Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

Gül bayramına xərclənən pullar niyə açıqlanmır?


Rəsmi şəkildə bildirilib ki, Gül bayramına 81 ölkədən 1 milyon 500 min ədəd gül gətirilib
Rəsmi şəkildə bildirilib ki, Gül bayramına 81 ölkədən 1 milyon 500 min ədəd gül gətirilib
«Nə fərqi var Gül bayramına nə qədər pul xərclənib. Bunun nə böyük əhəmiyyəti var».
Bu fikirləri Gül bayramına nə qədər vəsait ayrıldığını öyrənmək istəyən «Azadlıq» radiosunun müxbirinə Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova belə deyib:

«Mətbuat elə hər şeyi bilməlidir. Tutaq ki küçədə asfalt döşənir onu da bilməlisiniz. Ancaq maliyyə, sonra da onu o tərəf, bu tərəfə yozasınız. Bu barədə məndə məlumat yoxdur, olsaydı deyərdim. Amma maliyyə məsələlərini siz məndən yaxşı bilirsiniz. Maliyyə məsələsi xüsusi siyahıdadır. İndi nə lazımdır deyirlər, nə lazımdır demirlər. Bizə çatdırmırlar o məsələni».

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılsa hesab edir ki, Gül bayramı geniş dövlət tədbiri olduğundan ona ayrılan vəsaitlər ictimaiyyətə, mətbuata açıqlanmalıdır:

«Özü də ayrı-ayrılıqda qeyd olunmalıdır ki, 81 ölkədən gətirilən 1 milyon 500 min ədəd gülün alınmasına, atəşfəşanlığa və bayramın keçirilməsinə nə qədər pul xərcləndiyi göstərilməlidir».

Rəsmi dövlət agentliyi AzərTAc mayın 10-da 81 ölkədən 1 milyon 500 min ədəd gül gətirildiyini xəbər versə də, həmin güllərə nə qədər vəsait xərcləndiyi barədə bir şey yazmayıb.

Yerli KİV-lərdə isə builki Gül bayramına 15-20 milyon manat pul xərcləndiyini yazırlar. Deputat Gülər Əhmədova da Milli Məclisdəki çıxışında 15 milyon manatdan söz açıb:

«Bu vəsait konkret olaraq Bakı şəhərində çox böyük parkın salınmasına sərf edilsin və biz də iştirak edək. Mənə elə gəlir ki, 15 milyon vəsaitə doğurdan da ulu öndərin adına layiq çox gözəl bir park salmaq olar. Bu da illər üzünü həm xalqımıza, həm də dövlətçiliyimizə xidmət edər. Amma bir günlük güllərə görə bu boyda vəsaiti xərcləmək məncə mənasız bir şeydir».

Ötən il müstəqil ekspertlər Gül bayramına xərclənən vəsaitlə bağlı məlumat açıqlamışdılar və həmin məlumatlarda bayrama 7 milyon manat pul xərcləndiyi bildirilirdi. Builki bayramla bağlı isə mətbuatda yazılır ki, 15-20 milyon manat pul xərclənib. Amma bunu Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov qəti şəkildə təkzib edib:

«Qəzetlər bir-iki gündür yazırlar 20 milyon, 30 milyon, bunlar hamısı boş şeylərdir. 20 milyona bir mikrorayon salmaq olar. Siz fikirləşin görün 20 milyon nə deməkdir. 20 milyon manata 2 milyon mərmərdən park salmaq olar».

Zöhrab İsmayıla görə, Zaur Ramazanovdan fərqli olaraq o Gül bayramına bu qədər vəsaitin xərclənməsinə inanır:

«Hökumət bir keçidin tikilməsinə 77, 1 km. yolun çəkilişinə 22 milyon, bir inzibati binanın fasadının təmirinə 11-12 milyon manat pul ayırırsa Gül bayramına da 15-20 milyon manat ayrılması inandırıcıdır».

Zöhrab İsmayıla görə bu məsələdə korrupsiya halları olmamış deyil. Onun sözlərinə görə, gül biznesindən qazananlar əslində bayramı və ya kiminsə ad gününü yox, daha çox öz mənfəətlərini düşünüblər. Bu səbəbdən də Zöhrab İsmayıl düşünür ki, gələn il yəqin ki, həmin şəxslər 156 ölkədən gül gətirmək təşəbbüsünü irəli sürəcəklər.

Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG