Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

Seyid Əzim Şirvani. Şamaxı babiləri haqqında


Nitqə gəl bülbüli-təbim, nə təğafül dəmidir,
Şəkəristani-xəyalatda qıl cövlani.
Babilik şöhrət edib sahəti-Şirvan içrə,
Ələ zən-qəbbələr almış yenə gör meydani.
Bir neçə fasiqü mərdudi-əbəd, müfsid olan
Hərcü mərc eylədilər məmləkəti-Şirvani.
İbtidadan eləsəm şərh bu əhvali əgər,
Uzanıb rişteyi-söz, nəzm düşər tulani.
Seyyidi-Bab o gündən ki, mürəxxəs olunub,
Mənzil etmışdi, gəlib, xitteyi-Hactərxani,
Şuru düşmüşdü onun məmləkəti-Şirvanə,
Babilər olmuş idi aşiqi-sərgərdani,
Hər nəfəs burdan uçarlardı həvasilə onun,
Eyləyərdi pər açıb cümləsi baləfşani.
Qiblə Hactərxanı etmişdi bu qövmi-məlun,
Tərk edib Məkkəni, mənsux eləyib Minani.
Ta o günlərdə ki, izhardı əyyami-bahar,
Hicrətin min iki yüz səksən ikiydi sani,
Çıxdı nagəh bu xəbər kim, Bakıdan ağa gəlir,
Çıxdı pişvazına bu qövmi-Əbu-Süfyani.
Baqi-Sərdar kənarında mülaqat olacaq,
Vacddən çəkdi hamı naleyi-vaşövqani.
Kimi torpağə yıxıldı, başını qoydu yerə,
Kimisi qoydu ayağı yerinə
Etdilər səcdə tamam surəti-nəhsini görüb,
Qjldılar nisbət ona mərtəbeyi-Səlmani.
Şeytanın qeyrəti, əlhəq ki, bulardan çox imiş,
Etmədi Adəmə səcdə görübən zülmani.
"Ənə xeyrün" - deyibən eylədi rədd əmpi-həqi,
Satdı bir qeyrətinə bağçeyi-rizvani.
Mən bəni-Adəm üçün görməmişəm səcdə ola,
Səcdə etməklik üçün hanı həqin fərmani?
Müxtəsər kim, Ağalarov evinə etdi nüzul,
Neçə kəs olmuş idi ol qapının dərbani.
Qoydular ad ona kim, bu kişi həzrət Əlidir,
Bu gəlibdir ki, hidayət eləsin dünyani.
Vay bu firqə üçün ki, gedib iymanları,
Kimə nisbət eləyirlər, görün ol mövlani!
Getdi çox kimsənələr məclisinə oldu mürid,
Qıldı ixlas ki, budu vəliyi-rəbbani.
Çox adam əhlü əyalın aparıb, qoydurub əl,
Xəlq hərçənd deyir özgə təhər böhtani.
Çün filani bu aralıqda çox arif görünür,
Mən inanmam bu qəbih işin ola imkanı.
Nəçidir axır o babi, nə şəfa sahibdir,
Nəçidir ki, çəkə əl, gözlü edə əmani?
Heyf, sod heyf ki, bu məzhəbi-isnaəşəri
Zaye etdi bu zinazadələrin dastani!
Bir deyən yoxdu ki, ey müfsidi-mərdudi-əbəd,
Nə salıbsız bu qədər məmləkətə qovğani?
Bu nə ayinü nə məzhəb, nə təriqətdir bu,
Nə səfahətdä ki, məmlüvv eləyib dünyani.
Bu nə sözdür ki, çıxıb ruh girər it...
O sənin öz atanın ruhudur, ey moltani!
Var peyğəmbərimiz yüz iyirmi dörd min,
Hər birinin neço yüz illər olub dövrani.
Nuhü Musavü Süleymanü Xəlilü İsa,
Həm Məhəmməd ki, şərəfyab elədi Bəthani.
Buların heç birisi münkiri-miad deyil,
Buların heç birisi etmədi bu dəvani.
Biri vermibdi xəbər siz gətirən məzhəbdən,
Birisi etmədi peyda siz edən sövdani.
Əjdaha olmadı səhharə əsayi-Musa,
Olmadı aləm ara Nuh-nəbi tufani?
Münkir olduz tutalım "möcüzi-şəqqülqəmərə",
Necə danmaq olu bəs möcüzeyi- Qurani?
Eləyirsiz nə üçün qəbr əzabın inkar-
Ki, dirilməz bu bədən vəqt ki, oldu fani.
Münkiri-qüdrəti-qəyyum olursuz, billah,
Məgər acizdi verə bir də bu cismə cani?
Gətirən kətmi-ədəmdən hamını iycazə,
Bir də müşküidü məgər həyy edə bu əzani?
İysiyi-Məryəmi kim, sayiri-ədyan yazıb,
Etmədi zində məgər Qarzini-Yuvani.
Bu nə sözdür ki, gəlir yüz yol adam dünyayə,
Gah öküz, gah eşşək!!...Söyləməyin hədyani!
Hər adam neçə kərə dirili, dünyayə gəli,
Bu gəlib-getməyin olmazmı məgər payani?
Olmayım siz təki raən duzəxə hərgah qail,
Mən əgər siz təki inkar eləsəm mizani.
Gecə-gündüz içərəm bade pərivəşlər ilə,
Çəkmərəm qəm, dəxi bibak elərəm üsyani.
Qəsəm ol xaliqə bir kəs edə kər ləvvatə,
Gecə-gündüz içə zövq ilə meyi-səhbani,
Yenə min mərtəbə çox yaxşıdı ki, babi ola,
Etiqadata yetişməz əməlin nöqsani.
Etiqad əsl kötükdür, hər əməl şaxəvü bərg,
Yüz əgər şax qurusa, kötük olurmu fani?
Yüz güruhun neçə kəs silsiləcünbani olub,
Saldılar rövnaqə yeksər bu rəhi-bütlani.
Birisi maliki-duzəx Qara Mirzə Cəfər,
Deyəsən həq yamayıbdır üzünə qətrani.
Birisi Ağa Mikayıl-yekəgöz, əyri ağız,
Götürübdür özünə mərtəbeyi-Səlmani...
Neçə hüccət olu bir əsrdə mən bilməyirəm,
Buların hansına axır gətirmək iymani?
Biri Təbrizdə çıxdı ki, mənəm Mehdiyi-əsr,
Biri çıxdı ki, hidayət eləsin Tehrani.
Nasirəddin şahı atdı neçəsi güllə ilə,
Öldürüblərdi ədavətlə şəhi-İrani.
Birisi sahəti-Zəngandan oldu zahir,
Odu kim, indi də viranə qoyub Zəngani.
Birisi babı seyiddir ki, təzə hüccət olub,
Qıymıram kim, ona nisbət eləyim Qeyvani.
Gözü göy, burnu yekə, boynu uzun, saqqalı ağ,
Deyəsən tanrı dirildib genə Ağ Qurbani.
"Yörifül mücrimü"* zahir rüxü simasından,
Nəhsü bidin, nəcisül-eyn, şəqavət kani.
Eldar oğlu da qoyub başına bir vəqt sarıq,
Belinə taxdı qılınc, aldı ələ qalxani.
Dedi ki, o da mənəm hüccəti-islam bu gun,
Mənə lazımdı ki, aləm gətirə iymani.
Sarıtorpaqlıların hüccəti Eldar oğlu,
Qələbazar ələsin öz başına samani.
Santorpaqda Eldar beçəyə ümmət olan,
Biri taqqa Babadır kim tanıyıbdır ani.
Biri qəssab Bağırdır yuva bilməz...
Açıban kuçədə təfsir eləyir Qurani.
İddəası budu mən Mehdini hər gün görürəm,
Gözlərim feyzi-cəmalından olur nurani.
Əcəb oğlan idi o Kərbəlayı İsmail,
Həqqi onda yox idi bir əməli-nəfsani.
Bilmədim noldu səbəb axırı oldu məlun,
Nə səbəb oldu ki, bu tutdu rəhi-şeytani?
Mollayi-Rumi kitabinə baxardı şebü ruz,
Xali olmazdı kişi moizədən bir ani.
Əhli-dalan ayırıb sovça, kasasın ondan,
Qovdular cümləsi anın başını qırxani.
Afərin əhli-dalan yaxşı müsəlmanlar imiş,
Filhəqiqət, hamıdan yaxşı imiş iymani.
Lafi-hüccətlik edərmi o da ya rəb, görəsən,
Bu ləvənd oğlunun aya nə sayaqdır şani?
Mən eşitdim bu qoduq hər gecə meracə gedir,
Danışır gündüz olanda süxəni-ruhani.
Qayıra bilmədi çün əhli-dalandan ümmət,
Tovladı bir neçə bimərifəti-Qazyani.
Birisi Məşhədi Cəfərdi, Xorasan lotusu –
Ki, salır gündə İmamlı içinə qovqani.
Biri sərrac Maciddir ki, o da babı olur,
Hər yetən şəxs ilə söhbət eləyir ürfani.
Sənə nə vaqe olubdur ki, olubsan babi?
De görək səndə hanı mərifəti- insani?
Get bürün paltonuva, düş Əli Cabbar yanına,
Gah da bir gir dükana, vur meşinə bəxyani
Biri İsa, biri Musa, birisi Yunis olur,
Hərə bir ad götürürlər özünə ruhani.
Hər əlif-bey oxuyan gər ola peyğəmbəri-həq,
Mən də peyğəmbərəm, aya kim edir küfrani?
Var mənim də dəxi həm kəşfü kəramətdə yədim,
Mirzə Cəfər atası indi gəzir səhrani.
Kostinin atası Tiflisdə dönüb çal qabana,
Eldarın ruhi girib eşşəyə, var palani.
Kəlbə İsmailin atası olubdur porsuq,
Ulayır indi qəmişlikdə, çəkir əfqani.
Hacı molla Təği oğlu, birisi aşnam Ağa,
Cümlə şairlər içində yerə soxum ani!
Nə mürid olmaq idi Seyyidə əvvəl, gedibən
Sonra söymək nədi dalınca onun pünhani?
Kişi də xovfə düşüb hiç imamini söyər?
Eyləməz bu işi bilmərrə çölün çobani.
Bir deyən yoxdur, ay eşşək, sənə məzhəb nə gərək,
Eylə məzhəb özüvə bir üzügül canani.
Şairin məzhəbi hər yerdə olur bir üzügül,
Neyləyir şair olan məzhəbi, ya ərkani?
Taqi-əbrusin elə özüvə mehrab o məhin,
Elə təsbih özüvə türreyi-mişkəfşani.
İçgilən badeyi-gülnar, oxugü şerü qəzəl,
Mən təki çal... Aləmü mafihanı,
Bircə fikr eyləyin, ey əhli-kəmali-Şirvan,
Kimdi bu babilıyin aşiqi-sərgərdani?
Gər səzavar İsə hərgah yekə bığ babi ola,
Biz də babi eləyək gəl yasovul Osmani.
Bilmədim, heyf, bu laməzhəb olan taifələr,
Nə səbəbdəndi ki, tərk eylədilər ədyani?
Uydular cümləsi naseyyidi-şeytan sifətə -
Ki, təqəllübdə köpək oğlu ötüb şeytani.
Şiəməzhəbdə nə gördü bular aya, nə üçün -
Ki, edib tərk onu, eylədilər tüğyani?!
Hərəsi bir cürə bir ayəyə məna oxuyub,
"Zəbərü zir" ifiə eylə eləyib böhtani.
Ağa Seyyid Hüseyn bir neçə il dərs oxuyub,
Edir iqrar ki, hala bilirəm Qurani.
Nə köpək oğlu köpəkdir ki, o qəssab Bağır
Çıxıban kuçədə təfsir eləyib furqani?
Hafizin gər bilə mənasını mən eşşək olum,
Nə Bağır, cümlə bu babi ki, edir dəvani.
Bu nə sözdür ki, bu dünyadədi düzəx, cənnət?
Hər kimin dövləti var isə, tapıb rizvani.
İndi bu halda cənnətdədi bəs Mahmud ağa,
Evi cənnət, meyi kövsər, gədəsi qılmani.
Mindiyi atları Düldüldü, Buraqü Rəfrəf,
Gündə birin minibən seyr eləyir səhrani.
Eldar oğlu nəçidir bəs nə qələt eyləyir o?
Öz sözüylə ki, cəhənnəmdədir ol moltani.
Xəbti var babilərin cümlə, o mövla həqqi,
Onları hamı tutubdur qəzəbi-rəbbani.
Seyyida, lənəti-həq daim ola babilərə,
Öylə lənətlər kim, olmaya heç payani!

__________
* Günahkar üzündən tanın

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG