Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

«Azərbaycanın mənafeyinə zərər vuran iqtidarda qala bilməz»


Yaşar Yakış
Yaşar Yakış
Türkiyənin keçmiş Xarici İşlər naziri, Türkiyə parlamentinin Avropa Birliyi ilə əməkdaşlıq komissiyasının sədri Yaşar Yakış «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Son vaxtlar Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq dövrü yaşanır. Sizcə, Baş nazir Ərdoğanın səfəri münasibətlərə yumşaqlıq gətirə bilərmi?

- Məncə, bu, süni yaradılmış soyuqluqdur. Durumun ən qısa müddətdə düzələcəyini, münasibətlərin gərəkli axara düşəcəyini düşünürəm. Bu baxımdan Rəcəb Tayyib Ərdoğanın səfəri böyük önəm daşıyır. Türkiyə-Ermənistan münasibətlərində Qarabağ məsələsini ikinci plana atan heç bir hökumət iqtidarda qala bilməz. Daha geniş deyim - Azərbaycanın mənafeyinə zərər vuraraq Ermənistanla münasibət qurmağa çalışan bir hökumət burda ayaq üstündə dura bilərmi? Mümkün deyil.

- Necə düşünürsünüz, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı bilərəkdən məlumatsızlıq yaradılmışdı? Azərbaycanın bu durumdan məmnun olmadığını gördük.

- Bəli. Burada Türkiyədəki bir neçə partiyadan istifadə edilərək bir daşla bir neçə quş vurmaq hədəf seçildi. Başqa tərəfdən, Rusiyanın maraqlarına xidmət etmək, Azərbaycan iqtidarını məlumatsız qoymaqla situasiyanı gərginləşdirmək niyyətləri var idi. Mən bu durumu daha çox müxalifət partiyalarının öz məqsədləri üçün istifadə etdiyi bir məqam kimi qiymətləndirirəm.

- Yaxın günlərdə Türkiyə prezidenti Abdullah Gülün Azərbaycan və Ermənistan dövlət başçıları ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəyi gözlənilir. Türkiyənin Qarabağ probleminin nizamlanması məsələsində fəallaşması, Sizcə, ATƏT-in Minsk Qrupunun gələcəyini sual altında qoya bilərmi?

- Minsk Qrupu illərdən bəri varlığı ilə yoxluğu bəlli olmayan bir qurum halına gəldi. Əgər Türkiyənin təşəbbüsü nəticə versə, Minsk Qrupunun üzvləri meydandan çəkilməyi düşünməlidirlər. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma cəhdləri nəticə versə, bu proses eyni zamanda, Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcək. Mən Dağlıq Qarabağ deyəndə, Kəlbəcəri, Şuşanı, Laçını və işğal altındakı digər Azərbaycan torpaqlarını da nəzərdə tuturam. Biz bölgədəki problemlərin həlli üçün gərəkli addımları atırıq. Türkiyənin bölgədəki yeni rolu ilə bağlı önəmli layihələr var. Biz bu siyasəti yürütməkdə israrlıyıq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG