Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

Esmira Məhiqızı. Sürət qatarı


NƏ DEYİM

Ağrını ağrıdan böyük
Oğrunu doğrudan böyük
Haqsızı haqlıdan böyük
Görüb, nə deyim görəsən

Keçdim vaxtın ələyindən
Kələyindən, küləyindən
Duz asılıb kürəyimdən
Çönüb, nə deyim görəsən

Bu dünyanın gərdişinə
Gərdişinin vərdişinə
Hər üzünə, hər işinə
Gülüb, nə deyim görəsən

Cavabları suallarda
Ömrü-günü bu yollarda
Arzuları xəyallarda
Gömüb , nə deyim görəsən

Gün hörgüdü bu binaya
Dönür daş-daş ilə , aya
Bu dünyadan o dünyaya
Ölüb, nə deyim görəsən


GÖRMƏMİŞ OLUM

Qalaq-qalaq söz içində
Varaq-varaq üz içində
Bulaq-bulaq göz içində
Gördüyümü görməmiş olum

Bilməmişəm gör nələri
Təzələri, köhnələri
Indi bildiyim sirləri
Kaş yenə bilməmiş olum

Sözümü dillərə yayım
Tozumu yollara yayım
Saçımı yellərə yayım
Ucunu hörməmiş olum

Gördüm dünyaya gəlmişəm
Həm ağlıyıb , həm gülmüşəm
Hamı biləndə ölmüşəm
Mən durub ölməmiş olum.


YER ELƏDİ

Bu qatar da getdi dolu
Gedənləri əl elədi
Mənə baxıb qanlı-qanlı
Biri sən də gəl elədi

Qaçdım qatara yetişəm
Gedənlərlə bir görüşəm
Mən nə bilim ki, ötüşəm
Zaman hara yol elədi

Çox yoruldum yortammadım
O qatara çatammadım
Gəl deyəni tapammadım
Bu söz mənə ar elədi

Qatarın durduğu yerdə
Tay-tuşla dolduğu yerdə
Getməyin olduğu yerdə
Qalmaq mənə yer elədi


MƏKTUB YAZMAQ İSTƏSƏM

Məktub yazmaq istəsəm
Yazıb hara göndərim.
Söz-söz asıb dilimdən
Bəlkə dara göndərim.
Bəlkə gəmi düzəldib
Göz yaşına buraxım.
Ömrün bulud fəslinin
Yağışına buraxım.
Sətirləri, sözləri
Yağış yusun, yaş yusun.
Bu məktubun altında
Adım-imzam pozulsun.
Bir buludlu havada
Görəsən yağış yağır.
Başından ayağına
Söz axır, sətir axır.
Görəsən ki, önündə
Məktubdan gəmi durub.
Açasan ki, içində
Bir qız boynunu burub.
Su yuyub üz-gözünü
Gözündə işıq itib.
Ləkə-lükəsi qalıb
Hanı, yaraşıq itib.
Təzədən o məktubu
Yağışa buraxasan.
Kimsə səni çağıra
Çevriləndə qorxasan.


İÇİNDƏKİYƏM

Gözümü bir qorxu alıb
Qorxunun içindəkiyəm.
Fələk elə qurğu qurub
Qurğunun içindəkiyəm.

Anlamadım bu deyimdən
Ağlım getdi, gəldi dəm-dəm
Vurğun vurdu ürəyimdən
Vurğunun içindəkiyəm.

Pirə dönür pir olmuşlar
Nura dönür nur olmuşlar
Qırğındadı qırılmışlar—
Qırğının içindəkiyəm.

Qayıtmağa gümanı yox
Diləməyə amanı yox
O yanı yox—bu yanı yox
Sorğunun içindəkiyəm.


SÜRƏT QATARI...

Sürət qatarıdı bu ömür, bu gün
Qoşub yedəyinə bizi aparır
Fırladıb başına qoca dünyanın
Qara qutusunda nəzir aparır
Olumun ölümə sədəqəsiyik
Paylana-paylana itib gedirik
Ağaran yollarda qara kölgəyik
Elə kölgə kimi ötüb gedirik
Fəsildən-fəsilə vərəqlənirik
Bahar qoxuyuruq, qış qoxuyuruq
Bir qu nəğməsində vida deyirik
Təpədən dırnağa qəm oxuyuruq
Bir anın içində ana sığırıq
Duz yükü çəkirik, daş daşıyırıq
Taxçada boxçaya ömür yığırıq
Bir taxça, bir boxça yaş yaşayırıq
Sürət qatarında yolçuyuq belə
Qırır ömrümüzü yol qəzaları
Bizi ölümlərə aparır elə
Dünyaya gəlişin ol qəzaları
Gəlirik, gedirik—an şütüyürük
Dünya gözümüzdə bir anlıq olur
Qara torpaqlara can ödəyirik
Vədəmiz qurtarır, vaxtımız dolur
Bəlkə də ulduzuq, səpilib göyə
Yanırıq, sonra da sönüb düşürük
Sürət qatarıdı bu qoca dünya
Biz də sərnişinik, minib düşürük

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG