Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 11:06

Neft Daşlarındakı məscid tamamilə söküldü


Neft Daşlarındakı məscid
Neft Daşlarındakı məscid
Mayın 12-si səhər Neft Daşlarındakı məscidin sökülməsi davam etdirilib. Neft Daşlarından adlarının çəkilməsini istəməyən işçilərin deməsinə görə, 3 ay əvvəl istifadəyə verilən bu məsciddə artıq daş-daş üstündə qalmayıb:

«Minarəni sökəndə çox çətinlik çəkdilər. Düz 3 dəfə minarəyə tros keçirtdilər, çəkib yıxmaq istəyirdilər. Hər üçündə də tros qırıldı. Nəhayət traktorların, buldozerlərin köməyi ilə istədiklərinə çatdılar…»

Şahidlər deyirlər ki, məscidin inşasında əksər fəhlələr könüllü olaraq, təmənnasız işləyiblər. İndi elə həmin fəhlələr ürək ağrısı ilə inşa etdikləri məscidi sökməli olublar:

«Biz bilmirik ki, bu göstərişi kim verib. Məscidin sökülməsi Neft Daşlarında hamımıza pis təsir edib. Bilmirik nə edək? Bu məscid Azərbaycanda dənizin ortasında yeganə məscid idi. Məscidin inşasından sonra Neft Daşlarında ibadət edən insanların sayı artmışdı…»

Azərbaycan Dövlət Neft Şirkətində isə məscidin sökülməsini Neft Daşlarının yaranmasının 60 illik yubileyinə hazırlıqla izah edirlər. Bu ilin noyabr ayında Neft Daşlarında ilk quyunun qazılmasının 60 ili tamam olacaq. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyir ki, bu yubileylə bağlı orada bir çox infrastrukturların bərpası nəzərdə tutulur:

«Əvvəla oradakı bütün obyektləri ümumi memarlıq-arxitektura stilinə uyğunlaşdırmaq lazımdır. İkincisi də o məscid inşa edildikdən az sonra məlum oldu ki, onun altındakı torpaq gildən ibarətdir. Dəniz suyu bu gili yuya bilər».

Nizaməddin Quliyev deyir ki, yaxın vaxtlarda Neft Daşlarında həmin məscidin əvəzində yeni bir məscid inşa edilməlidir.

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, əgər bir məscid inşa edilirsə əvvəlcə ərazinin texniki göstəriciləri yüz ölçülüb, bir biçilməlidir. Üstəlik bir məscidin sökülməsi zamanı da islamın qaydaları gözlənilməli və bundan ötrü də dini qurumlarla məsləhətləşmə aparılmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə bildirir ki, Neft Daşlarındakı məscid sökülməzdən əvvəl onlar heç xəbərdar belə edilməyiblər:
«Nə tikəndə bizimlə razılaşdırırlar, nə də sökəndə. Belə hallar olur».

Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli isə deyir ki, artıq bəzi məmurlar Azərbaycanı sovet dövrünə qaytarmaq istəyirlər. Hacı Şahin Həsənlinin fikrincə Neft Daşlarındakı məscidin sökülməsi həmin məmurların İslamın güclənməsindən narahat olmağa başladığının göstəricisidir:

«Görünür bəzi məmurlar dinə təhlükə kimi baxırlar. İnsanlara vicdan azadlığı verilməlidir. Təzyiqlərlə heç nəyə nail olmaq mümkün deyil».

Hacı Şahin Həsənli düşünür ki, məscidlərin uçurdulması, din adamlarının təqib edilməsi əksinə radikalizmin daha da güclənməsinə gətirib çıxara bilər.

Ötən ay Bakının Yasamal rayonunda bir məscid sökülmüşdü. Həmin günlərdə Şəhidlər Xiyabanındakı Türk Camisinin də fəaliyyəti təmir adı ilə dayandırıldı. Ötən il isə Bakıda «Əbu-Bəkr» məscidinin fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG