Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:10

Toyda kütləvi zəhərlənməyə toyuq ətinin səbəb olduğu bildirilir


İyulun 11-də Lerik rayonunun Dəvrədibi kəndindəki toy zamanı qidadan kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərdən beşi uşaqdır. Xəstələrdən 33 nəfəri elə həmin gün axşam saatlarında Lənkəran Mərkəzi Xəstəxanasına, 6-sı Lerik Rayon Xəstəxanasına, 15-i isə Teştətürk kəndindəki xəstəxanaya yerləşdirilib. 40 nəfər zərərçəkəni isə xəstəxanaya aparmağa ehtiyac olmayıb, onlar ilkin yardımdan sonra özlərini yaxşı hiss ediblər.


Lənkəran Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin müdiri Fazil Məmişovun sözlərinə görə, xəstələrdən üçünün vəziyyəti ağır, üçünün vəziyyəti yüngül, qalanların vəziyyəti isə orta ağır sayılır. Həkim deyir ki, xəstələrin səhhəti getdikcə sabitləşir. Amma həkimlər onları evə buraxmağa tələsmirlər, zərurət yaranacağı halda Bakıdan mütəxəssis dəvət etməyi də düşünürlər: «Müalicədən sonra toksiki proses güclənə bilər deyə xəstələr nəzarətdə saxlanılır. Vəziyyətləri tam düzələndən sonra evə buraxılacaqlar».


Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Həmdəm Tahirovun məlumatına görəsə, Teştətürk kənd xəstəxanasındakı 15 xəstə iyulun 12-də səhər saatlarında evə buraxılıb. Lerik xəstəxanasındakı xəstələrsə günortadan sonra evə buraxılmalıdırlar.


Zəhərlənmənin mənbəyini müəyyənləşdirməkdən ötrü analizlər Lənkəran Şəhər Sanitar Epidemiologiya Stansiyasına göndərilib. Nəticələr iki-üç gün ərzində məlum olacaq. Lənkəran Mərkəzi Xəstəxanasının baş həkimi İlyas Səmədov və toy iştirakçıları özləri toyuq ətindən zəhərlənməni istisna etmirlər.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin iki əməkdaşı isə Lerikə ezam olunub.


XS
SM
MD
LG