Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:57

Azərbaycan «Azad olmayan» ölkələr sırasındadır


Bakıda jurnalistlərin piketi, 24 aprel 2007
Bakıda jurnalistlərin piketi, 24 aprel 2007
Dünyada azadlıqların vəziyyətini öyrənən «Freedom House» təşkilatı 195 ölkədə medianın vəziyyətinə dair sorğu keçirib. Nəticələri hesablayan təşkilat ölkələri üç qismə bölür: «Azad», «Qismən azad» və «Azad olmayan» ölkələr.

«Freedom House» Azərbaycanı mətbuatın vəziyyətinə görə «Azad olmayan» ölkələr sırasında qoyub.

Sorğunun mayın 1-də élan olunan nəticələrinə əsasən, Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci sıradadır. Siyahıda 168-ci yeri Azərbaycanla Tacikistan bölüşür.

«Freedom House»nin siyahısına görə, media azadlığının təmin olunmasında Azərbaycan öz qonşuları Ermənistan və Gürcüstandan geridədir.

Ermənistan siyahıda 144-cü yerlə «Azad olmayan» ölkə kimi göstərilir.
Gürcüstan isə 128-ci yerlə «Qismən azad» ölkə hesab edilib.

«Freedom House»un gəldiyi qənaətə görə, Azərbaycanın digər bütün qonşuları - Rusiya (170), İran (185), Türkmənistan (193) və Qazaxıstan (170) da «Azad olmayan» ölkələrdir.


«Freedom House»un araşdırmalar üzrə direktoru Kristofer Uolker bildirir ki, Azərbaycan ötən il ərzində bəzi hadisələrlə diqqət mərkəzində olub. Bir neçə jurnalist işinə görə həbs olunub, sonra buraxılıb.

K.Uolker deyir ki, jurnalistlərin azad edilməsi müsbət haldır. Amma buna baxmayaraq, Azərbaycanda medianın fəaliyyətinin məhdudlaşdırılması davam edib. Ötən il Azərbaycanda xarici radioların – «Azadlıq», BBC və «Amerikanın səsi»nin yerli vasitələrlə yayımı dayandırılıb:

- Biz Azərbaycan haqqında mediaya geniş təzyiqlər olan ölkə kimi danışırıq. Bu ölkədə xarici radioların yerli yayımı dayandırılıb. Biz Azərbaycanda medianın mənzərəsinə baxsaq, jurnalistlərin azad edilməsi mediaya ümumi təzyiqlər mühitində kiçik bir müsbət haldır.

Dünyada mətbuat azadlığının səviyyəsinə görə tərtib edilən siyahıya Finlandiya rəhbərlik edir. Ən sonuncu yerdə isə Şimali Koreya dayanır.

Ümumilikdə mətbuatın vəziyyəti öyrənilən 195 ölkədən 64-ü «Azad olmayan», 59-u «Qismən azad», 72-i isə «Azad» ölkə kimi qiymətləndirilib.

Əhalinin sayı ilə götürəndə isə, «Freedom House» qeyd edir ki, dünyada əhalinin yarıdan çoxu - 56%-i «Azad olmayan» ölkələrdə yaşayır. Mərkəzi və Şərqi Avropa, keçmiş sovet regionu və Baltik ölkələrində əhali azad olmayan mühitdə yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG