Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

Neft akademiyasındakı faciə parlamentdə müzakirə olundu


Parlamentdə Neft Akademiyasına basqınla bağlı fikirlər səslənib
Parlamentdə Neft Akademiyasına basqınla bağlı fikirlər səslənib
«Biz hüquq-mühafizə orqanlarının bu yarıtmaz işini nəzərə alıb müstəqil deputatlardan ibarət ictimaiyyətin də nümayəndələrinin qatıldığı bir araşdırma komissiyasının yaradılmasını təklif edirik».

Bu, Müsavat deputat qrupundan millət vəkili Arzu Səmədbəylinin fikirləridir. O hesab edir ki, aprelin 30-da Neft Akademiyasında 13 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisənin qarşısının alınmamasının səbəbi hüquq-mühafizə orqanlarının işinin düzgün qurulmamasıdır.

Milli Məclisin mayın 8-də keçirilən iclasında deputat İqbal Ağazadə də Neft Akademiyasında baş verən hadisə ilə bağlı əlavə istintaq qrupunun yaradılmasına ehtiyac olduğunu bildirdi:

«Neft Akademiyasında baş verən hadisə ciddi faciədir. Hesab etmirəm ki, bunun motivi hər hansı bir şəxsin psixi, ruhi pozuntusu ilə bağlıdır. Burada xüsusilə terror əməli var. Buna görə də çox istəyərdim ki, məsələnin daha geniş araşdırılması, daha geniş spektrli əhalinin informasiyasının bir yerdə cəmlənməsini təmin etmək üçün deputatlardan və ictimai statuslu şəxslərdən ibarət istintaqa yardım üçün deputat istintaq qrupu yaradılsın».

İ.Ağazadə hesab edir ki, bəzən istintaqa təqdim olunmayan məqamlar ayrı-ayrı ictimai statuslu qrupların toplantısında daha asan əldə edilir. Ona görə belə bir qrupun olması vacibdir.

Onu da deyim ki, şahidlər insanların qətlə yetirildiyi vaxt ilk olaraq Neft Akademiyasına gələn polislərin hadisəyə müdaxilə etmədiyini, qatil zərərsizləşdirilmədiyi halda onların gözləmə mövqeyi tutduğunu deyirdilər.

Hakim YAP-dan millət vəkili Mübariz Qurbanlı isə hesab edir ki, hüquq- mühafizə orqanları öz işlərini lazımınca yerinə yetirirlər. Ümumilikdə isə bu hadisədən siyasi məqsədlər üçün istifadə etmək düz deyil.

Spiker Oqtay Əsədov isə əlavə istintaq qrupu yaradılmasına ehtiyac olmadığını dedi:

«Bu hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Özü də birbaşa cənab prezidentin nəzarətindədir».

Vəkil Aslan İsmayılov isə deyir ki, qanun hansısa deputatların, ictimai qurumun nümayəndələrinin və ya vəkillərin istintaqa deyilən qaydada kömək etməsini nəzərdə tutmur. Digər tərəfdən təcrübə göstərir ki, deputat istintaq qrupunun istintaqa maneçiliyindən başqa heç bir köməyi olmur:

«1993-cü ildə Gəncə hadisələri ilə bağlı deputat istintaq qrupu yaradıldı. O istintaq qrupunun işə ziyandan başqa heç bir köməyi olmadı. Amma deputatlar doğrudan da bu işin obyektiv, sürətli, məsuliyyətli istintaqını istəyirlərsə, o qurumlara rəhbərlik edən şəxsləri parlamentə çağırıb işlə bağlı hansı istintaq hərəkətləri aparıldığı barədə hesabat tələb etsinlər. Yəni qanuni nəzarət yolu budur».

Cənab İsmayılov deyir ki, qanunla parlament hökumətin üzvlərinin hesabatını tələb edə bilər. Amma qrup yaradıb istintaq apara bilməz.
XS
SM
MD
LG