı musiqinin qiyməti də bura daxildir. Videoçəkilişin qiyməti isə ayrıdır. Bunun üçün müştərilərdən 50 manat alacağıq».

Paytaxtın mərkəzindəki restoran şəbəkəsində isə qiymətlərin bir qədər də yüksək olduğunu öyrəndik. Restoranlar bildirir ki, xidmət xərcləri daha çox canlı musiqi, populyar müğənnilər və atəşfəşanlığa görə artır. 50 manatdan artıq menyu seçənlərə isə bəzi restoranlar «Məzun tortu»nu hədiyyə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG