Hər verilişdə müxtəlif ölkələrin məşhur universitetləri barədə söhbət açan «14-24» bu dəfə Türkiyədənin Boğaziçi Universitetindən və azərbaycanlı tələbələrin bu ali məktəblərə qəbul olmaq imkanlarından bəhs edir.
Boğaziçi Universitetinin əsası 1863-cü ildə İstanbul şəhərində qoyulub. Hazırda universitetdə bir neçə tədris binası ilə yanaşı, kitabxana, müxtəlif fənlər üzrə laboratoriyalar, rəsədxana, klublar, idman kompleksi, yataqxanalar var. Boğaziçi Universitetində pedaqogika, filologiya, iqtisadiyyat, mühəndislik, turizm və digər ixtisaslar üzrə təhsil almaq mümkündür.
5 il Boğaziçi Universitetində bakalavr pilləsi üzrə təhsil almış Stanislav Zaqorodnyev universitetin tələbələr üçün yaratdığı imkanlardan ağız dolusu danışır: «Boğaziçi Universiteti Türkiyənin ən gözəl ali təhsil müəssisələrindən biridir. Təhsili çox yüksək səviyyədədir. Boğaziçi öz tələbələrinə istər sosial fəaliyyət, istərsə də təhsil proqramları baxımından geniş imkanlar açır. Tələbələr arzu edərlərsə, istədikləri dilləri – italyan, ispan, türk, yapon, çin, yunan və başqa dilləri öyrənə bilərlər. Boğaziçinin bir çox klubu var, hər kəs öz maraqlarına görə istədiyi klubda – folklor, ədəbiyyat, kültür, musiqi idman klublarında fəaliyyət göstərə bilər».
Stanislav Zaqorodnyev deyir ki, Boğaziçi Universiteti təhsilin kredit sistemi, tədrisin isə ingilis dilində olması ilə Azərbaycandakı bir çox ali məktəbdən fərqlənir.
«Orda təhsil kredit sistemidir. Hər semestrdə ən azı 18 olmaq şərtilə kredit almaq lazımdır, yəni 6-7 fənn seçilməlidir. Nəinki fənlərin seçimi, hətta onların hansı gündə, hansı saatda, hansı müəllim tərəfindən tədris olunacağını da tələbə özü müəyyənləşdirir. İkinci mühüm fərq isə tədrisin ingilis dilində olmasıdır. Azərbaycanda belə ali məktəblər çox azdır».
Boğaziçi Universitetində tədris ödənişlidir. Tədris haqqı ən az olan fakültələrdə bir semestr üçün 500 Amerika dolları ödəmək lazımdır. Bu ali məktəbdə təhsil almaq istəyən azərbaycanlı tələbələr Bakıda Türkiyə səfirliyinin nəzarəti altında imtahan verirlər. Test üsulu ilə olan imtahanda tələbənin əsasən məntiqi və riyazi biliyi yoxlanır, bundan başqa fizika, kimya, biologiya, coğrafiya və tarixə dair də suallar verilir. Magistr pilləsi üzrə imtahan isə artıq universitetin özündə götürülür və suallar sırf ixtisasla bağlı olur.
Boğaziçi Universitetində tədrisin ingilis dilində olmasına baxmayaraq, bu dili bilməyənlərin də orada oxumaq şansı var. Universitetin özündə ingilis dili kursu fəaliyyət göstərir, bu kursu keçdikdən sonra seçdiyin ixtisas üzrə təhsil ala bilərsən.
Azərbaycanlı tələbələrin Boğaziçi Universitetində həm də ödənişsiz oxumaq şansı var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il Türkiyənin bir neçə universitetinə, o cümlədən Boğaziçi Universitetinə tələbə qəbulu keçirir. Həm bakalavr, həm də magistr pilləsi üzrə test üsulu ilə keçirilən imtahandan müvəffəqiyyətlə keçən tələbələrin təhsil haqqını Türkiyə Cümhuriyyəti ödəyir.
Stanislav Zaqorodnyev deyir ki, Boğaziçi universitetində təhsil almağa dəyər. Burada xarici tələbələrə xüsusi qayğı və hörmət var.
DİNLƏYİN!