Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:31

İşə götürüləndə müqavilə tələb edək yoxsa...


Füzuli Ələkbərov
Füzuli Ələkbərov
«Hazırda ölkədə ən böyük problemlərdən biri qeyri-formal məşğulluqdur». Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov deyir.

İCTİMAİ NƏZARƏT GÜCLƏNDİRİLMƏLİDİR

Onun fikrincə, insanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar. Bu, daha çox özəl sektorda baş verir. İnsanlar məcburən əmək müqaviləsi olmayan işlə məşğul olaraq, kifayət qədər zərbə altında qalırlar. Nazir hesab edir ki, bu məsələni hökumətin təkbaşına həll etməsi mümkün deyil. Ona görə də qısa müddətdə Əməyin Mühafizəsi və Sağlamlıq üzrə Şura yaradılmalıdır.

«Təklif edəcəyik ki, yeni bir şura yaradılsın. Bu şuraya bizim sosial tərəfdaşlar daxil ediləcək. Eyni zamanda aparıcı işəgötürən təşkilatlar, böyük müəssisələr də daxil olmaqla birgə fəaliyyət planımızı müzakirə edərək bu problemin həllinə çalışacağıq».

Nazir qeyri-leqal əməyin təşkilinin qarşısının alınması, sağlam əmək şəraitinin yaradılmasını vacib şərt sayır.

Dövlət Əməyin Mühafizəsi Xidmətinin rəisi Rauf Tağıyev də deyir ki, əmək qanunvericiliyinə riayət təkcə müfəttişliyin fəaliyyəti ilə mümkün deyil. Buna ictimai nəzarət gücləndirilməlidir.

«MÜQAVİLƏDƏN DANIŞANI İŞLƏMƏYƏ QOYMURLAR»

10 ilə yaxındır tikintidə həm usta, həm də icraçı işlərində çalışan 45 yaşlı Fariz İmanov isə deyir ki, bu gedişlə qeyri-formal məşğulluğu aradan qaldırmaq mümkün deyil. Məsələn, onun işlədiyi tikintidə müqavilə, necə deyərlər, gözdən pərdə asmaq üçün bağlanır.
Real olmayan əməkhaqqı cədvəli tərtib edirlər, işçilər də qol çəkirlər
O da hamı ilə yox.

«Heç bir müqavilə olmur. Hamısı yalan söhbətdir. 5-6 nəfərlə minimum əməkhaqqından da aşağı maaşla müqavilə bağlayırlar. Yəni, real olmayan əməkhaqqı cədvəli tərtib edirlər, işçilər də qol çəkirlər, guya orada göstərilən qədər pul alırlar. Müqavilədən danışanı da işləməyə qoymurlar. Əvvəlcədən də deyirlər ki, problemli adamları işə götürməyin».

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev isə bildirir ki, ölkədə layiqli əməyin inkişafı istiqamətində xeyli iş görülüb. Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə bütün sahibkarlara əmək müqaviləsinin bağlanması tövsiyə edilib. Əmək şəraitinin yaxşılaşdırılması, tikintidə texniki qaydalara riayət olunması, peşə xəstəliklərinin qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak ediblər.

Məhəmmədəli Əfəndiyevin dediyinə görə, Konfederasiyada 4 mindən artıq sahibkar, 50 assosiasiya cəmlənib, 10 regional idarə yaradılıb.

İKİLİ MÜHASİBATLIQ MƏSƏLƏSİ


Bəzi mütəxəssislər isə hesab edirlər ki, Sahibkarlar Konfederasiyası ölkədə mövcud olan 400 min fiziki və hüquqi şəxsin heç 1 faizini də ətrafında birləşdirmir. Özü də bu peşə təşkilatı yox,
Sahib Məmmədov
QHT-dir və sahibkarlara təsir imkanı yoxdur. Bu fikirdə olanlardan biri, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həqiqətən də ictimai şura yaratmağa səylər göstərir. Amma əmək sahəsində ixtisaslaşmış təşkilatları çağırmadan tədbir keçirmək də qeyri-səmimiliyin göstəricisidir. Sahib Məmmədovun fikrincə, nazirlik onu tənqid edən təşkilatlarla birgə işləməyəcəksə, onun ictimai şurasının da effekti olmayacaq.

«Ümid edirəm ki, Əməyin Mühafizəsi və Sağlamlıq üzrə Şuranın köməyi ola bilər. Amma qeyri-formal əmək bazarının aradan qaldırılmasında bu şuranın rolu çox az ola bilər. Çünki bu, korrupsiya, ikili mühasibatlıq məsələsidir. Bu, vergi, yaxud sosial ödəmə sisteminin təkmilləşməsi ilə bağlı məsələdir. Bunlar kompleks şəkildə həll olunmalıdır. Şura monitorinqlər keçirə, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər. Hər halda, şura fayda verə bilər. Amma bu mübarizənin elementlərindən biri kimi qəbul olunsa».

QANUNVERİCİLİYİN TƏNZİMLƏMƏDİYİ SAHƏ

Sahib Məmmədov deyir ki, hazırda 10 minlərlə ev qulluqçuları-dayələr, xidmətçilər, sürücülər, cangüdənlər, evində 30 nəfər şəxsi işçisi olan fərdlər var. Bu şəxslər istəsələr belə işçiləri ilə müqavilə bağlaya bilmirlər. Çünki qanunvericilik bunu tənzimləmir. Yəni, bu, təkcə praktika ilə bağlı yox, həm də normativ sənədlərlə bağlı məsələdir. Sahib Məmmədov deyir ki, hər bir işçi imkan olan yerdə əmək müqaviləsi tələb etməlidir. Amma buna görə işini itirəcəksə, ac qalmaqdansa, müqaviləsiz işləsin, çünki bu məsələ daha çox hökumətin problemidir.
XS
SM
MD
LG