Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

«Mərkəz»: «Azərbaycanda vəhhabilik kabusu»


«Yeni Azərbaycan» qəzetindəki «ABŞ Bakı-Tbilisi-Ceyhan neftinin alıcısı olacaq» başlıqlı məqalədə bildirilir ki, Amerika BTC boru kəməri ilə nəql olunan neftin gələcəkdə əsas alıcılarından birinə çevrilmək istəyir. «bp-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvordun qeyd etdiyinə görə, yaxın illərdə neftin ABŞ-ın şərq hissəsinə göndərilməsi mümkün olacaq. Bununla yanaşı, Azərbaycan neftinin Süveyş kanalını keçərək Hindistana da ixracı nəzərdə tutulur. Hazırda BTC ilə nəql olunan neft Ceyhan limanından Avropaya və ordan daxili boru kəmərləri vasitəsilə müxtəlif dövlətlərə çatdırılır.


«Gün Səhər» qəzetindəki «Harada olsan, gələrəm...» başlıqlı məqalədə müəllif Bakıdakı Təcili və Təxirəsalınmaz Tibbi Yardımın bugünkü durumunu şərh edir. Müəllif yazır ki, hazırda təcili tibbi yardım maşınlarının sayı tələbatı ödəyəcək səviyyədədir. 1994-cü ildə stansiyada 133 maşına ehtiyac olduğu halda, indi hər gün müqavilə əsasında xəttə 117-120 maşın çıxır. Müasir avadanlıqlar vasitəsilə xəstə yanına tələsən həkim briqadaları əvvəlki illərlə müqayisədə işlərini daha rahat qururlar. Amma bu sahədə problem də az deyil. Həkimlərin çağırışa gecikməsi azmış kimi, əksəriyyəti çağırışa gedən zaman xəstələrdən rüşvət də umur. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Mürsəl Həmidov isə deyir ki, çağırışa gedən həkim maşınla, dərman və sarğı materialları ilə tam təmin olunur. Ona görə də xəstələr həkimlərə pul verməməlidir: «Belə problemləri cəmiyyət özü həll etməlidir, hamı bilməlidir ki, əhali üçün təcili tibbi yardım xidmətlərindən istifadə pulsuzdur və buna görə həkimə pul vermək olmaz»


«Gündəlik Azərbaycan» qəzetindəki «39 saylı məktəbi söküb yerində göydələn tikirlər» başlıqlı məqalədə bildirilir ki, məktəbin 40-dək müəllimi buna etiraz əlaməti olaraq Təhsil Nazirliyi və Prezident Aparatının qarşısında piket keçirib. Qəzetin əməkdaşı ilə söhbətdə müəllimlər bildiriblər ki, məktəbin 4-cü mərtəbəsinin döşəmələri, pəncərələri və istilik sistemi sökülərək naməlum şəxslər tərəfindən harasa aparılıb. Müəllimlər iddia edirlər ki, məktəbi söküb yerində yaşayış binası tikmək istəyirlər. Məktəbin direktoru Əsgər Cabbarov isə deyir ki, «Anil» tikinti şirkəti tərəfindən məktəbdə əsaslı təmir işləri aparılır.


«Mərkəz» qəzetindəki «Azərbaycanda vəhhabilik kabusu» başlıqlı məqalədə bildirilir ki, rəsmi mənbələr Azərbaycanda artıq 50-dən artıq məscidin vəhhabilərin nəzarətinə keçdiyini deyirlər. Müəllif yazır ki, rəsmi mənbələrə inansaq, vəhhabilərin baş məscidi, daha doğrusu Azərbaycan vəhhabilərinin liderinin iqamətgahı Nərimanov rayonu ərazisindəki Cümə Məscididir. Məscidin imamı Şeyx Qamətdir. Azərbaycandakı vəhhabilərin ümumi lideri də odur.


XS
SM
MD
LG