Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:26

«Ermənistan-Azərbaycan münaqişəsinin həlli baha başa gələcək»


Tomas de Vaal
«Bütün dünyanın başı maliyyə böhranına qarışdığı bir vaxtda Qafqaz hələ də 1914-cü ilədək böyük güclərin toqquşması dövründə ilişib qalıb. Keçən ilin avqustunda Gürcüstanın Rusiya ilə konflikti onu gösrətdi ki, Avropanın heç bir yerində müharibə bu qədər təhlükəli deyil».

Tomas de Vaalın «Financial Times»də dərc olunmuş «Qafqazda müharibə kabuslarına son qoyun» yazısında belə deyilir. Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş «Qara bağ» kitabının müəllifidir.

Müəllif yazır ki, may ayı bunun üçün əsas məqam ola bilər. Bu uğursuz regionda maraqları olan Rusiya, Avropa Birlyi və Türkiyənin ulduz bürcləri tarazlaşırlar. Onlarının region və onun enerji layihələri üçün olan ən böyük təhlükəni közərtmə imkanları var. Bu da Dağlıq Qarabağ problemidir.

Tomas de Vaal yazır ki, keçən ay Ermənistan və Türkiyə aralarındakı münasibətləri normallaşdıracaqlarını elan etdilər. Yəni onların bağlı sərhədləri açılacaq və 1915-ci ildə ermənilərin Osmanlı imperiyası tərəfindən qırılması iddiasını araşdırmaq üçün komissiya yaradılacaq.

Bu, çox böyük nailiyyət olardı. Lakin bir maneə var. Tomas de Vaala görə, bu, qanuna əsasən Azərbaycan ərazisi olan, hazırda isə Ermənistanın nəzarətində olan separatçı Dağlıq Qarabağdır. Ermənilər deyirlər ki, bu iki məsələ qarışdırılmamalıdır, lakin Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, sərhədlər açılmadan öncə Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmalıdır.

Yazıda bildirilir ki, 1988-ci ildə başlayan bu kiçik konflikt, keçmiş Sovet məkanının ilk etnik-ərazi müharibəsi Mixail Qorbaçov da daxil olmaqla bir çox vasitəçiləri məğlub edib. 1991-ci ildə bu münaqişə müharibə halını aldı və 20 min adamın ölməsi, 1 milyon adamın isə evsiz-eşiksiz qalmasına səbəb olub. 1994-cü ildə ermənilər bu müharibədə qalib gəldilər və yalnızca Dağlıq Qarabağ üzərində deyil, həm də «ehtiyat zona» adlandırdıqları əraziyə də nəzarəti ələ keçirdilər. Bu gün hər iki tərəfin qüvvələri atəşkəs zolağında üz-üzə dayanıblar. Bəzən snayperlər atəş açaraq kimlərisə öldürürlər, ümumilikdə isə atəşkəsdir.

«Financial Times»də dərc olunmuş yazıda deyilir ki, münaqişə dondurulduğuna görə, əsas tranzit yolları genişlənməyə başlayıb:

«BP tərəfindən tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri gün ərzində Qərb bazarlarına 1 milyon barrel neft ixrac edir. Bu kəmər atəşkəs zolağının yanından keçir. Öz yeni gəlilərindən şişən Azərbaycan dünyada ən sürətlə artan hərbi büdcəyə malikdir və onun indi silaha xərclədiyi pul Ermənistanın bütövlükdə büdcəsindən daha çoxdur. Azərbaycanlılar torpaqlarını geri almaq üçün hərbi təlim keçirlər. Bu da bütün region üçün qarabasma ola biləcək müharibə ruhuna çağırışdır. Mayın 7-i Azərbaycan və Ermənistan prezidentləri Praqada sülh danışıqlarını davam etdirəcəklər».

Tomas de Vaal yazır ki, hər iki lider kifayət qədər ağrılı güzəştlər etməlidirlər. Azərbaycan ilkin olaraq itirdiyi əraziləri güzəştə getməlidir, o, bunula digər əraziləri qaytara bilər. Ermənistan isə işğal olunmuş ərazilərdən əl çəkməli və Dağlıq Qarabağın müstəqil ola biləcəyini unutmalıdır. O bildirir ki, əsas qüvvələr bu məsələdə irəliləyiş əldə etmək üçün fəallıq göstərməyə elə də həvəskar deyillər. Hər iki tərəfin güclü xarici dostları var. ABŞ-da Pentaqon və enerji şirkətlərinin Azərbaycanla münasibətləri yaxşıdır. Konqresin güclü erməni lobbisi var.

Müəllifin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli baha başa gələcək. Dağılmış ərazilərin yenidən qurulmasına beynəlxalq ictimaiyyət maliyyə yardımı ayırmalı olacaq. Qarabağ erməniləri üçün ən böyük təhlükə Azərbaycandan gələ biləcək hərbi təhlükədir və onlar imza atmadan öncə sülhməramlıların olmasını istəyəcəklər.

Yazıda bildirilir ki, lakin bunun nəticəi böyük olacaq. Yalnız Azərbaycan və Ermənistan üçün yox, regionda payı olan hər kəs üçün. BP-dən tutmuş Avropa Birliyinədək, Avropa Birliyindən İranadək. Sabit həll həm də «Nabukko» kəmərinin irəli aparılmasına yardım edəcək.

Tomas de Vaal yazır ki, sülh yalnız o zaman olacaq ki, Ermənistan və Azərbaycan bir-birini düşmən adlandırmağa son qoyacaqlar. Birgə tarixləri daha gərgin olan Türkiyə və Ermənistan bunun üçün yol açıblar. Əgər bu iki millət normal münasibətlər qura bilsə, Azərbaycan və Ermənistan da bir-birinin barışıq damarını tuta biləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG