Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Gənclər akademiyada həlak olanları anacaqlar


Mayın 1-i bir sıra gənclər təşkilatı Neft Akademiyasında baş verən qətllə bağlı bir sıra tədbirlər keçirəcəklər. “İrəli” İctimai Birliyi “Terrora yox!” devizi ilə aksiya keçirəcək. Aksiya çərçivəsində həlak olanların yaxınlarına mənəvi dəstək veriləcək, ali məktəbin ətrafına, akademiyanın divarlarına gül düzüləcək, o cümlədən təhsil müəssisəsinin divarları boyunca şamlar yandırılacaq. Dünən akademiyaya silahlı hücum zamanı ölən tələbələrdən biri Savalan Cabbarov “İrəli” İctimai Birliyinin üzvü olub.

Dalğa Gənclər hərəkatı isə axşam saatlarına aksiya keçirməyi planlaşdırır.

Dünən səhər saat 10 radələrində Gürcüstan vətəndaşı Fərda Qədirov Neft akademiyasının Dilarə Əliyeva küçəsindəki binasına daxil olub, birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan hər kəsə atəş açıb. Nəticədə 13 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bəzi media orqanları isə ölənlərinin sayının 17-yə çatdığını bildirib.Hücumda həlak olduğu təsdiqlənən 13 nəfərdən 12-si Azərbaycan, 1-i isə silahlı hücum edən Gürcüstan vətəndaşı Fərda Qədirov olub.

Patoloji Anatomiya Bürosunun şöbə müdiri Namiq Məmmədovun sözlərinə görə, qətlə yetirilən 13 nəfərdən ikisi sinəsindən, 11-i isə başından aldığı yaradan ölüb. Həlak olanların 10-i tələbə gənclər, qalanları isə yaşlı adamlardır.

Rusiya prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mixeil Saakaşvili prezident İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı veriblər.
XS
SM
MD
LG