Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:29

Türkiyədə yaşayan Azərbaycan türklərinin qurultayı necə keçdi?


Camal Məmmədxanoğlu
Camal Məmmədxanoğlu
Aprelin 23-24-də İzmirdə Türkiyədə yaşayan Azərbaycanlıların 1 Qurultayı keçirildi. Qurultayın təşəbbüsçüsü və Təşkilat Komitəsinin sədri «CanAz TV»nin rəhbəri, İzmir Azərbaycan Kültür Mərkəzi Dərnəyi başqanı Camal Məmmədxanoğlu ilə söhbətimiz bu barədədir.

–Camal bəy, haqqında aylardır söz edilən qurultay axır ki, baş tutdu. Təbriklərimizi qəbul edin. Necə keçdi qurultay?

- Qurultaya qatılanların sözü ilə desək, möhtəşəm! Bizim düşündüyümüzdən, xəyal etdiyimizdən də 50 faiz gözəl keçdi.

İSTƏYİMİZƏ ÇATDIQ

-- Kimlər qatıldı, kimlər qatıla bilmədi?


--Türkiyənin hər tərəfində yaşayan və Türkiyə türklərinin birliyini istəyən dostlarımızın böyük hissəsi qatıldı. Təbii ki, qatıla bilməyənlər də oldu. Azərbaycandan 35-40 nəfər təşrif buyurdu. Dilçi alim professor Firudin Cəlilov, millət vəkillərimizdən Fərəc Quliyev, əski millət vəkilimiz Baba Tağıyev qurultaya qatılanlar sırasında idi. Həm Türkiyədən, həm Azərbaycandan aşağı-yuxarı 35-dən çox professor vardı. Qurultaya qatılanların 90 faizi universitet məzunu idi. Yüzdə 35-i qadın idi. Bir hədəfimiz vardı. Qatılanların yüzdə 25-nin qadın, bir o qədərinin də gənc olmasını arzulayırdıq. İstəyimizə çatdıq. Avropadan, Amerikadan, Rusiyadan nümayəndələr gəlmişdi. Təkcə Türkiyədən qatılanların sayı 350-dən çoxdu. Ümumi sayımız 425-428 arasında idi.

FEDERASİYA QURMAĞA QƏRAR VERDİK

--Qurultayda hansı məsələlər müzakirə olundu, nələrə daha çox diqqət yetirildi?


--Üç məsələ ətrafında müzakirələr oldu. Birincisi, Türkiyədə yaşayan Azərbaycan türklərinin birliyinin gücləndirilməsi. Köhnə Federasiyanın yerinə bütün dərnəklərimizi bir yerə toplayan bir Federasiya yaratmağa qərar verildi. İstədik ki, qurultayımız qeyri-hökumət təşkilatı ab-havasında olsun, rəsmi qurultay olmasın. Artıq Federasiya yolunda çalışmalara başladıq. Mayın sonuna kimi Federasiyanı quracağıq. Dekabr ayında isə ilk konqresimiz olacaq. O konqresin Türkiyədə yaşayan Azərbaycan türklərinin bayramı olacağını düşünürük.

ALİMLƏRİN QATILDIĞI TƏŞKİLAT QURDUQ

Bildiyiniz kimi, qurultayımız 23-24 apreldə keçirilirdi. 24 aprel də «erməni soyqırımı» təbliğatının getdiyi bir gündür. Həmin gün belə bir gerçəyi dilə gətirməyə çalışdıq. Son yüz ildə ermənilərin Güney və Quzey Azərbaycanda, bir də Anadolu torpaqlarında gerçəkləşdirdikləri soyqırımı barədə danışdıq. Bu qətliamların dünyada tanınması üçün bir qərar aldıq. Türkiyədəki Azərbaycan türkü olan elm adamlarımızdan bir təşkilat yaratmaq təşəbbüsünü irəli sürdük. Arzuladıq ki, qurultaydan sonra həmin təşkilat bu yöndə çalışmalara başlasın. İkinci məsələmiz bu oldu.

GÜNEY AZƏRBAYCANLA BAĞLI KOMİSSİYA YARATDIQ

Üçüncü məsələmiz Güney Azərbaycanda baş verən insan haqları və antidemokratik uyğulamaların Türkiyədə yetərincə tanınmadığına diqqət çəkmək idi. Burada yaşayan 35 milyonluq Azərbaycan türkünün Türkiyədə tanınmadığını bilirik. Fikirləşdik ki, bu məsələni önə çıxaraq. Öncə Türkiyədə yaşayan Azərbaycan türklərinin, sonra isə bütün Türkiyənin bilməsini, duymasını istədik. Oradakı insan haqları və demokratiya mücadiləsinə, milli mücadiləyə türk xalqının dəstəyini qazanmaq istədik. Ona görə də təşkilat komitəsinə belə bir səlahiyyət verildi ki, bir komissiya yaratsın və bu komissiya Güney Azərbaycanın problemlərini bütün dünyaya tanıtdırmaq yolunda fəaliyyət göstərsin.

«GÜN AZ TV» İLƏ BAĞLI DA QƏRAR ALDIQ

Güney Azərbaycan mücadiləsini dünyaya tanıdan «GünAz TV» ilə bağlı da bir qərar aldıq. Bildiyiniz kimi, bu TV ABŞ-dan yayımlanır. Ötənlərdə «Türksat»la da baxmaq olurdu. Ancaq İran hökumətinin basqıları ilə Türkiyə hökuməti «Türksat»la yayıma qadağa qoydu. Qurultayımıza bu qadağanın qaldırılması üçün səlahiyyət verdik. Çünki qadağanın heç bir hüquqi əsası yoxdur. Türkiyədə bunun üçün məhkəmə qərarı olması lazımdır. Bu qərar yoxdur. İnşallah, seçkilərdən sonra bu yöndə hökumətə müraciətlərimiz olacaq. Bax, üç əsas məsələmiz bunlar idi.

--Camal bəy, bəs Azərbaycan Diaspora Komitəsindən qurultayınıza qatılan oldumu?


--Heyf ki, olmadı...

BİZİ ƏNGƏLLƏMƏK İSTƏDİLƏR...

--Niyə? Bəlkə dəvət göndərməmişdiniz?

--Yox...Mən ötən dəfə Bakıya gələndə, xatırlayırsınızsa, AzadlıqRadiosunun «Can Bakı» proqramına da qonaq olmuşdum, Diaspora Komitəsinə də baş çəkmişdim, dəvətnamə vermişdim. Komitə sədrinin müavini Valeh bəy qurultayımıza qatılacağını söyləmişdi. Ancaq sonra Komitə başqanı bu qurultayın ancaq özlərinin himayəsi ilə toplana biləcəyini düşündü və bizi əngəlləmək istədi. Qurultaya gəlmədilər. Bəzi sözlər söylədilər. Bunları aşdıq, arxada qaldı. Qurultayımız başa çatdığından bir daha bu məsələni açmaq istəmirəm. Çünki xatırlayanda özüm də üzülürəm. Bəlkə onlar da üzülərlər. O üzdən bu məsələni artıq bağladıq. İnanıram ki, bundan sonra quracağımız Federasiyaya və yapacağımız çalışmalara dəstək olacaqlar. Çünki bu qurultay hər yerdə böyük səs doğurdu və insanlarımız belə bir qurultay yapılmasından, Federasiya qurulmasından böyük xoşbəxtlik duydular. İnanıram ki, eyni xoşbəxtliyi Diaspora Komitəsində çalışanlar da duyacaqlar. Bu qurultayı toplamaqla dünyadakı 50 milyonluq azərbaycanlıların xeyrinə işlər yapmaq istədiyimizi görəcəklər və bizə dəstək olacaqlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG