Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Matəm istəyən tələbələr saxlandı


Yerli media yazır ki, polis tələbələri «Gül bayramı»na yox deyək» şüarını səsləndirdiyi üçün saxlayıb
Yerli media yazır ki, polis tələbələri «Gül bayramı»na yox deyək» şüarını səsləndirdiyi üçün saxlayıb
Mayın 4-də polis Neft Akademiyasının bir neçə tələbəsini saxlayıb. Azərbaycan Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri Ramin Hacılı deyir ki, tələbələr divara vurmaq istədikləri plakatın zavalına gəliblər. Onların plakatında «Bayram istəmirik, matəm istəyirik» sözləri yazılıbmış. Ramin Hacılı deyir ki, gün ərzində o, saxlanan tələbələrlə əlaqə saxlaya bilməyib. Bircə ona nail olub ki, polisin saxladığı partiyanın bir üzvü - Rövşən Nəcəbov sərbəst buraxıb:

«Mən rəislə danışdım, Rövşənin azad olunmasına nail oldum. Amma o biri tələbələrin adlarını bilmirəm. İndi gedirəm ki, onların da buraxılmasına nail olaq».

Ramin Hacılı deyir ki, tələbələr mayın 10-da keçiriləcək gül bayramına etiraz eləyirlər. Tələbələr bildirirlər ki, baş verən bu faciədən sonra belə bayram keçirmək onlara yaraşmaz. Elə ötən həftənin cümə günündə də yüzlərlə tələbə Neft Akademiyasındakı faciədən sonra ölkədə matəm elan olunmasını tələb eləmiş, hadisə zamanı öldürulən tələbərin anım mərasimində divarlara «Gül bayramına yox!», «Bəs matəm!» şüarları yazmışdılar.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə deyir ki, onlar gül bayramına hazırlaşırlar. Tələbələrin etirazlarıyla bağlı isə onda məlumat yoxdur. Bayramın təxirə salınması ehtimalına gəlincə, Nuranə Mərdanova deyir ki, o, bu barədə xəbərsizdi və belə məsələlərlə bağlı qərar vermək onun səlahiyyətlərinə aid deyil.

12 nəfərin ölümü, 10-dan çox adamın yaralanmasıyla nəticələnən bir faciə ölkədə matəm elan olunmasına əsas verirmi? Üstəlik, bayram tədbiri təxirə salınmalıdırmı? Və ən nəhayət, hökumət bu tələblərə necə reaksiya verməlidir?

«Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində matəm dərhal elan olunmalıydı. Üstündən bir neçə gün keçəndən sonra matəm əhval-ruhiyyəsini saxlamaq hadisənin yaratdığı kütləvi psixoz vəziyyəti daha da gərginləşdirə bilər. Müsahibimizin fikrincə, əyləncəli proqramlarla faciəni unutdurmaq istəyi də anormaldır.

A.Rəşidoğlunun sözlərinə görə, hakimiyyət tələbələrə siyasi rəqib kimi yanaşmamalıdır:

- Tələbəlin etirazı başa düşüləndir. Ancaq hakimiyyət başa düşməlidir ki, tələbələr şokdadır. Onlar şokdan çıxa bilmirlər. Tələbələr ən azı öz təhlükəsizliklərinə təminat istəyirlər. Onların tələbələri tam təqdirə layiqdir və başa düşüləndir. Hakimiyyət onlarla cinayətkar kimi, siyasi rəqib kimi davranmamalıdır. İndi daha çox onlarla psixatr işləməlidir ki, tələbələr şokdan çıxa bilsinlər.

Bəs görəsən, gül bayramına etirazlar tələbə hərəkatına gətirib çıxara bilərmi?

Azər Rəşidoğlu xatırladır ki, ötən əsrin 90-cı illərində tələbələr ictimai hərakata qoşulsalar da, bir qüvvə kimi tələbə hərəkatına çevrilə bilmədilər. Müsahibimizin fikrincə, bir neçə ildir ki, ölkədə tələbə hərəkatının varlığı hiss olunmasa da, son hadisə belə bir qüvvənin mövcudluğunu ortaya qoydu:

- Əgər bu tələbə hərəkatı öz liderlərini yetişdirəcəksə, onda bu, həm hakimiyyətə, həm də müxalifətə bir mesaj olacaq ki, Azərbaycan siyasəti boş qalmayıb. Və biz gələcəkdə yaxşı təşkilatlanmış tələbə hərəkatından danışa bilərik.

O ki qaldı ölkədə hansısa faciədən sonra matəm elan olunmasına, Azərbaycanın müstəqillik dövründə 8 belə tarix var. Ən son və ən uzun matəm keçmiş prezident Heydər Əliyevin vəfat etməsiylə bağlı elan edilib. 2003-cü ildə onun vəfat etməsindən sonra ölkədə 7 günlük matəm elan olunmuşdu. Tələbələrin etirazına gəlincə isə, artıq Neft Akademiyasının divarları ağardılır, qətlə yetirilənlərin xatirəsinə yandırılan şamlar, pilləkənə düzülən qərənfillər yığışdırılır.
XS
SM
MD
LG