Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Dəvət olmadan Azərbaycana gəlmək qadağan edilir


Azərbaycana gəlmək istəyən əcnəbi hər şeydən əvvəl konsulluq idarəsinə dəvətnamə təqdim etməlidir
Azərbaycana gəlmək istəyən əcnəbi hər şeydən əvvəl konsulluq idarəsinə dəvətnamə təqdim etməlidir
Azərbaycan bu yaxınlarda viza rejiminə bəzi dəyişikliklər edib. Artıq Azərbaycana gəlmək istəyən əcnəbi hər şeydən əvvəl konsulluq idarəsinə dəvətnamə təqdim etməlidir. Bu dəvətnaməni isə onu ölkəyə dəvət edən təşkilat, fiziki və ya hüquqi şəxs göndərməlidir. Adi turistsə dəvətnamə üçün Azərbaycandakı turizm şirkətlərinin xidmətindən yararlanmalıdır.

Əcnəbilər necə qeydiyyata düşəcəklər

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Polxuova görə, bu dəyişiklik daha çox ölkənin təhlükəsizlik maraqlarıyla bağlıdır:
«Sadəcə, biz ştamp formasında verilən vizalardan imtina edib, keçmişik yapışdırılan və mühafizə olunan vizaların verilməsinə. Bununla bağlı da təbii ki, əlavə tələblər yaranır. Konsulun qərarı ilə tələb olunan hallarda Azərbaycana səfər edən əcnəbilərdən dəvət məktubu soruşa bilərlər. Dəvət məktubu Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə təhvil verildikdə əcnəbilər orda qeydiyyata düşürlər».

Elxan Poluxova görə, Avropa ölkələriylə müqayisədə Azərbaycanda viza rejimi daha mülayimdir.

Hərçənd bu vaxta kimi Azərbaycan səfirliyi olmayan ölkələrin vətəndaşları vizanı elə Binə hava limanında alırdılar. Elxan Poluxov deyir ki, yeni qaydalar onlara da aiddir, özləri ilə dəvətnamə gətirməlidirlər. Ancaq istənilən halda hər bir vizayla bağlı konsulun şəxsi qərarı olur.

Qanunsuz miqrantların sayı azalacaq

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin qənaətincə, viza qaydalarına dəyişikliklərin həm müsbət, həm də ziyanlı cəhətləri var. Əvvəla, bu qərardan sonra Avropa ölkələrinin Azərbaycanla viza rejimini sadələşdirəcəyi istisna edilmir. Üstəlik də bu qərar bəzi təhlükələrin qarşısını ala bilər:

«Nə qədər ki, Azərbaycanda ciddi hesabatlı blankların tətbiqi mümkün deyildi, bu ölkədən tranzit ölkə kimi istifadə olunurdu. İnsan qaçaqmalçılığı reallaşdırılırdı, viza saxtalaşdırılırdı. Azərbaycan qanunsuz miqrantalrın axını olan ölkə kimi tanınırdı. Bu əhəmiyyətli qərardır».

Əlövsət Əliyev deyir ki, bu qərardan sonra qanunsuz miqrantların sayı Azərbaycanda azala, eyni zamanda, miqrantlar üzərində nəzarət güclənə bilər. Bundan başqa, qaydalar sərtləşdiyindən məsuliyyət də artacaq, vizası başa çatan şəxslər onları ölkəyə dəvət edən fiziki və ya hüquqi şəxslərin hesabına Azərbaycandan çıxarılacaq.

«Zəhmət olmasa, ölkədən gedin. Vəssalam…»

Bəs bu qaydalar əlavə əngəllərə yol açmayacaq ki? Məsələn, bu günlərdə məlum oldu ki, Azərbaycan futbolçuları ilə iyunun 6-da oynamalı olan Uels komandasının üzvləri viza ala bilmirlər. Dəvətnamələri yoxdur.

Və ya başqa bir misal. Hollandiyadan olan, Azərbaycandakı təşkilatlardan birində təcrübə keçən Sofi Boşxoton bura altı aylığa gəlibmiş. Amma bir şərtlə - üç ay sonra vizasının vaxtını uzatmalıymış:

«Üç ay ötdü və mən vizanın vaxtını uzatmalıydım. Təcrübə keçdiyim təşkilatın rəhbəri mənə dəvətnamə verdi. Dedilər ki, təşkilat bununla bağlı əlavə sənədlər də təqdim etməlidir. Bu dəfə şəxsi dəvətnamə əldə etdim. Bunun da faydası olmadı. Uzun çək-çevirdən sonra dedilər ki, sizin sənədlərə baxdıq, Bakıda qalmağınız üçün bir səbəb yoxdur. Zəhmət olmasa, ölkədən gedin. Vəssalam…»

XİN rəsmisi Elxan Poluxov deyir ki: «Bu tələblər milli maraqlara qulluq edir. Azərbaycana gələnlərin qarşısında elə də böyük tələb qoymuruq. Sadəcə, bəzi adamlarda elə təsəvvür yaranır ki, Azərbaycana gəlib-getmək tamamilə onlar üçün sərbəst olmalıdır».

O ki qaldı, Uels komandasının üzvlərinə, XİN rəsmisinə görə, sadəcə, oyunçular sənədlərini vaxtında təqdim etməyiblər.

Azərbaycana gələn əcnəbilərin sayı azalacaqmı?

Əlövsət Əliyevsə bu qənaətdədir ki, viza qaydasına edilən dəyişikliklər Azərbaycana gələn əcnəbilərin sayını azaldacaq, eyni zamanda, turizmə də böyük ziyan vuracaq.

«Əcnəbilər gələndə böyük gəlir götürən xeyli insanlar varıydı. Mehmanxanada, kirayədə qalırdılar, əntiq əşya alırdılar. Azərbaycanda pul xərcləyənlərin sayı azalacaq…»

Elxan Poluxov isə deyir ki, turizmə ziyan dəyməyəcək. Yerli turist şirkətlərinə vauçerlər veriləcək. Bu yolla da turistlər hətta güzəştlərə, viza almaq üçün yüngülləşdirilmiş prosedurlara nail olacaqlar.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm idarəsindənsə nəsə öyrənə bilmədik, dedilər ki, mütəxəssislər ezamiyyətdədirlər. Amma nazir Əbülfəs Qarayev hələ ilin əvvəlində turistlərin azalacağını proqnozlaşdırırdı, bunu isə o qlobal böhranla bağlamışdı.

Bakı Dövlət Universiteti xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllimi Samir Babazadə isə hesab edir ki, indidən zyian-zərər haqda nəsə demək çətindir. Amma onun fikrincə: «Sözsüz ki, dövlətin viza siyasəti turizmə köməkdir. Nə qədər sadə viza rejimi olarsa, turistlərin gəliş-gedişi asan olur. Hər halda, zaman göstərər. Turizmə təsir edən amillərsə çoxdur. Nəqliyyat məsələsi var, daxili bazarda qiymət, servisin səviyyəsi var».

Bir daha Don Reyin təəssüratları…

Sonda. Bu qayda tətbiq olunmazdan öncə də Binə Hava limanında viza almaq asan deyildi. Hətta bir dəfə bu çətinliklə üzləşəndən sonra Azərbaycana gəlməyə tövbə deyənlər də vardı. Amerikalı jurnalist Don Rey kimi. O bir neçə ay əvvəl radiomuza demişdi ki, Bakı elə bir yerdir ki, xüsusi səbəb olmadan ora getmək istəyən çətin tapılar. İnanmıram ki, bura gələn təsadüfi turist ikinci dəfə gəlmək istəsin. Çoxu iş dalınca gedir.
XS
SM
MD
LG