“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair sahilyanı ölkələrin dövlət başçılarının növbəti sammiti Tehranda keçiriləcək. Bu barədə qəzetə Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O, sammitin bu ilin sonunadək baş tutacağını istisna etməyib. Amma bundan əvvəl payızda Aşqabadda Xəzərin hüquqi statusuna dair İşçi Qrupunun növbəti iclası keçiriləcək. Nazir müavini bildirib ki, iclasda dənizin sahilyanı dövlətlər arasında milli sektorlara bölünməsi, eləcə də dənizin dibindən istifadəni özündə əks etdirən Konvensiya layihəsində indiyədək açıq qalmış məsələlər müzakirə ediləcək.
“ABŞ üçün Azərbaycan və Ermənistanın maraqları xüsusi bir əhəmiyyət kəsb etmir, onun özünün maraqları “bu regionda istənilən variantda, hələ ki, sülh və sabitlik olsun” prinsipinə əsaslanır və hələ də davam edir”, – ADP-nin sədri Rəsul Quliyev “Bakı-Xəbər” qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Partiya sədrinə görə, son vaxtlar verilən açıqlamalar bir daha göstərir ki, Amerikanın nümayəndəsi ya Azərbaycanın qanunlarını və Konstitusiyasını bilmir, ya da ümumi qanunsuzluq mühitində belə bir ciddi problemin həllinin də qanunlara əməl etmədən həyata keçirilməsinə inanır. “Azərbaycan Konstitusiyası Azərbaycan ərazilərinin dəyişdirilməsinin, artıq 11 ildir ki, Azərbaycan xalqının müstəsna hüququ olduğunu elan edib. Əlbəttə, “hakimiyyətin mənbəyi xalqdır” əsas prinsipini pozan ölkədə başqa əsas prinsip də - ərazi bütövlüyü prinsipi də pozula bilər. Ancaq bunun dünyada demokratiya və qanunların aliliyi prinsiplərini ana siyasət kimi qəbul edən Amerika nümayəndəsi tərəfindən unudulması məqbul deyil”, – deyə cənab Quliyev vurgulayıb.
“Üç nöqtə” qəzetindəki “Göy göl ekoturizm zonasına çevriləcək” başlıqlı məqalədə bildirilir ki, Göy göl milli park elan olunduqdan sonra vətəndaşların burada istirahət etməsi mümkün olacaq. Artıq dövlət başçısı bir neçə qoruqla yanaşı, Göy gölün də milli park elan olunması tövsiyəsini verib. Qoruğun direktoru Bilal Əliyev deyir ki, indi də məsələ ilə bağlı Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyəti öz təkliflərini verməlidir. Əliyevin sözlərinə görə, park yaradıldıqdan sonra bu ərazidə ekoturizm layihəsinin yaradılması planlaşdırılır. Bu layihə çərçivəsində turist qruplarının iştirakı ilə gəzintilər təşkil olunacaq. Bundan başqa, Çaykənd, Toğana və Əzgilli kəndlərində yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub.
“Şərq” qəzetində bildirilir ki, Vyanada ATƏT-in təşəbbüsü ilə keçirilən “KİV azadlığı: jurnalistlərin müdafiəsi və informasiya əldə etməsi” mövzusunda müşavirə tövsiyələrin qəbulu ilə başa çatdı. Müşavirə hökuməti beynəlxalq öhdəliklər çərçivəsində jurnalistlərin informasiya almasını, bütün növ informasiyaların daha geniş və sərbəst yayılmasını təmin etməyə, bu öhdəliklərə uyğun gəlməyən məhdudiyyətlərin ləğvinə çağırdı. Müşavirənin iştirakçısı olmuş Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının tövsiyələrlə bağlı fikirləri nikbindir: “Bu konfransdan sonra, jurnalistlərin informasiya almaq imkanları genişlənəcək. Jurnalistlərin daha sərbəst informasiya almaq və yaymasına imkan yaradacaq. Bundan sonra jurnalistlərin fiziki təhlükəsizliyinin təmin olunması, onlara qarşı hər hansı qanunsuz hərəkətlərin araşdırılması və aradan qaldırılmasına təkan verməlidir”, – deyə Rəşad Hacılı bildirib.