Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Bakıdakı ictimai ayaqyoluların mənzərəsi


«Azərbaycanda bu yöndə qanun qəbul edilsə, nəsə dəyişməyəcək. İlk növbədə, təfəkkür dəyişməlidir, problemə yanaşma dəyişməlidir».
Üfunət, çirkab, yüz cür xəstəlik mənbəyi. Bakının mərkəzindəki ictimai ayaqyoluların ümumi mənzərəsini vermək istəsək ilk növbədə, bunları deməliyik. Ərimiş sabun qalıqlarını, boş butulkaları, istifadə edilmiş qəzet-kitab parçalarının yerdəki qalıqlarını, rəngini və ya kafellərini çoxdan itirmiş divarları da bura əlavə etmək lazımdır təbii ki… Üstəlik, bəzən çantanı və ya qışda üst paltarını asmaq üçün asılqan yoxluğu…

Amma bununla belə, qiymət də ki, hər yerdə eynidir - 20 qəpik.

Düzdür, istisnalar da olur, ortabab təmizliyə malik, şampunu, hətta havanı təravətləndirmək üçün müxtəlif vasitələri olan ayaqyoluları da var. Amma onların sayı çox azdır. Hər halda, Bakıda söhbətləşdiyim sakinlərin də fikri belədir:

- Mən ancaq ən zəruri halda ictimai tualetdən istifadə edirəm. Ən zəruri halda. Çox natəmizlikdir, nə deyim, özünüz yəqin görmüsüz də.

- Yolum ora düşəndə xəstəliyə yoluxmaqdan qorxuram. Hər cür adam girir ora. Təmizlik də sıfır səviyyədə…

- Gözümü yumub girirəm...

- Təmizi, səliqəlisi də olur. Amma onların qiyməti də fərqlidir…

- Məncə, camaatın özü də pintidir. Səliqə-sahmana fikir vermirlər, xırdalığa getmək istəmirəm.

«Əvvəlcə gül bayramı, sonra ictimai ayaqyolu»

Bir neçə il öncə jurnalistlər ictimai ayaqyoluların vəziyyətiylə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova sual verəndə, o, vaxt istəmişdi. O zaman demişdi ki, bu məsələyə də növbə çatacaq. Bəs vaxt çatmayıb?

Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova: «Şəhərdə yeni tualetlər tikilir. Məsələn, bulvarda…».

Amma belə ayaqyolularını barmaqla saymaq olar. N.Mərdanova da bunu etiraf edir:
«Azdır, azdır. Başa düşürəm ki, azdır. Amma bu məsələ indi çoxmu təcilidir? Başımız «Gül bayramı»na qarışıb. Mütəxəssislər də indi küçələrdədir, heç kimi tapa bilməyəcəm. Gəlin, bu məsələyə mayın 10-dan sonra qayıdaq…».

Aynur Quliyeva : «Xəstəliklərin yayılmasının bir səbəbi də ictimai tualetlər ola bilər»

Millət vəkili Aynur Quliyeva: «Bakıda ictimai tualetlərin vəziyyəti çox acınacaqlıdır. Heç kəs də fərqində deyil, antisanitariya baş alıb gedir, ora girib-çıxan çox asanlıqla virusa, xəstəliyə yoluxa bilər… Buna görə bələdiyyələr, icra qurumları məsuliyyət daşıyır, əlbəttə. Bu yöndə ciddi, bəlkə sərt inzibati tədbirlər görməklə yanaşı, maarifləndirmə işləri də sürətləndirilməlidir. Çünki bu tualetlər xəstəliklər mənbəyidir. Bu gün Bakıda hepatit C kimi qorxulu xəstəliyin yayılmasının bəlkə də bir səbəbi ictimai tualetlərdəki natəmizlikdir».

A.Quliyeva deyir ki, Avropadakı ictimai ayaqyoluları ilə Azərbaycandakılar arasında fərq yerlə-göy qədərdir:

«Bu sarıdan bizim paytaxtımızda vəziyyət çox acınacaqlıdır. Müqayisə etməyin yeri yoxdur. Biz sözdə, təmizliyə çox aludəyik. Amma təəssüf ki, qapımızın kandarından o yana təmizlik haqda düşünmürük».

Şikayətlər olur, bəs araşdırma?

Görəsən, paytaxtdakı ictimai ayaqyolularında təmizliyə nəzarət edən, vaxtaşırı baxış keçirən olurmu? Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Leyla Tağızadə deyir ki, ictimai ayaqyolularında natəmizliklə bağlı onlara dəfələrlə şikayət olunub. Amma oradakı vəziyyəti araşdırmaq onların yox, rayondakı qurumların işidir…

Daha çox şəhərin mərkəzindəki ayaqyolularına baş çəkdiyimizdən Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinə zəng vurduq. Özünü təqdim etməyən şöbə müdiri bildirdi ki, nə onlara bununla bağlı şikayət gəlib, nə də o yerlərə baxış keçiriblər. Amma az sonra həmin mərkəzin həkimi Ağasəfər Səfərovun özü radiomuza zəng vurur:

«Səbayel rayonundakı ayaqyoluların hamısının vəziyyəti qənaətbəxşdir, nəzarət edilir, hamısı müasir tələblərə cavab verir, sanitar normalara uyğundur. Vaxtaşırı onlar xlorlu əhənglə dezinfeksiya edilir, döşəmə dezinfeksiyaedici maddələrlə yuyulur. Orda sabun da, birdəfəlik salfetlər də, dəsmallar da var».

Fəvvarələr Meydanındakı yeraltı ayaqyolunun da ayrıca baxışa ehtiyacı var. Bu ayaqyolunun içərisi günün günorta çağı yarıqaranlıqdır. Kafelləri uçub, dağılıb. Su kranları pas bağlayıb. Sabun az da olsa var, amma kağız qıtlığıdır. A.Səfərov isə bunları deyir:

«Həmin park təmir ediləndə, ayaqyolu da tam əsaslı təmir ediləcək».

A.Səfərov əlavə edir ki, indiyə kimi rayon ərazisində bağlanması tövsiyə edilən ayaqyolu olmayıb. Nöqsanlar aşkarlananda, tövsiyələr verilir, onun aradan qaldırılması isə mütləq nəzarətdə saxlanır…

Bu sahədə qanun olsunmu?

BMT-nin məlumatına görə, dünyada 2.5 milyard adamın ayaqyolundan istifadə imkanı yoxdur. Təşkilat bəzi Asiya, Afrika ölkələri qarşısında tələb qoyub ki, 2015-ci ilə kimi bu rəqəmi yarıbayarı azaltsınlar. Hətta deyilənə görə, indi Hindistanda qayınanalar kürəkənlərindən ilk növbədə evdə normal standarta malik ayaqyolu tikdirməyi tələb edirlər. Amma bu məsələni Hindistanda tək qayınanalar yox, həm də deputatlığa namizədlər də qaldırırlar. Söhbət tək fərdi yox, həm də ictimai ayaqyolularından gedir. Hətta bu təşəbbüslə çıxış edən namizədlər yüksək reytinq də qazanırlar.

Azərbaycanlı deputat Aynur Quliyeva isə deyir ki, adətən bu cür bəyanatlar seçkilərdən sonra unudulur:

«Elə şey var ki, deputat və ya bələdiyyə üzvü onu yerinə yetirə bilmir. Konkret bu məsələnin qanunverici tərəfini də işləmək olar. Amma bu qanunun yaranması hələ ki, onun işləməsi demək deyil. Elə qanunlar var ki, kağız üstündə qalır. Azərbaycanda bu yöndə qanun qəbul edilsə, nəsə dəyişməyəcək. İlk növbədə, təfəkkür dəyişməlidir, problemə yanaşma dəyişməlidir».

P.S. Azərbaycandakı partiyalardan biri öz qərargahındakı ayaqyolunu təmir etmək adı altında xarici səfirliklərin birindən nə az, nə çox düz 3 dəfə maliyyə dəstəyi almışdı. Ancaq həmin ayaqyolundakı acınacaqlı vəziyyət dəyişmirdi ki, dəyişmirdi. O partiyanın qərargahı sonradan əlindən alındığından, nə həmin binadan, nə də ki, oradakı ayaqyolundan bir nəsnə qalıb…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG