Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:06

«Problemin kökündə qanunsuzluq və özbaşınalıq dayanır»


Vəkil İntiqam Əliyev
Vəkil İntiqam Əliyev
Azərbaycan polis tərəfindən saxlanılan şəxslərin vəkillə təmin olunmasında ciddi problemlər var. Xüsusən də kütləvi aksiyalar zamanı saxlanılan şəxslərin hüquqları pozulur. Elə mayın 10-da «Gül bayramı»nın keçirilməsinə etiraz edən şəxslərin saxlanılıb polis bölmələrinə aparılması zamanı da onların vəkillə təmin edilməsinə imkan verməmişdi. Bəs bütün bunlar qanunla tənzimlənirmi? «Azadlıq» radiosunun suallarına vəkil İntiqam Əliyev cavab verir.

-Polisin saxladığı istənilən şəxsin vəkillə təmin olunmaması nə deməkdir?

-Bu həm Azərbaycan qanunvericiliyinin, həm də ölkənin qoşulduğu beynəlxalq müqavilələr, ilk növbədə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinin kobud pozulmasıdır. Həmin maddədə qeyd olunur ki, hər hansı şəxs saxlanılan andan vəkillə təmin edilməlidir. Bu haqqın nəzərdə tutulması ona xidmət edir ki, insan tutulan anda ona münasibətdə qanunların normaları, vətəndaşın haqları təmin edilsin. Təəssüf ki, Azərbaycanda bu norma kütləvi şəkildə pozulur. Mənim yadıma gəlmir ki, kimisə tutanda ona dərhal vəkil təklif olunsun və ya vəkillə təmin olunmaq haqqı ona izah edilsin.

Bu səbəbdən də «Gül bayramı»na etiraz edən gənclərin də vəkillə təmin olunmaq haqqı pozulub. Əgər saxlanılan şəxsin vəkillə təminat haqqı pozulubsa bu artıq həbsin qanuniliyini mübahisələndirmək üçün çox ciddi əsaslar verir. Təəssüf ki, Azərbaycanda tutulma və həbslə bağlı normal məhkəmələr keçrilmədiyindən bu işlər aydınlaşdırılmır. Bu baxımdan da bu mübahisələrin Avropa İnsan Haqları Məhkəməsinə çıxarılması perspektivi çox böyükdür. Artıq xeyli sayda belə işlər Avropa İnsan haqları Məhkəməsinə göndərilib.

-İntiqam bəy, polislər bu qaydaları bilmirlər, yoxsa istəmirlər saxladıqları şəxsə onun hüquqlarını izah eləsinlər?

-Əslinə qalsa bilməyən polislər də var, bilib qaydalara əməl eləməyənlər də. Amma polis, prokurorluq işçiləri üçün keçirilən təlimlərdə aydın olur ki, onların əksəriyyəti vətəndaşların bu hüquqlarından xəbərdardırlar. Əgər ölkənin prezidenti bütün dünyaya bəyan edirsə ki, onun göstərişi ilə mitinqlərdə vətəndaşlara qarşı zorakılıq edən polislər cəzalandırılmayıb, bu digər vəzifəli şəxslər qarşısında da qanunu pozmaq baxımından yaşıl işıq yandırır. Düşünürəm ki, problemin kökündə polislərin məlumatsızlığı yox, qanunsuzluq və özbaşınalıq dayanır.

Polislər bəzən adamları saxlayıb bölmələrə aparırlar və bir-iki saatdan sonra onları sərbəst buraxırlar. Amma hesab edirlər ki, bunla onlar hər hansı qanun pozuntusuna yol verməyiblər. Ancaq beynəlxalq müqavilələr kontekstindən yanaşanda burda çox ciddi qanun pozuntuları var. Əgər insanlar yoxsul yaşayırsa, müəllim və həkimlərin maaşları çox azdırsa milyonlarla manat pulun «Gül bayramı»na xərclənməsinə etirazlara təbii baxmaq lazımdır…
XS
SM
MD
LG