Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:32

Fransada Dünya İnsan Haqları Forumu keçirilir


Ombudsman Elmira Süleymanova
Ombudsman Elmira Süleymanova

Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən hər bir məlumat mənbəyinə ehtiyac var, çünki bu məlumatlar həqiqəti üzə çıxaracaq. «Azadlıq» radiosuna müsahibəsində Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova «Amnesti İnternational» təşkilatının Azərbaycanda jurnalistlərə təzyiqlərlə bağlı xüsusi portal yaratmaq istəyinə münasibət bildirərkən belə deyib.


Elmira Süleymanova iyulun 10-dan 13-dək Fransanın Nants şəhərində keçirilən Dünya İnsan Haqları Forumunda iştirak edir. Forumda dünyada insan haqlarının vəziyyəti, müdafiəsi məsələləri müzakirə olunur.


Azərbaycanda insan haqlarının durumu bir sıra beynəlxalq qurumlar tərəfindən tənqid olunur. «Freedom House» Azərbaycanı qeyri-azad ölkə adlandırır, «Human Rights Watch» bildirir ki, xüsusilə son parlament seçkilərindən sonra bu ölkədə insan haqlarının vəziyyəti geriləyib, insanların seçki hüquq, sərbəst toplaşma, media azadlığı pozulub.


Ancaq ombudsman Elmira Süleymanova bu iradlarla razı deyil, bildirir ki, Azərbaycan BMT İnsan Haqları Şurasına üzv seçilib və bir çox sahələrdə Azərbaycan başqa ölkələrə nümunə ola bilər: «Məsələn, pentensiar sistemdə vəziyyət, orda istər saxlanılma şəraiti, istər saxlanılan şəxslərə münasibət xeyli dəyişib. Xaricdən gələn mütəxəssislər də təəccüblənir ki, hətta ölkənin ən ucqar yerlərində belə Avropa standartları tətbiq olunub».


Hüquq müdafiəçisi Səidə Qocamanlı da razılaşır ki, ədliyyə sahəsində irəliləyiş var, şəffaflıq təmin olunub, hüquq müdafiəçiləri həbsxanalarda monitorinq apara bilirlər. Ancaq insan haqlarının hər sahədə təminatından danışmaq olmaz:


«Nəinki ucqar yerlərdə, Bakının özündə müxtəlif insan haqları pozuntularıyla bizə müraciət olunur. Bura həm siyasi, həm iqtisadi, həm mədəni hüquq pozuntuları daxildir».


İnsan haqları müdafiəçiləri Azərbaycanda insan haqlarıyla bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu deyirlər.


UNESCO-nun dəstəyi ilə baş tutan Dünya İnsan Haqları Forumu artıq ikinci dəfədir ki, keçirilir. Forum 2003-cü ildə BMT-nin İraqda qətlə yetirilmiş insan haqları üzrə komissarı Serjio Viera de Mellonun xatirəsinə həsr olunur.


XS
SM
MD
LG