Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

«O vaxtkı müxalifətin artıq iqtidar olmaq şansı yoxdur»


Ayaz Mütəllibov
«Müxalifətin hamısı artıq anlayıb ki, problemlərin həlli üçün şəxsi ambisiyaları kənara qoymaq lazımdır. Azərbaycana şəxsi ambisiyalar yox, siyasi sabitlik lazımdır. Bunu həm özləri anlayıb, həm də sonrakı hadisələr onlara anladıb».

Bu, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun fikirləridir.

1992-ci il mart ayının 5-də prezident Ayaz Mütəllibov istefa verdi. Siyasi müstəvinin demokratik düşərgə adlanan qütbü buna səbəb kimi həmin ilin fevralında Xocalıda törədilmiş faciəni göstərirdi. Müxalifətin fikrincə, prezident Ayaz Mütəllibov Xocalının müdafiəsini təşkil edə bilməmiş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, minlərlə insan əsir düşmüşdü. May ayının 14-də isə parlamentdə bu məsələni araşdıran komissiya Xocalı hadisəsində Mütəllibovun günahının olmadığını bəyan etdi. Beləliklə, həmin gün Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtdı. Ancaq bir gün sonra - mayın 15-də Azərbaycan Xalq Cəbhəsi yenidən onu hakimiyyətdən saldı.

Aradan 17 il keçir. Azərbaycandakı siyasi vəziyyəti təhlil edən Mütəllibov deyir ki, o vaxt müxalifət onun əl-ələ verib işləmək təklifini qəbul etmək əvəzinə, bunu qətiyyətsizlik kimi dəyərləndirib ona hücum etdi. Nəticə isə göz qabağınadır.

Azərbaycanın birinci prezidentinin fikrincə, o vaxtkı müxalifətin indi artıq iqtidar olmaq şansı yoxdur:

«Buna səbəb nüfuzdan düşməkdir. Zarafat deyil, 17-18 ildir eyni sözləri deyirik. Bu vaxta qədər də ən mühüm məsələmizi həll edə bilməmişik. Bunun təqsiri tək Ayaz Mütəllibovun yox, hamının boynuna düşür. İndi hamısı heyfslənir. Əgər o vaxt məni eşitsəydilər, bəlkə də o zamankı müxalifət indi iqtidarda idi».

Ayaz Mütəllibov hazırda Azərbaycanda siyasi sabitliyin hökm sürdüyünü deyir və əlavə edir ki, demokratiya sahəsində görüləsi işlər az deyil.

O vaxt Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri İsa Qəmbər isə deyir ki, əgər Ayaz Mütəllibov 17 il əvvəlki hadisələri obyektiv təhlil etsə, müxalifətin yox, özünün səhvləri barədə düşünərdi. Məhz A.Mütəllibovun hakimiyyətdən getməsi Azərbaycanda milli demokratik qüvvələrin hakimiyyətə gəlməsinə imkan yaratdı. Üstəlik, Dağlıq Qarabağ uğrunda döyüşlərdə də həlledici addımlar atıldı. İndi ölkədə yaranmış ağır vəziyyət isə 1993-cü ildə Azərbaycanın maraqlarına zidd mövqe tutan qüvvələrin, daxildə və xaricdə birləşərək hərbi qiyama əl atmaları nəticəsində formalaşıb. İ.Qəmbərin fikrincə, həmin qiyamda Ayaz Mütəllibovun hazırda yaşadığı ölkə - Rusiya da iştirak edib.

İsa Qəmbər müxalifətin nüfuzdan düşməsi, zəif olması barədə fikirlərlə də razılaşmır. Deyir ki, ölkədə normal seçki keçirilsə, müxalifətin iqtidar olmasını heç kim əngəlləyə bilməz:

«Müxalifətin zəif olması barədə əfsanələri biz Ayaz Mütəllibovun zamanında da eşidirdik. Ancaq qısa bir zamanda vəziyyət dəyişdi və demokratik qüvvələr hakimiyyətə gəldi. Və mən də tam əsasla deyirəm ki, Ayaz Mütəllibov o zaman xalq hərəkatının liderlərinin məsləhətlərini dinləsəydi, Azərbaycan öz problemlərini tamam başqa bir ssenari ilə həll edər, inkişaf edərdi. Və ola bilərdi ki, Mütəllibov öz prezidentlik müddətini layiqincə başa vurub bu gün hörmətli bir şəkildə ölkədə yaşaya bilərdi».

Həmin vaxt Ayaz Mütəllibovun komandasında işləyən müstəqil politoloq Rasim Musabəyov da o dövrdə vəziyyətin çətin olması fikrilə razılaşır. Ancaq hesab etmir ki, 1992-ci ildə müxalifət prezidentlə əl-ələ verib işləsəydi, vəziyyət başqa cür olardı. Onun sözlərinə görə, bu, bir fərziyyədir. Özü də əsassız fərziyyə. Həmin vaxt əsas məsələ Ayaz Mütəllibovun vəziyyəti nə dərəcədə nəzarətdə saxlamasından asılı idi. O ki, qaldı müxalifətin artıq iqtidar ola bilməyəcəyi fikrinə:

«Bu müxalifət bacarmaz, Sosial Demokrat Partiyasının lideridir, zəhmət çəkər, gəlib özü müxalifətçilik edər. Düşünmürəm ki, indi vəziyyətin o dediyi kimi yox, ayrı cür olmasının məsuliyyətini o öz üzərindən tamamilə kənara atsın. Onun payına düşən məsuliyyətin bir qismini də mən öz boynuma götürməyə hazıram, çünki həmin dövrdə mən onun komandasında çalışırdım».

Bununla belə, politoloq deyir ki, müxalifətçiliyi konkret şəxlərə bağlayıb durmaq düz deyil. Bu müxalifət nəsə edə bilmirsə, zaman gələcək, xalqı öz məqsədi ətrafında birləşdirə bilən başqa müxalifət ortaya çıxacaq.
XS
SM
MD
LG