Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

«Rəcəb bəyin pafosu»


«Rəcəb Təyyub Ərdoğan gerçəkdən gözəl natiqdir. Siyasətçi kimi də onun bacarığına şübhə yoxdur»
«Rəcəb Təyyub Ərdoğan gerçəkdən gözəl natiqdir. Siyasətçi kimi də onun bacarığına şübhə yoxdur»
«Azadlıq»: «Heç nə anlamadıq. Sinəsi dolu, yaxşı natiq, ermənilərlə danışıqlara cəsarət edəcək dərəcədə cəsur olan Ərdoğanı bu qədər sözsüz təsəvvür edə bilməzdim.

Nə üçündür bu səfər? Könül almaqdır, könül yıxmaqdır?

Anlamaq olmur, biz nə qədər bir-birimizə qardaşlıq sevgisindən danışacağıq? Biz bunu etdik, siz bunu etdiniz və s. Məgər bu qardaşlıq şübhə doğurur?

Bu nə qardaşlıqdır ki, qardaşlar bir-birini ona inandırmaq üçün nitqlər söyləyir?!» Şahvələd Çobanoğlu «Rəcəb bəyin pafosu» sərlövhəli köşə yazısında belə iddia edir.

«Rəcəb Təyyub Ərdoğan gerçəkdən gözəl natiqdir. Siyasətçi kimi də onun bacarığına şübhə yoxdur. Təbii ki, demokratik seçki olan ölkələrdə bir gün gələn siyasətçi bir gün də çıxıb gedər. O da bir gün gedəcək. Amma hazırda Türkiyənin qoca partiyaları, sağı-solu birləşib, onunla bacarmırlar…

Rəcəb bəy dedi ki, fitnəyə-fəsada yer olmamalıdır. Bəs kimdir fitnə-fəsadı törədən? Kimdir axı, Rəcəb bəy? Son hadisələrdə yalnız iki tərəf vardı: ermənilərlə danışıqlar aparan Ərdoğan, buna demarş edən İlham Əliyev. Bəlkə sizə bir torba torpaq gətirən deputatları deyirsiniz? Bəlkə Azərbaycana üç deputatlarını yollayan Baxçalı, Baykal? Axı kim? Can qardaşlarınıza nə baş verdiyini nədən demirsiniz?

Onsuz da can qardaşlarınız özləri can hayındadır. Bəlkə dünyada hər bir siyasətçinin həsəd aparacağı hörmət və nüfuza sahib olan Vatslav Havelə bir qulaq asaydınız, siyasətdən getdikdən sonra da sözü sayılan keçmiş Çexiya prezidentinin nə dediyi üzərində düşünəydiniz? Eyni gündə Havel demişdi ki, Azərbaycanda insan haqlarının durumu çox acıdır, çox ağrıdır. Bəs siz nə deyirsiniz? Bu durumla bizim xalq güclənib öz hədəflərinə çata bilərmi?
Susursunuz…»

«Yeni Azərbaycan»: «Türkiyə həmişə Azərbaycanı müdafiə edib, Azərbaycanla bir olub, bundan sonra da «bir millət, iki dövlət» məntiqindən və fəlsəfəsindən çıxış edərək həmişə bir olacaq»

Hakim YAP-ın icra katibi Əli Əhmədov belə deyib:

O qeyd edib ki, həssas bir dönəmdə Türkiyə Baş nazirinin Milli Məclisdə çıxışı bu fəlsəfəyə və məntiqə uyğundur. Əli Əhmədov qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışı son vaxtlar Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağına dair yayılan söz-söhbətlərə tam aydınlıq gətirdi: «Biz Türkiyənin Baş nazirinin dilindən Dağlıq Qarabağ problemi öz həllini tapmayınca, Ermənistanla münasibətlərin normallaşa bilməməsi haqqında bəyanatı eşitdik. Hesab edirəm ki, bu kifayət qədər yüksək səviyyədə və böyük məsuliyyətlə səsləndirilmiş bəyanatdır. Biz buna inanırıq».

«Yeni Müsavat»: «Amerikalı vasitəçi Metyu Brayzaya görə, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində mövqeyi yumşalıb. O dərəcədə yumşalıb ki, guya ölkə başçısı İlham Əliyev Dağlıq Qarabağdakı rejimi daha «cinayətkar» adlandırmır, bölgə ermənilərinin öz müqəddəratını təyinetmə haqqından danışır, separatçı regionla Ermənistan arasında dəhlizin mümkünlüyünü deyir və s. Diplomatın nəzərincə, bütün bunlar İ.Əliyevin öz xalqını «çətin kompromislərə hazırladığının» əlamətləridir». Zahid Səfəroğlu «Bizi aldadırlar, yoxsa biz aldanırıq» başlıqlı məqaləsində belə yazır.

«Bu, əlbəttə ki, məsələnin həllinə ABŞ-ın rəsmi baxışıdır. Guya bu mövqedə həm ermənilərin, həm də Azərbaycanın maraqları nəzərə alınıb. Amma diqqət edildisə, amerikalı diplomat prinsiplərin başında müqəddəratı təyinetmə haqqını qoyub. Təsadüfi sıralama?

Bizcə, yox. Bu, Azərbaycan üçün düşünülmüş tələdir. Çünki həmin 3 prinsip əsas götürülsə, ərazi bütövlüyümüz yalnız Dağlıq Qarabağda referendum gününədək gözləniləcək. Ondan sonra Azərbaycan Respublikası ərazisində daha bir müstəqil dövlətin rəsmən yaranmasının şahidi olacağıq. Yəni konflikt əslində 3 yox, 2 prinsip əsasında həllini tapmış olacaq.

Kəsəsi, Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə haqqı tanımaq elə qondarma «DQR»-i tanımağa bərabərdir; münaqişə tərəflərinin 2 yox, 3 olduğunu qəbul etməkdir…»

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG