Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Ərdoğan Əliyevlə nədən danışacaq?


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Vatikanda, 8 aprel 2005
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Vatikanda, 8 aprel 2005
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayır. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma siyasətinə görə iki ölkə arasında münasibətlərin soyuduğu, bəzi incikliklərin olduğu deyilir. Baş nazirin səfəri münasibətləri yumşalda, inciklikləri aradan qaldıra, bəzi suallara aydınlıq gətirə bilərmi?

Bu sualları «XXI əsr» Türkiyə İnstitutunun direktoru, professor Umid Özdağa verdik.

- Mən bu səfər üçün düzgün bir vaxtın seçildiyini düşünürəm. İki liderin baş-başa danışması, bəlkə başqa şərtlərdə söylənilə və açıqlana bilməyəcək. Hər kəslə paylaşıla bilməyəcək məlumatların sayın Ərdoğanla sayın Əliyev arasında müzakirə edilməsi Türkiyə-Azərbaycan münasibətlərində son zaman ortaya çıxan tutqun ab-havanın aradan qalxmasına səbəb ola bilər. Diləyimiz budur.

- Ümid bəy, dediniz ki, ictimaiyyət qarşısında söylənə bilməyəcək məsələlər var. Bu məsələlər Qarabağ münaqişəsi və ya Türkiyə-Ermənistan sərhədinin açılmasıyla bağlıdırmı?

- Təbii, «söylənilə bilməyəcək şeylər» deyəndə mövzunun detallarını ictimaiyyətin tam bilmədiyini, eləcə də bizim bilmədiyimizi düşünürəm. Ona görə müzakirələrin bu və ya başqa mövzuyla bağlı olduğunu deyə bilmərəm. Sanıram ki, bu səfər ən yüksək səviyyədə iki dövlət arasındakı məlumatların bölüşdürülməsi, bundan sonrakı müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin koordinasiya edilə bilməsi baxımdan faydalı olar.

- Ümid bəy, son zamanlar Türkiyənin Cənubi Qafqazdakı siyasətində dəyişikliklər müşahidə edirsinizmi? Siyasi kurs dəyişirsə, bunun mahiyyəti nədir?

- Xeyr. Türkiyənin Azərbaycan siyasətinin də, Qafqaz siyasətinin də dəyişməsinə gərək yoxdur. Düzdü, bəlkə Ermənistanla başladılan münasibətlərdə AKP hökuməti bir az ehtiyatsız davrandı. Və bu ehtiyatsız davranışa görə, həm Azərbaycan, həm Türkiyə ictimaiyyətindən ağır təpki aldı. Bu təpkidən sonra isə iki ölkə arasında vəziyyətin düzəldilməsi üçün yeni yanaşma dönəmi başlayır. Mən Ərdoğanın Bakı ziyarətinin də bu çərçivədə olacağını düşünürəm.

- Ərdoğan gəlir və Milli Məclisdə fövqəladə iclas keçiriləcək. Bilirsiniz ki, Azərbaycan parlamentində Türkiyə-Ermənistan sərhədinin açılmasına etiraz edənlər var, hətta onlar Türkiyəyə gedərək rəsmilərlə görüşmüşdülər. Ərdoğan da onlara «aranı qarşıdrmayın» deyə bir mesaj yollamışdı. Sizcə, parlamentdəki çıxışın arxasında nə durur? Azərbaycan cəmiyyətinin könlünü almaq, yoxsa müəyyən mesajlar vermək üçün bu bir fürsətdir?

- Mən hər iki məqsədin də gerçəkləşə biləcəyini düşünürəm. Əks halda, Azərbaycana gəlib sadəcə, «biz qapını açacağıq» deməyin mənası yoxdur. Bəlkə bu Azərbaycanda daha böyük təpkilərə səbəb olur. Bundan başqa, Türkiyənin nələr etmək istədiyi və bunu necə etmək istədiyi, Azərbaycanla bunu birgə necə geçəkləşdirmək istədiyini müzakirə edəcəklərini də düşünürəm.

- Ərdoğan Azərbaycanda Qarabağ danışıqları ilə bağlı da mesajlar verə bilərmi?

- İnanıram ki, Ərdoğan bu məsələni gündəmə gətirəcək. Qarabağ məsələsi həll edilmədən Türkiyə ilə Ermənistan arasında münasibətlərdə irəliləyiş olmayacağını Milli Məclisdə bir daha bəyan edəcəyini düşünürəm.

- Son zamanlar Türkiyə və Azərbaycan mətbuatı iki ölkə arasındakı münasibətlərdən çox yazır. Məsələn, Azərbaycan prezidentinin Türkiyəyə deyil, Rusiyaya səfər etməsi, türk məscidinin Bakıda təmirə bağlanması, qazın qiymətinə yenidən baxılmasından və sairə. Sizcə, son zamanlar müzakirəyə səbəb olan bu hadisələr xırda məsələlərdir, yoxsa, iki ölkə başçısının söhbətində ciddi söhbət mövzusu olacaq?

- Türkiyə hökumətinin atdığı addımı biz burda çox təftiş etdik və bunda haqlı olduğumuzu düşünürük. Azərbaycan da buna təpki verməkdə haqlıdır. Amma bir şey nəzərdən qaçırılmamalıdır, ortada bir millət var. Son hadisələr qardaşlar arasında anlaşılmazlıqdır. Qardaşlar arasında anlaşılmazlıq varsa, qonşu evdən kömək istənməməlidir. Qardaşlar öz arasında bu məsələni həll edə bilməlidirlər. Azərbaycana bu mövzuda ən az yardım edəcək ölkə Rusiyadır, çünki Ermənistanın, işğalçı qüvvənin arxasında duran Rusiya olub, rus ordusu olub. İnşallah Ərdoğanın bu səfər bu cür problemlərin həll edilməsinə yardım edər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG