Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

«Allahşükür Paşazadə parlamentdə tənqid atəşinə tutuldu»


Allahşükür Paşazadə
«Bizim yol» qəzeti: «Allahşükür Paşazadə parlamentdə tənqid atəşinə tutuldu»

Milli Məclisin mayın 8-də keçirilən iclasında «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edildi.

İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova dedi ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə 2006-cı ildən müsəlman dini icmaları yalnız məscidlərdə qeydə alınırlar:

«Lakin bu vaxta qədər 1250 məscid dövlət qeydiyyatından keçməyib. Azərbaycanda din xadimlərinin attestasiyasına ciddi ehtiyac var».

YAP icraçı katibinin müavini Siyavuş Novruzov yas mərasimlərinin keçirilməsi qaydalarından narahatçılığını ifadə etdi. Dedi ki, bu cür mərasimlərdə bir nizam-intizam yaradılmalıdır:

«Çünki yasda banandan tutmuş Afrikada yetişdirilmiş üzümə qədər stolun üzərinə hər şey düzülür. Lakin varlı olduğu kimi kasıb da var. Çadırların da qiyməti şadlıq evlərinin qiymətinə bərabər olub. Elə ona görə də kasıb yasdan sonra az qala on il borc-xərci qaytarmaq üçün işləməli olur».

Yas mərasimlərində 500-1000 nəfərin iştirak etdiyini söyləyən S.Novruzov türmədən çıxanların, keçmiş sahə müvəkkillərinin molla qismində mərasimi idarə etmələrindən şikayətləndi:

«Həmin məclislərdə akademiklər, deputatlar da otururlar. Belə olmaz, attestasiya keçirilməlidir».

Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə toxunan deputat bu qurumun kolbasaların halallığına lisenziya verməsini də gülünc adlandırdı:

«Nə vaxt Roma papası belə işlə məşğul olub? İslam ən gənc, mütərəqqi, gözəl dindir, insanlara düzgün çatdırılmalıdır»...


«Yeni Müsavat» qəzeti: «Şagirdlərdən 2 milyon manat yığılıb

Hər il olduğu kimi, bu il də Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən törənlərə, o cümlədən «Gül bayramı»na milyonlarla manat vəsait xərclənəcək... Təhsil və səhiyyə sistemində çalışan işçilərdən «bayram pulu» yığılır.

Bu məsələ ilə bağlı «Yeni Müsavat»a çoxlu sayda valideynin şikayəti də daxil olub. Şikayətlərdə «Gül bayramı» üçün hər şagirddən 3 manat, müəllimlərdən isə 10 manat yığıldığı bildirilir. Xatırladaq ki, ötən il şagirdlərdən bu məqsədlə 50 qəpik, müəllimlərdən isə 2 manat yığılmışdı...

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirdi ki, nazirlik səviyyəsində heç bir tədbir nəzərdə tutulmayıb və bunun üçün də məktəblərdən heç bir vəsait tələb olunmayıb.

B.Hüseynzadə valideynləri bu məsələlərdə diqqətli olmağa çağırdı:

«Biz bütün bu söz-söhbətlərə son qoymaq məqsədilə kart sisteminə keçdik ki, direktorlar müəllimlərin maaşından tuta bilməsinlər. Təəssüf ki, bu problemə yenə də son qoyulmadı. Yaxşı olardı ki, rüşvət halları üzə çıxanda valideynlər və müəllimlər bu məsələdə bizə dəstək versinlər… Bəzən elə hallar olur ki, valideyn könüllü şəkildə müəyyən məbləğ ödəyib sinfin qapısını düzəltdirir. Sonra da hay salır ki, məktəbdə rüşvət var. İmkanlı valideynlərin məktəbə yardım etməsi dünyada qəbul olunmuş bir haldır»…


«Yeni Azərbaycan» qəzeti: «Kərim Kərimov: 300 milyonluq ABŞ-da Azərbaycanda olan qədər mətbuat orqanı yoxdur».

«Barak Obamanın Azərbaycanda söz azadlığı olmadığına dair səsləndirdiyi fikirləri həqiqətdən uzaq hesab edirəm. Çünki 300 milyon əhalisi olan ABŞ-da Azərbaycanda olan qədər mətbuat orqanı yoxdur» - bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, professor Kərim Kərimov «SİA»ya verdiyi açıqlamasında səsləndirib.

«Mətbuat Şurası reket qəzetlərin siyahısını dərc edirsə, bu hal mətbuat azadlığından xəbər verir. Obamaya düzgün məlumat verməyiblər», - deyən YAP təmsilçisi bu cür fikirləri Azərbaycana yönələn təzyiq hesab edir.

«Azərbaycanı hansısa bir Afrika ölkəsi ilə birgə tutmaq Obamanın qərəzli mövqeyidir. Bu mövqe obyektivlikdən uzaq, Azərbaycanın əleyhinə olan bir mövqedir».
XS
SM
MD
LG