Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

«Xeyirlə şər əkizdirsə…»


Gül bayramı, 10 may 2006
«Yeni Müsavat»: «Belə görünür ki, 4 gündən sonra «gül bayramı» adlandırılan mərasim mütləq keçiriləcək. Paytaxtda baş verən qanlı hadisə, Neft Akademiyasında törədilən qırğın, qətliam bu təntənənin qarşısını ala bilmədi». Xalid Kazımlı «Xeyirlə şər əkizdirsə…» başlıqlı köşə yazısında belə yazır.

«Paradoksal bir vəziyyət yaranır. Demək olar ki, eyni küçədə 30 aprel qırğınının qurbanlarına yas tutularkən, o yanda gül bayramının təntənəsi yaşanacaq.

Sonra da utanmadan milli həmrəylikdən, yumruq kimi birləşməkdən danışırıq, bir ağlayıb-bir gülməkdən bəhs edirik, hər il dekabrın 31-də dil boğaza qoymuruq.
Dekabrda o cür danışmaq hara, mayda camaatın ölüsünün üstündə toy çaldırmaq hara? Budurmu həmrəylik, budurmu bir ağlayıb, bir gülmək?

«Xeyirlə şər əkizdir, hər ikisi əzizdir» kəlamı bu yerdə demaqogiyadan başqa bir şey deyil. Həqiqət başqa cürdür. Əsas məsələ illər öncə əyalətlərdə ciddi önəm daşıyan bir ənənəyə riayət edib-etməməkdir. Eldə ölü düşübsə, artıq başlamaq üzrə olan toy ya təxirə salınardı, ya da qaradinməz (musiqisiz) keçirilərdi.
Söz yox, bəzən bu ənənəyə, yazılmamış qanuna riayət etməyənlər də olardı, amma sonradan onlar mütləq peşman olardılar. El elələrinə - camaatın hüzründə şadyanalıq edənlərə hörmət qoymazdı, kişi saymazdı, pisikdirərdi. İcma yaşayışının qaydası budur».

«Bizim Yol»: «Bir gün bəzi qəzetlər yazsa ki, Neft Akademiyasındakı qətliamın əmrini şəxsən Məsud Bərzani, silahını şəxsən Dmitri Medvedev, xeyir-duasını isə şəxsən Ben-Laden verib, obıvatellər bu sərsəmləməni də həzm edəcək». Məmməd Süleymanov «Qorxu və şübhə şousu» sərlövhəli köşəsində belə yazır.

«Qətliam şouya və konspirologiya sicilləmələri üçün yazı meydanına dönüşdürülür. Qəsdən, ya təsadüfdənmi bilmirəm, bu qırğının yalquzaq bir əclafın işi olması versiyası kənara atılaraq bacardıqca çox insan və dairələri buraya bulaşdırırlar. Görünür, miqyası şişirdilməyən hadisə bizdə hadisə sayılmır. Əsl hadisə odur ki, mütləq onlarla insan öldürülsün, onlarla vətəndaş tutulsun və ssenarinin arxasında minimum bir neçə təşkilat dayansın.

Mətbuatın bəzi nümayəndələrinin bu tip paranoidal davranışı əslində cəmiyyətdəki ümumi vəziyyəti əks etdirir. Mətbuat bu qətliamdan bacardıqca gur rezonans yaratmağa çalışdığı kimi, hakimiyyət də istintaq-axtarış orqanlarının vasitəsilə bu olayları növbəti repressiya alətinə çevirir. Biz qlobal bir kənddə yaşayırıq. Hər bir əmələ görə canidən başqa onunla ən minimum tanışlığı olan şəxslər də şübhə altına salınır.

İşsizlik və yoxsulluğun ucbatından iqtisadi inkişafı fontan vuran Azərbaycandan fəhləlik etmək üçün atası ilə birlikdə Vladiqafqaza getmiş Mədət Kazımovun saxlanması buna sübutdur. Qatilin telefon kartı onun adına imiş.

Oğlunun adı hallanan kimi atası Qafur onu da götürüb Vətənə dönüb. Ata deyir: «Onu tutub gətirməyiblər. Bu məlumatlar ortaya çıxandan sonra onu özüm götürüb Azərbaycana gətirdim. Gömrükdə oğlumu əlimdən aldılar».

«Yeni Azərbaycan»: 3 May Ümumdünya Söz Azadlığı günü münasibətilə ABŞ prezidenti Barak Obama öz çıxışında Azərbaycanı söz və mətbuat azadlığı sahəsində qeyri-azad ölkələrdən biri kimi qeyd edərək, Azərbaycanda jurnalistlərin həbs olunmaları barədə fikirlər səsləndirib. Bununla əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzovun fikirlərini öyrəndik.

«Obamanın bu fikirləri tam yanlışdır və fakta əsaslanmır. Bu gün Azərbaycanda jurnalistlərə və mətbuata qarşı təzyiq yoxdur. Qeyd etmək istərdim ki, onun bu barədə konkret məlumatı yoxdur…
…Obama dəfələrlə bəyan edib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır. Strateji müttəfiqi olan bir ölkəni beş gündən sonra neqativ ölkə kimi təqdim etmək anlaşılan deyil. Maraqlıdır ki, Barak Obama nə üçün Ermənistanın adını çəkmir? Ermənistanda nəinki söz və mətbuat azadlığı, bütün insan və vətəndaş hüquqları pozulur. Ötən ilin prezident seçkiləri zamanı erməni xalqına tutulan divan, daha sonra həmin hadisələrdə həbs olunanların indinin özündə də həbsdə oturmaları faktdır. Bu ölkədə siyasi məhbuslar var, kütləvi informasiya vasitələrinə olan təzyiqlər, hətta yadınızdadırsa, internetə də qoyulan qadağa bu ölkədəki vəziyyətin nə qədər də pis olduğunun göstəricisidir. Cənab Obamanın bu hadisələrə də münasibət bildirməsi məqsədəuyğun olardı».

«Üç nöqtə»: «Minimum istehlak səbətinin tərkibinə dəyişikliklər edilib». Bunu iqtisadçı ekspert Vüsal Qasımlı deyib.

«Azərbaycan Respublikasının 2009-cu il üçün yaşayış minimumu haqqında» Qanuna görə, 2009-cu ildə yaşayış minimumu orta hesabla 70 manatdan 84 manata qədər artırılıb. İqtisadçı ekspert Vüsal Qasımlı minimum istehlak səbətinə edilən dəyişiklikləri şərh edərkən bildirdi ki, bu kalorilik baxımından dünya standartlarına adekvat deyil: «Azərbaycanda istehlak səbətinə daxil olan məhsulların kaloriliyi 2250 kilokalori təşkil edir. Qonşu ölkələrdə, məsələn, Rusiya, Latviyada istehlak səbətinə daha çox zəngin kalorili ərzaq məhsulları salınır. Bizdə isə bu amil diqqətdən kənarda qalıb».

Müsahibimiz istehlak səbətinə daxil olan məhsulların dəyəri hesablanarkən qiymətlərin dəqiq götürülmədiyini dedi: «Yəni səbətin tərkibində yer alan məhsullar olduqca aşağı qiymətlərlə hesablanır. Bu da ona gətirib çıxarır ki, minimum yaşayış normasının ümumi dəyəri az olur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG