Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:33

Azərbaycanın sevgi himnini kim yazdı?


Rauf Hacıyev
Rauf Hacıyev
70-ci illərin ortalarıydı. Türk mahnılarının Bakıda təzəcə yayıldığı, sevildiyi dönəmlərdi. Moskvada oxuyan dostum yay tətilində Bakıya gələndə türk müğənnisi Ayla Alqanın Moskvada çıxmış bir kiçik valını mənə hədiyyə gətirdi. Vala (plastinkaya) əlavə edilən annotasiyadakı sözlər indi də xatirimdədir: Türk mahnılarının yüzdə 99-u sevgidəndir! Ayla Alqanın oxuduqlarının isə yüzdə yüzü - Ruslar türkləri belə tanıdırdılar.

Türkiyə türklərini deyə bilmərəm, biz Azərbaycan türklərinin mahnıları gerçəkdən belədir. Xalq mahnılarımıza baxın, bəstəkar mahnılarımızı araşdırın, nə görəcəksiniz? Siz heç ən yaxşı sevgi mahnısı müsabiqəsinin keçirildiyini eşitmisinizmi? Mən eşitməmişəm! Səbəbi sadədir: bütün mahnılarımız onsuz da sevgidəndir! (məgər bizim vətənsevər mahnılara ehtiyacımız yoxdur?)

Ən gözəl sevgi mahnılarını 60-cılar yaratdı!

Bu bəlkə də ölkədə gedən ilıqlaşmayla bağlıydı. Bəlkə də Üzeyir bəyin tələbələrinin kamilləşmə dövrüydü. Bəlkə də mən səhv eləyirəm. Ancaq fakt budur ki, dediyim illərdə bir-birinin ardınca möhtəşəm mahnılar yaranmağa başladı. Fikrət Əmirov («Reyhan»), Səid Rüstəmov («Getmə-getmə», «Ay qız»), Tofiq Quliyev («Sənə də qalmaz», «Yar gəlir görüşə»), Cahangir Cahangirov («Durnalar») , Ələkbər Tağıyev («Sənə qurban», «Sənsən») və s. bəstəkarlar 50-ci illərdə yazmağa məcbur olduqları partiya-sovet mövzusundan qismən qurtuldular və üzlərini əbədi mövzuya - sevgi şərqilərinə çevirdilər… Bax, ən gözəl mahnılar onda yarandı. Sonra bu estafet 70-cilərə ötürüldü…

Ölkənin sevgi himnini yazacaq bəstəkar Zərdabinin nəvəsiydi!


Mən qəsdən yuxarıda sadaladığım bəstəkarların içində onun adını tutmadım. O, ayların ən gözəlinin düz ortasında (mayın 15-də), şəhərlərin ən gözəlinin düz mərkəzində (Bakıda), əsrin ən qəmli onilliyinin 2-ci ilində (1922) doğulmuşdu. Rauf Hacıyevi deyirəm…

Tale onun üzünə o hələ doğulmamışdan gülmüşdü. O böyük Zərdabinin nəvəsiydi. Yox, o Məlikov deyildi. Anası Nanə xanım Həsən bəyin övladlığa götürdüyü uşaqlardan biriydi (xatırlayırsınızmı həmin 10 uşağı?). Nanə xanım 3 yaşından Həsən bəyin qızı Qərib Soltanla bir yerdə böyümüşdü. Hənifə xanım ona təhsil vermiş, böyütmüş, gəlin köçürmüşdü. Taleyin işinə bax ki, Qərib Soltan xanım heç vaxt ailə qurmadığından, anasının ölümündən sonra Nanə xanımgildə yaşamışdı. Demək, balaca Raufun ilk müəllimi evin içində idi. Ancaq Rauf, dediyim kimi, xoşbəxt ulduz altında doğulduğundan, sonrakı müəllimlər sarıdan da bəxti gətirir…

O, Üzeyir bəyin tələbəsi olur

Bu böyük xoşbəxtlik idi. Ondan əvvəlki şöhrətli müəllimini də yada salaq: Kövkəb xanım Səfərəliyeva. Fortepiano üçün yazdığı pyeslərini dinləyib bəyənən Üzeyir bəy onunla xüsusi məşğul olmağa başlayır. Və böyük sənətə gedən yol beləcə başlayır…

Görkəmli bəstəkar Fikrət Əmirov «Musiqi aləmində» kitabında 40-cı illər Bakısının sənət həyatından söz açarkən, Rauf Hacıyevin də adını çəkir və maestro Niyazinin evində keçirdikləri bitməz-tükənməz yaradıcılıq axtarışlarını xatırlayır…

Qəribədir, bir yandan savaş, aclıq, repressiyalar, ölüm-itim, bir yandan da yasaqlar, dünyadan təklənmək, sərt rejim bu nəslin yaradıcılıq yanğısını söndürə bilməyib. Düzdür, onlar partiyaya, kommunizmə həsr olunmuş əsərlər də yazıblar. Ancaq «xalqlar həbsxanasında» dünyanı heyrətləndirəcək əsərlərə də imza atıblar! Və nə yaxşı ki, ruhdan düşməyiblər, yaradıcılıqdan uzaqlaşmayıblar. Onlarsız, görün musiqi tariximizdə necə boşluq yaranardı!

O nələr yaratdı?

Simfoniyalar, baletlər, oratoriyalar, kantatalar, estrada miniatürləri, operettalar, mahnılar... Yazdığı 6 operettadan 4-ü Moskva Operetta Teatrında tamaşaya qoyuldu. Tamaşalara və kino-filmlərə («Əhməd haradadır», «Bir qalanın sirri» və s.) yazdığı musiqi dillər əzbəri oldu. Hələ mahnıları... 150-dən çox mahnı bəstələdi. Təkcə birini xatırlatmaq yetər:

«Sevgilim»


Şair Ənvər Əlibəylinin sözlərinə yazdığı bu mahnı onun adını musiqi tarixinə yazmağa yetərdi. Bir baxın, üstündən yarım əsrədək vaxt keçib, ancaq o mahnı getdikcə daha çox sevilir. O hətta Azərbaycanın sevgi himninə çevrilib! Toylarımızda bəylə-gəlinin «Sevgilim» mahnısının sədaları altında necə süzdüyünün hamımız şahidiyik...

Rauf Hacıyev uzun illər müxtəlif vəzifələrdə çalışıb. Filarmoniyanın direktoru olub, hətta mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi dönəmdə Dövlət xor kapellasını, Mahnı teatrını, Dövlət rəqs ansamblını, hətta dünyada 1-ci Xalçaçılıq muzeyini yaradıb. O, həm də zamanının ən yüksək adını almışdı: SSRİ xalq artisti idi.

Müasirlərinin dediyinə görə, Rauf Hacıyev çox şən, ünsiyyətcil, ziyalı adam olub. Həsən bəy Zərdabinin nəvəsi başqa necə ola bilərdi ki? Tale Həsən bəyin qan-bir nəvəsinə öz ölkəsində yaşamaq şansı vermədi. Ancaq o böyük Əkinçinin XIX əsrdən bu yana bizlərdə görmək istədiyi özəllikləri onun mənəvi nəvəsinin simasında gerçəkləşdirdi: dünyaya açıq olmaq, dünyayla bütünləşmək, çağdaşlıq, ziyalılıq və s.

Mayın 15-də - böyük bəstəkarımızın növbəti doğum günündə onu yazdığı sevgi himninin sədaları altında anaq («Sevgilim» mahnısı audiolinkdə).
XS
SM
MD
LG