Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:11

Məmurun əsas funksiyası


Azərbaycanda dövlət qulluğu institutunun hələ formalaşmaqda olduğu deyilir
Azərbaycanda dövlət qulluğu institutunun hələ formalaşmaqda olduğu deyilir

Ekspertlər hesab edir ki, məmurlar vətəndaşlara xidmət göstərməlidir, onların qulluğunda durmalıdır, ancaq Azərbaycanda vətəndaşlar onlardan asılı vəziyyətə düşüb


Düz dörd il əvvəl, 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatı iyunun 23-nü dövlət qulluğu günü elan edib. Məqsəd dövlət qulluqçularının cəmiyyətə xidmətini qiymətləndirməkdir.


Azərbaycanda isə Dövlət Qulluğu Günü bu ildən qeyd olunur. Prezident İlham Əliyev mayın 25-də belə bir fərman verib. Dövlət Qulluğu Haqqında Qanun isə 2001-ci il sentyabrın 1-də qüvvəyə minib, bununla da hansı idarələrin dövlət orqanı və hansı işlərin dövlət qulluğu sayılması aydınlaşıb. Qanuna görə, Prezidentin İcra Aparatından tutmuş, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ombudsman Aparatı, MSK, Hesablama Palatası, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, o cümlədən yeri icra hakimiyyəti aparatları, rayon məhkəmələri, hərbi məhkəmələrin aparatları dövlət orqanları sayılır.


Azərbaycanda Dövlət Qulluğunu İdarəetmə Şurası da yaradılıb. Şura 18 nəfərdən ibarətdir. Üzvlərin 6 nəfərini prezident, 6 nəfərini Milli Məclis, 6 nəfərini isə Konstitusiya Məhkəməsi təyin edir. Bu Şura yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyası da yaradılıb.


Ekspertlər Azərbaycanda dövlət qulluğu institutunun hələ formalaşmaqda olduğunu deyirlər. Məsələn, dövlət qulluğuna qəbul müsabiqə yoluyla olsa da, bu prosesin daha çox şəffaflığa ehtiyacı olmasını düşünənlər var, əlbəttə ki, qabiliyyət və yüksək peşəkarlıq nəzərə alınmaqla.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Azərbaycanda dövlət qulluğunu Qərb dövlətləri ilə müqayisə edir. «Qərbdə siyasi partiyalar hakimiyyətə gəlir-gedir, ancaq dövlət qulluğunu yerinə yetirən məmurlar ordusu qalıb işləyir. Azərbaycanda isə dövlət qulluqçusu bir iş, vəzifə olaraq tam formalaşmayıb».


Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Rəbiyyət Aslanova isə siyasi hakimiyyətin dəyişilməsilə, məmurların da dəyişməsi fikrini qəbul etmir. Bunu yalnız kadr dəyişikliyi, rotasiya adlandırır. Xanım Aslanovanın sözlərinə görə, dövlət idarələrinə test, müsabiqə yoluyla işə qəbul da göstərir ki, dövlət qulluğu vəzifələrinə yalnız biliyi, bacarığı olan insanlar seçilir. Millət vəkilinin fikrincə, Azərbaycanda dövlət qulluqçusu institutu artıq formalaşıb: «Məmur öz işinə sadiq, öz işinin fanatı olan bir insandır, mən hansısa təsadüfdən nəticə çıxarmağın əleyhinəyəm. Xüsusilə söhbət dövlət qulluqçusundan gedirsə, onların seçilməsi sivil cəmiyyətin tələblərindən biridir».


Hazırda dövlət qulluqçularının etik davranış kodeksi hazırlanır. Qanun layihəsi Milli Məclisdə iki oxunuşda müzakirə olunub. Sənədə görə, məmur vətəndaşı təhqir edib, etikadan kənar hərəkətlərə yol verərsə, cəzalana, hətta vəzifəsini itirə bilər.


Korrupsiya ilə mübarizə komissiyasının qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu isə yeni bir qanun layihəsi üzərində işləyir. Layihə «Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqda qanun» adlanır. QHT-lərin korrupsiya ilə mübarizə üzrə informasiya və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev layihənin müəlliflərindən biridir. «Maraqların toqquşması o deməkdir ki, hansısa vəzifəli şəxs öz funksiyasını yerinə yetirərkən bəzən onun şəxsi maraqları ilə vəzifə maraqları toqquşur. Vəzifəli şəxs seçim qarşısında qalır, o ya şəxsi, ya ictimai maraqları üstün tutmalıdır. Ona bəzi hüquqi şəxslər, vaxtilə üzvü olduğu biznes dairələri tərəfindən təzyiqlər ola bilər. Bu təzyiqləri aradan qaldırmaq üçün qanun qəbul edilməlidir».


Qanun layihəsi üzərində iş başa çatıb və Milli Məclisin payız sessiyasında qəbulu gözlənilir. Əliməmməd Nuriyevin sözlərinə görə, məmurların vətəndaş qarşısında məsuliyyətini müəyyənləşdirən qanun layihələri də hazırlanır: «Məmurlar vətəndaşlar qarşısında xidmət göstərməlidir, onların qulluğunda durmalıdır, ancaq vətəndaşlar onlardan asılı vəziyyətə düşüb. Bu qanunlar həmin asılılığı aradan qaldıracaq, məmurun əsas funksiyası ondan ibarət olacaq ki, o, ictimai maraqlara xidmət edəcək, ictimai funksiyaları yerinə yetirəcək, vətəndaşın xidmətində duracaq».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG