Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:16

12 yaşlı uşaq prezidentliyə namizədliyini irəli sürüb


İranda 12 iyun prezident seçkilərində iştirak etmək üçün 475 nəfər namizədliyini irəli sürüb
İranda 12 iyun prezident seçkilərində iştirak etmək üçün 475 nəfər namizədliyini irəli sürüb
İranda 12 iyun prezident seçkilərində iştirak etmək üçün 475 nəfər namizədliyini irəli sürüb. Amma onların bəzilərinə «seçki klounları» deyənlər də var. Çünki nə siyasi təcrübələri var, nə də namizədliklərinin qeydə alınacağına ümid. Hər dəfə belə namizədlər ilkin qeydiyyatdan keçir, amma sonradan çıxdaş edilirlər. Amma buna qədər belələri «əsl ulduz populyarlığı» yaşayırlar.

12 yaşlı Kouroş Mozouni prezident seçiləcəyi halda İsraili Havay adalarına köçürməyi vəd edir. O deyib ki, Amerikanın Havay adalarını alacaq və İsrailə icarəyə verəcək. Məqsədi də odur ki, israillilər gedib orada yaşasınlar ki, Qəzzada günahsız uşaqları öldürməsinlər.

12 yaşlı namizəd onu da deyib ki, kompyuter oyunlarını qadağan edəcək və kişilərin maaşların o qədər artıracaq ki, onların həyat yoldaşlarının işləməsinə ehtiyac qalmasın, uşaqlarına daha çox vaxt ayırsınlar.

Mətbuat konfransında jurnalistlər 12 yaşlı Kouroşdan uranın zənginləşdirilməsinin mərhələlərindən biri olan və «sarı keks» adlanan anlayışın mənasını soruşublar.

O cavab verib ki, prezident uranın zənginləşdirilməsi haqda hər şeyi bilməli deyil, onun bilməli olduğu şey idarəçilik üsullarıdır. 12 yaşlı namizəd onu da əlavə edib ki, «hamının evində soyuducu var, amma siz onun bütün hissələri haqda bilirsinizmi? Bütün iranlılar inanır ki, nüvə enerjisi ölkənin halal haqqıdır, amma bu, o demək deyil ki, onlar nüvə proqramı haqda hər şeyi bilməlidirlər».

75 yaşlı bir namizəd isə vəd edib ki, prezident seçilsə, İranın hər bir şəhərində 4 otel tikəcək. İstəyi də odur ki, ölkə daxilində səyahət edənlər orada pulsuz qala bilsinlər.

Namizədliyini irəli sürmüş bir həkim isə öz çıxışında deyib ki, bir çox ölkələrə səfər edib, o cümlədən Britaniyaya. Və Britaniyada Eyfel qülləsini də görüb. Halbuki həmin qüllə Parisdədir.

Rəsmi mətbuatın ciddi saydığı namizədlər - Möhsün Rezai, Mahmud Əhmədinejad, Mehdi Karrubi, Hüseyn Musəvi
Amma namizədlərin böyük bir hissəsi ölkə üçün vacib məsələlərdən danışsalar da, ümumilikdə 500-ə yaxın namizədin yüzdən biri qeydiyyata alınsa böyük şeydir. Onlar İranın Mühafizələr Şurasının «süzgəcindən keçməlidir». Qeydiyyatdan keçənlərin yekun siyahısı mayın 20-i və 22-də elan ediləcək.

İranda qaydalar çox konkretdir. Yalnız 18 yaşı tamam olmuş İran vətəndaşları prezidentliyə namizəd kimi qeydiyyatdan keçə bilərlər. İran Konstitusiyasına görə, həmin namizəd «ölkənin dini və siyasi şəxsiyyətlərindən» olmalı, İran İslam Respublikasının və ölkənin rəsmi dininin prinsiplərinə inanmalıdır.

Tehrandan olan siyasi şərhçi Nemət Əhmədi düşünür ki, namizədlərin çoxluğu nə qədər qəribə səslənsə də, qeydiyyat qaydalarının sərtliyi ilə də bağlıdır. Onun sözlərinə görə, bəzi şəxslər prezidentliyə gedən yollarının bağlı olduqlarını bilirlər, amma heç olmasa ölkənin problemlərini həll etməyə imkan verən postu tuta bilməsələr də, həmin problemləri mediada qabartmaq imkanı qazanmaq istəyirlər. Onlar insan haqlarının pozulmasından, işsizlikdən, ev almağın çətinliyindən danışırlar.

Nemət Əhmədi: «Açığı, bu həm xalqın əzab və ümidlərinin ifadəsi, həm də hökumətin görmədiyi işlərin həyata keçməsi arzusunun ifadəsidir».

Məsələn, namizədlərdən biri qalstuk taxıb. Qalstuku 1979-cu ilin İslam inqilabından sonra tətbiq olunan sərt qanunlara etirazın bir forması sayanlar da var. Həmin namizəd bildirir ki, prezident seçiləcəyi halda söz və geyim azadlığı onun üçün prioritet olacaq.

Bir qadın namizədliyini irəli sürməyə gələrkən əlində İranda qadınlara qarşı ayrı-seçkilikdən bəhs edən kitab tutub.

Amma dövlət televiziyasında belə müstəqil düşüncəli insanların fikirlərinə çətin ki, ekstravaqant namizədlər qədər yer ayrıla.

Siyasi şərhçi Əhmədi deyir ki, Mühafizlər Şurası seçki klounlarının hoqqalarına ona görə göz yumur ki, sonda namizədlərin kütləvi şəkildə süzgəcdən keçirilməsinə haqq qazandırsın, o cümlədən müstəqil namizədlərin.

İranda media əsasən dövlətin nəzarətindədir və televiziya, mətbuat yalnız 4 namizədi «ciddi» hesab edir. Bunlardan ikisi mühafizəkarların düşərgəsini təmsil edir - hazırkı dövlət başçısı Mahmud Əhmədinejad və İnqilab Keşikçiləri Qvardiyasının keçmiş rəhbəri Möhsün Rezai. İslahatçılar düşərgəsi isə bu seçkidə keçmiş baş nazir Mir Hüseyn Musəvi və keçmiş spiker Mehdi Kurrabi ilə təmsil olunur.

Tanınmış müstəqil namizədlərdən keçmiş millət vəkili Əkbər Ələmi, universitet professoru Gasem Şoleh Sadini göstərmək olar. Onların qeydiyyatdan keçənlərin yekun siyahısına düşməsi mümkün ola bilər. Amma indi onlar medianın diqqətindən kənarda qalıblar.

Namizədlər arasında 40 nəfər qadın da var. Düzdür, Mühafizlər Şurası deyib ki, bu il qadınların namizədlikləri ilə bağlı qadağa olmayacaq, amma tarix göstərir ki, qadınlar heç vaxt namizədlərin yekun siyahısına düşə bilməyiblər.

Tehrandan olan jurnalist Abbas Safayifard deyir ki, müstəqil namizədlər dövlət mediası və siyasi partiyalardan dəstək almasalar da, onların seçkiyə təsiri danılmazdır:

«Səslərin arasında onların da səsi eşidilir və seçki prosesini daha demokratik edir».

Amma bir çox ekspertlər Mühafizlər Şurasını seçkilərin azad keçməsi qarşısında əsas maneə sayırlar. 2005-ci ildə - keçən prezident seçkilərində 1000 nəfər namizədliyini irəli sürmüşdü, amma onların yalnız 8-i yekun namizəd siyahısına düşə bilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG