Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:31

Gül bayramının keçiriləcəyi parka giriş qadağandır


Parkda və ətrafda olan polislər heç kimi parka buraxmır
Parkda və ətrafda olan polislər heç kimi parka buraxmır
Gül bayramının keçiriləcəyi Heydər Əliyev adına parka giriş-çıxış bağlanıb. Yeraltı keçidin parka açılan girişi də bağlıdır. Yeraltı keçiddə üstündə gül şəkli olan lövhədə «narahatlığa görə üzr istəyirik» sözləri yazılıb. Parkda və ətrafda olan polislər heç kimi parka buraxmır. Deyirlər ki, bura strateji obyektdir. Parka girmək istəyən bir gənci isə polis özüylə apardı. İnşaat Universitetinin 3-cü kurs tələbəsi Bulud Əliyev deyir ki, polisin apardığı şəxs onun dostudur:

«Polislər deyirlər ki, parka giriş qadağandır. Bura bizim həmişə gəldiyimiz yerdir. Biz elə bildik ki, işləməyən eskalatordur. Dəmir məhəccərin üstündən tullanıb parka girdik. Polislər gəldilər, əvvəlcə söyüş söydülər, sonra dostumu apardılar».

Parkın içinə girmək istəyən daha bir neçə nəfəri də polis parkdan uzaqlaşdırdı.

Parkın hər tərəfi bağlı olsa da, kiçik bir hissə açıq idi. Fəhlələr burda yük maşınından iri afişaları boşaldırdılar. Bir az kənarda isə iki ağ çadır qurulmuşdu. Biri böyük idi, digəri kiçik.
Bulud Əliyev
Burdakılar deyirlər ki, çadırlar gül bayramına hazırlıqla bağlı qərargah rolunu oynayır. Plastik qapılı çadırın içində stol, stullar, ətrafda taxtalar vardı. Çadırın tavanına çilçıraq vurulmuşdu. Ətrafda bir neçə nəfərin yaxasında Heydər Əliyevin əksi olan ulduzlar vardı. Özünü təqdim etməyən şəxs deyir ki, bura ara-sıra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da baş çəkir. Gördükləri iş haqqındasa bunları bildirir:

«Biz burda hamballıq edirik».

Burda Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları da vardı. İcra hakimiyyətində ictimai-siyasi şöbənin müdiri Zaur Ramazanovdan öyrənirəm ki, gül bayramı mayın 10-11-i olacaq. Güllər isə ayın 10-na yaxın gətiriləcək. Hardan gətiriləcək, nə qədər xərc çəkiləcək, bunlar haqda məlumat vermədi.
Çadırlar gül bayramına hazırlıqla bağlı qərargah rolunu oynayır
Bir onu dedi ki, bəzi qəzetlər gül bayramına 20 milyon xərc çəkilməsini yazırlar, ancaq bu, doğru deyil:

«Yazırlar 20-30 milyon pul xərclənir, bunlar hamısı boş şeydir, 20 milyona mikrorayon salmaq olar...»

Z.Ramazanov deyir ki, mayın 10-da axşam dənizkənarı parkda saat 9-dan 11-ə qədər konsert, sonrasa atəşfəşanlıq olacaq.

Milli Məclisin hakim YAP-dan olan üzvü Gülər Əhmədova parlamentin son iclasında demişdi ki, gül bayramına hər il 14-15 milyon manat pul xərclənir, bu pula «10 may» parkı salmaq olar.

Aprelin 30-da faciə baş verən Neft Akademiyasının divarlarına yazılmış şüarlardan bir neçəsi də «Gül bayramına yox!», «Gül bayramı keçirilməsin!» idi. İndi bütün şüarlar pozulub.
Mahir Ağayev
Neft Akademiyasının 4-cü kurs tələbəsi Mahir Ağayev deyir ki, o, gül bayramının keçirilməsinə etiraz edir:

«Gül bayramı şənlikdir. Əslində matəm olmalıydı, olmayıbsa, bayram da olmamalıdır. Mən gözlərimlə gördüm. Ramiz müəllim gözümün qabağında can verirdi, Toma xanım, Məcnun müəllim…Mən 5-ci mərtəbə idim. Ən çox həlak olan da ordaydı. Sonra aşağıda başından qan axan tələbələri gördüm. Bunlar beynimə həmişəlik həkk olundu. Nə bayram?! Gül bayramına qarşı səsimi duyurmağa hazıram».

Gül bayramı mayın 10-11-i olacaq. Güllər isə ayın 10-na yaxın gətiriləcək
Bir qrup Bakı sakini də Neft Akademiyasında baş verən faciədən sonra gül bayramı keçirilməsinə etiraz etdiyini deyir:

- O uşaqların yasını saxlamaq lazım idi. Onların ailəsi qan-yaş tökür, biz gül bayramı keçirəcəyik, yaxşı deyil axı.
- Bayram lazım deyil.
- Bu, düz deyil, bayramı təxirə salmaq lazım idi.
- Belə faciədən sonra nə bayram?
- Bu uşaqlar öldürüldü, nə gül bayramı?!
- Heç olmasa tələbələrin qırxını gözləmək lazım idi.
- Nə gül bayramı, o güllər öldürülən tələbələrin qəbirlərinə tökülməliydi...

Bakıda artıq bir neçə ildir keçmiş prezident Heydər Əliyevin doğum günündə - mayın 10-da gül bayramı keçirilir.
XS
SM
MD
LG