Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:40

«Neft Fondumuz bitir»


«Azadlıq»: «Bizim məmurlara hərdən elə gəlir ki, Azərbaycan bir fermadır, onların dediyi sözləri də hamı qoyun kimi gözünü döyüb qəbul edəcək. Yoxsa bu qədər yalanı qulaqlarımız eşitməzdi. Kim nə istəyir, deyir. Kim necə istəyir, elə də şərh edir…» Şahvələd Çobanoğlu «Neft Fondumuz bitir» sərlövhəli köşə məqaləsində belə yazıb.

«Bu ölkənin prezidenti deyir ki, böhran bizim ölkəyə gəlməyib. Bir məmur deyir ki, az təsir edib, digəri söyləyir ki, böhranın təsiri böyükdür. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə baltanı dibindən vurub: «Hökumət böhrana ciddi hazırlaşıbmış».

Məgər bizim hökumət böhranı əvvəlcədən görürmüş? Vay-vay… Bəs niyə bütün dünyanı xəbərdar etməmisiniz? Onda böhran təkcə Azərbaycandan deyil, hamıdan yan keçərmiş. Onda neft də qiymətdən düşməzdi. Heç nə anlamaq olmur, iqtisad üzrə ən böyük alimlərin, Nobel ödülçülərinin toplaşdığı ABŞ Azərbaycan qədər yox imiş. Fil qulağında yatıblar və bilməyiblər ki, onları hansı bəla gözləyir».

«Bizim Yol»: «Naşükür olmayın! Günümüz o qədər də maraqsız keçmir. Düzdür, ölkədə böhran, korrupsiya, özbaşınalıq var, qanunlarsa işləmir. Kasıbçılıq da öz yerində. Amma dərd eləməyə dəyməz - nə vaxt varlı olmuşuq ki?». Elçin Rüstəmli «Gözləməyin, pul olmayacaq!» başlıqlı məqaləsində belə yazır.

«Şükürlər olsun ki, bu qədər bəd xəbərlərin içində arabir maraqlı, duzlu-məzəli hadisə baş verir. Bizim də həyata marağımız qayıdır, aktivləşirik, hərdən də dingildəyirik.
Dünən Milli Məclisdə baş verən bir neçə olay da bu qəbildəndir. Sağ olsun Oqtay müəllimi, sağında, solunda əyləşənləri. Onlar olmasydı, həyatın dadı-duzu olmazdı. Günlərimiz hökumət qəzetlərinin səhifələri kimi boz, yeknəsək olardı.

Keçən dəfə hörmətli spiker yaxşı bir ifadə işlətmişdi. Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən demişdi ki, dövlətlər gəldi-gedərdi, əsas millətlərarası münasibətlərdi. Qızıldan qiymətli bu söz bütün kuluarlarda azı bir həftə müzakirə olundu, ictimaiyyət nümayəndələri təzə söhbət eşitdiklərinə görə şadlanmışdılar.
Dünənki iclasda vitse-spiker Valeh Ələsgərov İqbal Ağazadəni duelə çağırıb. Deyib, gedək çöldə səni başa salaram».

«Yeni Müsavat»: «YAP rejiminin nə daxildə, nə xaricdə heç zaman öz siyasəti, müstəqil hərəkətləri olmayıb. Bunlar ancaq cavab veriblər. Gərək nəsə olsun, kimsə rejimin quyruğunu tapdalasın hərəkətə keçsinlər. Qalan vaxtlarda hakimiyyət harınlıq və durğunluq yuxusunda olur.
Əslində, heç cavab tədbirləri də bir işə yaramır. Qış yuxusundan kal durub addım atanın hərəkəti nə olasıdır ki? Türkiyə-Ermənistan danışıqları üzərindən pərdə götürüləndə də eyni hal təkrarlandı». Zamin Hacı «Ehtiyatlı olun, qapılar bağlanır…» sərlövhəli köşə yazında belə yazır.

«…Yalançı, pafoslu hay-küy, öz günahını başqasının üstünə atmaq, 15 ildir xalqın qulağına vermişel asmağını etiraf etməmək... O deputatlar ki, Ərdoğan hökumətinə Qarabağ torpağı bağışlayırdılar, hələ indiyəcən bir dəfə də öz sevimli, şirin-şəkər YAP rejimindən «nə üçün danışıqlar bu qədər uzanır, torpağımız haçan işğaldan qurtulacaq» soruşmayıblar».

«Yeni Azərbaycan»: «Müxalifətin nəzarətində olan qəzetlərin ən adi məsələlərə də «dərinlik» kontekstindən yanaşma prinsipi hamıya yaxından tanışdır. Adi bir məsələni, cavabı bəlli sualı elə bəzəkli təqdimatla ictimai rəyə ötürmək istəyirlər ki, guya «Amerikanı kəşf edirlər…». Pərviz Sadayoğlu «Bu görüşdən kim uduzdu, kim uddu...» başlıqlı köşə yazısında belə iddia edir.

«...Artıq neçə gündür ki, xarici ölkələrdən Azərbaycana gələn nümayəndələrin, qonaqların niyə müxalifət partiyalarının sədrləri ilə görüşmədiyini qlobal bir məsələ kimi müzakirəyə çıxarıblar. Təbii ki, məsələyə münasibət bildirmək üçün müraciət olunanlar da elə adını müxalifət qoyub fəaliyyət göstərməyən həmin partiyaların sədrləridir...

Səhv edirsiniz, bəylər.... Xaricdən gələn qonaqların demək olar ki, hamısı Azərbaycan parlamentində təmsil olunan müxalifət partiyalarının sədrləri ilə də görüşür, müzakirələr aparır, məsələlərlə münasibətini açıqlayır. Söhbət sizdən - həm parlamentindən, həm də cəmiyyətdən kənar düşmüş qüvvələrdən gedir. Buna özünüz günahkarsınız...»


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG