Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:51

ATƏT-in amerikalı yeni həmsədri çərçivə sazişinin detallarının açıqlayır


Həmsədrlər yayda danışıqlar prosesində fasilə götürmək barədə qərar veriblər
Həmsədrlər yayda danışıqlar prosesində fasilə götürmək barədə qərar veriblər

Metyu Brayza: «Razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını, iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur»


Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Metyu Brayza ilk müsahibəsini «Azadlıq» radiosuna verdi. Bu vəzifədə rəsmən təsdiq olunduğunu bildirən cənab Brayza deyir ki, o həmsədrliklə yanaşı, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini müavini kimi də işini davam etdirəcək.


Səfir Metyu Brayza Qarabağ münaqişəsini artıq xeyli müddətdir ki, izlədiyini bildirir: “İki il əvvəl mən hazırkı danışıqlar formatının yaradılmasında iştirak etmişəm. Nəticədə artıq masanın üstündə çərçivə sazişi var. İndən belə bu məsələdə daha fəal və gündəlik rol oynayacağıma çox şadam”.


Danışıqlarda konkret nə müzakirə olunduğu, söhbətin sazişdən yoxsa hansısa işçi sənəddən getdiyi barədə sualımıza Metyu Brayzanın cavabı belə oldu: “Hələlik prezidentlər masanın üstündə olan çərçivə sazişi ilə bağlı razılığa gələ bilməyiblər. Buna əsaslanaraq biz vəziyyətin mürəkkəb olduğunu görürük. Hazırda danışıqlarda çərçivə razılaşması müzakirə olunur. Həmin razılaşmaya görə erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Saziş Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, iqtisadi əlaqələrin bərpasını da nəzərdə tutur.


Sənədə həmçinin sülhməramlı qüvvələr, Qarabağ regionuna beynəlxalq iqtisadi yardım, iqtisadi inkişaf və sair məsələlər daxildir. Hansısa son mərhələdə Dağlıq Qarabağın gələcək statusu ilə bağlı səsvermənin keçirilməsi nəzərdə tutulur. Hazırda danışıqlar masasında olan təkliflərin əsas prinsipləri bunlardır.


Biz prezidentləri çərçivə razılaşmasını qəbul eləməyə çağırırıq. Lakin mən bunu əvvəllər də demişəm ki, bu onlardan çox ciddi siyasi cəsarət tələb edəcək”.


Amerikalı diplomat əlavə edir ki, prezidentlər Buxarestdə məsələ ətrafında geniş, detallı müzakirə aparıblar: “O vaxtdan bəri onlar elə bir mənfi bəyanatlar verməyiblər. Həmsədrlərin ümidi odur ki, bu, prezidentlərin çətin güzəştlərə getməyə hazır olmalarına siyasi iradənin nümayişidir. Mən hələ əmin deyiləm ki, prezidentlər bu mərhələyə gəlib çatıblar”.


Metyu Brayza deyir ki, həmsədrlər prezidentlərin siyasi iradə nümayiş etdirməyə hazır olub-olmadıqlarını müəyyənləşdirmək üçün yayda danışıqlar prosesində fasilə götürmək barədə qərar veriblər. Lakin o əlavə edir ki, bu addım prosesin dayandırılması kimi başa düşülməməlidir. Sadəcə prezidentlərə düşünmək üçün imkan verilir.


Tərəflər arasında fikir ayrılıqlarına səbəb olan məqamlar barədə şərh verməyən diplomat bildirdi ki, bu barədə tərəflərin özləri danışa bilərlər. Həmsədrlərin baxışlardakı fərqlər barədə danışması düzgün olmazdı.


«Azadlıq» radiosunun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, tərəflər arasında əsas fikir ayrılıqları Kəlbəcər və Dağlıq Qarabağın gələcək statusu ilə bağlıdır.


Cənab Brayza həmsədrlərin növbəti planları barədə də məlumat verdi. Onun sözlərinə görə, vasitəçilər yay fasiləsindən sonra – sentyabr-oktyabr aylarında ATƏT-in Daimi Şurasına hesabat vermək üçün Vyanada toplaşacaqlar. Prezidentlərin yeni görüşünü təşkil etmək üçün də addımlar atılacaq. Lakin Amerikalı həmsədr əlavə edir ki, indiki mərhələdə artıq hər şey prezidentlərdən asılıdır: “Artıq hər şey prezidentlərin asılıdır. Onlar çərçivə razılaşmasını ölkələrinə aparıb-aparmamaq barədə siyasi cəhətdən çətin, ağrılı qərarlar verməlidirlər. Biz onlara bunun üçün hərəkat imkanı veririk ki, onlar növbəti çətin addımları atmaq üçün siyasi iradə nümayiş etdirə bilsinlər”.


2006-cı ilin əvvəllərində Dağlıq Qarabağ sülh prosesində ciddi irəliləyişin gözlənildiyini bildirmişdiniz. Hətta sülh sazişinin əldə olunacağı ilə bağlı nikbin bəyanatlarla çıxış edirdiniz. 2006-cı ilin 6 ayı artıq geridə qaldı. Siz sülhün bu il əldə olunacağına hələ də inanırsınızmı sualına cənab Brayzanın cavabı: “Mən bunu bilmirəm. Əgər mənim bəyanatlarıma diqqət yetirsəniz, mənin nikbinliyim danışıqlar masasında çərçivə razılaşmasının olması ilə bağlı idi. Və bu sənəd ədalətli və davamlı sülh üçün bünövrə ola bilər. Mən ona görə nikbiniydim ki, həmsədrlər prezidentləri çətin qərarlar vermədən, ağır güzəştlərə getmədən saziş bağlamağa çox yaxınlaşdırmışdılar. Biz hələ də eyni yerdəyik. Bilmirəm buna nikbin və ya bədbin demək olar. Lakin Minsk Qrupu olaraq biz prosesi mümkün qədər uzun bir məsafəyə gətirib çıxarmışıq. Artıq qərara almışıq ki, prezidentlər arasında yeni bir görüşün təşkilinə, hələlik ehtiyac yoxdur. Biz bacardığımız qədər prosesə töhfəmizi vermişik. Artıq çətin qərarları prezidentlər özləri verməlidirlər. Bu bədbinlikdirmi? Bilmirəm. Bu prezidentlərin hansı qərar verəcəyindən asılı olacaq. Əgər onlar irəli getməyə siyasi iradələrinin olmaması qərarını versələr-onda buna bədbin nəticə demək olar. Biz bilmirik prezidentlər hansı qərarı verəcəklər. Biz həmsədrlər geri çəkilirik ki, siyasi iradə nümayiş etdirməyə onlara imkan verək”.


Amerikalı həmsədri bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ və Rusiya arasında konstruktiv əməkdaşlıq mövcuddur. Dağlıq Qarabağ münaqişəsi digər regional konfliktlərlə yanaşı bu yaxınlarda Sankt-Peterburqda Böyük Səkkizlərin Zirvə Toplantısında da müzakirə oluna bilər. Cənab Brayza deyir ki hələlik bu toplantının gündəliyi müzakirə olunur: “Biz sammitdə regional münaqişələrin qaldırılmasına dair ABŞ-ın Dövlət Katibi Kandoliza Ryasa tövsiyə vermişik“.


Səfir Metyu Brayza «Azadlıq» radiosunun bölgədə demokratik islahatlarla bağlı da suallarına cavab verib. Bu barədə növbəti buraxılışlarımızda məlumat verəcəyik.


XS
SM
MD
LG