Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:54

Nazirlərin Vaşinqton görüşü nələr vəd edir?


Elmar Məmmədyarov və Eduard Nalbandyan
Elmar Məmmədyarov və Eduard Nalbandyan
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Eduard Nalbandyanın mayın 5-də Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla görüşü siyasi dairələrdə müzakirə olunmaqdadır. Ağ Evin bu təşəbbüsünü Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlarda yeni mərhələ kimi dəyərləndirənlər də var, Vaşinqton görüşündən nəsə gözləməyi sadəlövhlük sayanlar da.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyir ki, Vaşinqton görüşü ABŞ-ın yeni administrasiyasının bu məsələyə diqqəti artırdığını deməyə əsas verir:

«Yeni administrasiya problemləri müzakirə etməklə özünün bu məsələyə yeni töhfələrini müəyyənləşdirməyə çalışır. Və tərəflərə müvafiq mesajlar verməklə mövqeləri aydınlaşdırıb onların yaxınlaşdırılması üçün konkret addımların atılmasını təklif edəcək».

Araz Əzimov hesab edir ki, ancaq bu görüşün konkret nə vəd etdiyini dəqiq bilmək üçün Elmar Məmmədyarovun səfərdən qayıtmasını gözləmək lazımdır.

Amerikada keçirdiyi görüşlərdə ikitərəfli münasibətlər, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edən Elmar Məmmədyarov isə həmkarı Eduard Nalbandyan kimi Vaşinqtondan sonra ölkəsinin prezidentini müşayiət etmək üçün Praqaya gedəcək. Mayın 7-də İlham Əliyev və Serj Sarkisyan Çexiyanın paytaxtında Türkiyə prezidenti Abdullah Güllə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.

Konfliktlərin həlli mərkəzinin rəhbəri Elxan Mehdiyev hesab edir ki, son dövrlər ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri və Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi fəallıq nümayiş etdirməsi nizamlama prosesində dəyişikliyə doğru proses getdiyini deməyə əsas verir. Digər tərəfdən Türkiyə həm ABŞ həm də Rusiyaya bu məsələnin tezləşdirilməsi istiqamətində təsirlər edir. Amma Rusiyanın özünün də prezident səviyyəsində bu işə qarışması az əhəmiyyət daşımır:

«Mən düşünürəm ki, bu işdə dəyişikliyə doğru bir meyl var. O baxımdan indi ruslar Medvedevin vasitəçiliyi ilə Sankt-Peterburq görüşünü hazırlayırlar. Ondan da öncə Praqa görüşü var. Hesab edirəm ki, Rusiyada olan görüşdə bir şey alına bilər».

Elxan Mehdiyev əlavə edir ki, ancaq bu dəyişikliyin Azərbaycanın xeyrinə olub-olmaması bəlli deyil. Bu məsələ prosesin gedişində aydınlaşacaq.

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Vaşinqton görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlarda hələlik yeni heç nə vəd etmir. Çünki əslində bu məsələdə danışıqlar heç başlanmayıb. Sadəlövhlər bilməsə də, peşəkarlar bunu yaxşı anlayır. Ancaq mümkündür ki, Vaşinqton görüşü Dağlıq Qarabağ probleminin həllinə yönələn danışıqların başlanması mərhələsi olsun:

«Bəlkə indiki görüş danışıqların başlanğıc mərhələsi ola bilər. Çünki buna qədər aparılan bütün danışıqlar imitasiya xarakteri daşıyırdı. Hamı bilirdi ki, bu danışıqlar yalnız danışıq xatirinə aparılır. Ya da ki, bəlkə Allah kərimdir, birdən baş tutdu. Birdən necə baş tuta bilər, əgər Ermənistana Rusiya rəhbərlik edirsə. Ona görə də nə XİN rəhbərlərinin Vaşinqtonda Hillari Klintonla görüşündən, nə də prezidentlərin Praqa görüşündən heç nə gözləməyə dəyməz».

Amma Vəfa Quluzadə onu da deyir ki, Vaşinqtonun bu işə qoşulması olduqca müsbət haldır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG