Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:14

Niyə matəm elan olunmadı?


«Matəm hər kəsin qəlbindədir»
«Matəm hər kəsin qəlbindədir»
«Bizim Yol» qəzeti: «Niyə matəm elan olunmadı?»

Mayın 1-də yüzlərlə tələbə Neft Akademiyasında baş vermiş faciə ilə bağlı aksiya keçirdilər. Aksiyada «Matəm elan olunsun!» «Bayraqlar endirilsin!» «Tələbələr ölməz, Vətən ölməz!» şüarları səsləndirilib...

Qanlı olayla bağlı rəsmi matəmin keçirilməsinə ehtiyac varmı? Nə üçün matəm elan olunmur?

Millət vəkili Zahid Oruc hesab edir ki, burada başqa məna axtarmaq yanlışdır:

«Matəm hər kəsin qəlbindədir. Tələbələrin həmin tədbirində mən də iştirak edirdim. Baş verən olayla hər bir insanın yanaşması sərtdir. Matəmi hər bir kəs öz qəlbində keçirir. Terror aktları həyata keçirilərkən müxtəlif hədəflər olur. Onlardan biri də vətəndaşları daim matəm ruhunda, matəm düşüncəsində saxlamaqdır. Son hadisədə matəm elan olunub-olunmasa belə, hər bir dövlət nümayəndəsi də, vətəndaşı da onun ağırlığını mənən bölüşür. Ona görə də bunda başqa bir məna axtarmaq da yanlış olar».

Digər millət vəkili Rəbiyyət Aslanova isə belə bir məsələni qaldırmağı faciədə ölənlərin ruhu qarşısında hörmətsizlik hesab edir:

«Faciə hər bir Azərbaycan vətəndaşının qəlbindədir. Bu, elə də böyük bir problem deyil ki? Yəni hansı mənada? Heç kəs bu boyda faciəni mübahisə predmetinə çevirməsin ki, matəm elan olundu, ya olunmadı. İndi elə bir Azərbaycan vətəndaşı yoxdur ki, onun qəlbi qan ağlamasın».

R.Aslanova deyir ki, hökumət məsələyə kifayət qədər diqqətlə yanaşır:

«Dərddən, faciədən sensasiya yaratmaq lazım deyil».

Müsavat Deputat Qrupunun üzvü Arzu Səmədbəyli isə tələbələrin istəklərinə uyğun olaraq matəm elan olunmasını mühüm sayır:

«Məncə, 1 günlük də olsa matəm eləmək olardı. Tələbələrin hissəsini də başa düşmək lazımdır. Artıq bundan sonra hər hansı bir matəmin elan olunacağına inanmıram. Belə bir addım atılsaydı, tələbələr bir az da olsa şokdan çıxardı. Həm də hakimiyyətin adekvat bir reaksiyası olmuş olardı».


«Yeni Müsavat» qəzeti: «Məmurlar prezidentin qadağasına məhəl qoymur»

Məmurlar prezident İlham Əliyevin ağacların qırılmasına qoyduğu qadağaya əməl etmirlər. Dünən redaksiyamıza müraciət edən Pirşağı qəsəbəsinin sakinləri ərazidə olan meşə zolağının bələdiyyə sədri və icra nümayəndəsi tərəfindən satıldığını bildirdilər:

«Şam meşəliyi Sovet dövründə Heydər Əliyevin tapşırığı ilə salınmışdı. Hazırda həmin meşəlik İlham adlı bələdiyyə sədri və Pərviz adlı icra nümayəndəsi tərəfindən müxtəlif şəxslərə satılır. Meşəlik qırılır və yerində villalar tikilir. İlham Əliyevin ağacların qırılmasını qadağan etməsinə baxmayaraq, meşə «soyqırımı» davam edir. İlhamla Pərviz prezidentin qadağasına nümayişkaranə şəkildə məhəl qoymurlar»...

Xaçmaz rayonundan gələn şikayətdə isə bildirilir ki, ağaclar gecə saatlarında qırılır... Aprelin 29-dan 30-na keçən gecə saat 4 radələrində Xaçmaz şəhəri Nərimanov küçəsində olan ağacları kəsmək istəyiblər: «Nərimanov küçəsi «Xaçmazın Torqovı»sı adlanır. Həmin ərazidə ev və torpaq sahələri həddən artıq bahadır. Şəhər icra nümayəndəsi Bəxtiyar Osmanovun rəhbərliyi ilə gecə saat 4-də ağacları kəsməyə başlayıblar. 3 ağac kəsildikdən sonra sakinlər məsələyə müdaxilə edib. Onlar ağacların qırılmasının qadağan edildiyini söyləyiblər. B.Osmanov isə deyib ki, İlham Əliyevin sərəncamını düz başa düşməyiblər. Sakinlərin təpkisindən sonra B.Osmanov ərazidən qaçıb»...


«Azərbaycan» qəzeti: «Xilas edilmiş uşağın təbəssümü naminə»

Uşaq və Ailələrə Dəstək Mərkəzi 2005-ci ildə «Save the children» Ümumdünya Fondunun təşəbbüsü ilə problemli uşaqlara yardım məqsədi ilə yaradılıb...

Mərkəz, əsasən, Daun sindromu, uşaq serebral iflici, autizm, nitqin pozulması, ümumi psixi və fiziki inkişafdan geri qalma kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərir... Onlarla ünsiyyət zamanı xəstə uşaqlar öz problemlərini unudur, psixoloqların, sosioloqların, müəllimlərin köməyi ilə yaşıdları ilə düzgün davranmağı öyrənir, kompüter dərsləri keçir, rus və ingilis dillərini, riyaziyyatı öyrənir, əl işləri ilə məşğul olurlar. İkinci belə mərkəz Bakıdan 400 kilometr aralı, Goranboyda yerləşir...

Ölkənin demək olar ki, bütün internat məktəbləri və uşaq evləri Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın şəxsi himayəsi altındadır. Yeni tikilən və xüsusi avadanlıqla təchiz edilən internat məktəblərindən və sanatoriyalardan başqa, hələ ötən əsrin 1930-cu və 1940-cı illərində tikilmiş köhnə binalar da əsaslı təmir olunub, burada müalicəvi bədən tərbiyəsi otaqları, idman zalları və musiqi salonları, yeməkxana, yaradıcılıq studiyaları, kompüter, tikiş və toxuculuq kabinetləri yaradılıb.

Bu yaxınlarda Bakı ətrafında Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 18-dən çox yaşı olan qızlar üçün 100 nəfərlik 50 mənzilli yaşayış binası istifadəyə verilib... Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin ümidinə qalırdılar və onların gələcək həyat yolunu izləmək mümkün olmurdu. Yeni ev bu problemin həllinə müəyyən dərəcədə kömək edəcək...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG