Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:15

Hesablama Palatasının hesabatı tənqid olundu


Heydər Əsədov
Heydər Əsədov
«2008-ci il üzrə aparılan yoxlamalar nəticəsində ümumilikdə 7 milyon manatdan artıq vəsaitin öz təyinatı üzrə xərclənməsi təmin edilib. İki iş Respublika Prokurorluğuna göndərilib. 87 nəfər barəsində inzibati tədbirlər görülüb. 6-sı rəhbər olmaqla 12 nəfər işdən azad olunub».

Bunu aprelin 28-də Hesablama Palatasının sədri Heydər Əsədov 2008-ci ilin yekunlarına dair Milli Məclisə verdiyi hesabatı zamanı deyib:

«3 rayonda apardığımız yoxlamalar nəticəsində 214 qrup ixtisara salmışıq. 3 rayonda xəstəxanada çarpayıların sayı 235 ədəd azaldılıb. Arxiv idarələrində əsassız pensiyaların təyin edilməsi halları müəyyən olunub. Ümumilikdə götürdükdə 569 min nağd qaydada vəsait kassaya ödənilib. 1 milyon manatdan çox vəsait köçürmə yolu ilə banklara qaytarılıb».

Heydər Əsədov bildirir ki, keçən il qurum 3 audit yoxlaması, 21 analitik təhlil keçirmişdisə, hesabat ilində artıq 23 audit yoxlaması, 20 analitik təhlil işini başa çatdırıb.

Deputat Pənah Hüseyn isə düşünür ki, diqqətin yönəldilməli olduğu daha ciddi məsələlər var. Bu məsələlər dövlət büdcəsinin formalaşmasında daha böyük əhəmiyyət kəsb edir:

«2008-ci ildə respublikaya təxminən 50 min avtomobil daxil olub və müvafiq rüsumlar dövlət büdcəsinə köçürülüb. Təxminən 5-6 milyonluq abonenti olan ölkəyə son 5 ildə cəmi 400 mindən bir qədər artıq guya mobil telefon gətirilib.
Deputat Pənah Hüseyn
Qalan 2-3 milyonluq telefonlar hardadır, burdan hansı rüsumlar tutulub, bu məsələlər bilinmir. 2008-ci il istisna olmaqla ölkəyə ildə daxil olan 50-60 min telefon aparatının birinin qiyməti 10 dollardan sənədləşdirilib».

P.Hüseyn hesab edir ki, Hesablama Palatası həmçinin yeni layihələrə ayrılan xərclərlə bağlı da Milli Məclisə sənəd təqdim etməlidir.

Millət vəkili Səyavuş Novruzov isə deyilənlərlə razılaşmır. Deyir ki, Hesablama Palatasının eyni vaxtda bütün bu sahələrdə yoxlama aparmaq imkanı yoxdur. Bundan ötrü kadr potensialı da yetməz. Bu qurum əsasən gərginlik olan sahələrdə yoxlamalar aparır və bununla da başqalarına işlərini düzgün qurmaları üçün mesaj göndərir.

Bəs görəsən, Neft Fondundan maliyyələşən layihələrə ayrılan vəsaitlərin xərclənməsinə Hesablama Palatası nəzarət edirmi? Hesabat ilində belə layihələrlə bağlı audit yoxlamaları aparılıbmı? Heydər Əsədov bu barədə jurnalistləri maraqlandıran sualı cavablandırarkən deyir ki, onların iş planı əsasən Prezident Administrasiyasının tapşırıqları, Milli Məclisin təklif və tövsiyələri nəzərə alınmaqla qurulur. Digər tərəfdən icra mərhələsində olan layihələri qiymətləndirmək asan məsələ deyil. Neft Fondundan ayrılan vəsaitlərin auditini isə beynəlxalq təşkilatlar aparır. Hesablama Palatasının iş planında belə bir auditin aparılması nəzərdə tutulmayıb.

İqtisadçı ekspert Vüqar Bayramov
Millət vəkili Vahid Əhmədovun fikrincə isə, əslində Hesablama Palatası öz hesabatında konkret adlar göstərməlidir. Hansı təşkilat vəsaitlərin düzgün xərclənməsində hansı nöqsanlara yol verib, konkret kimlər haqqında hansı tədbirlər görülüb və s. Əgər bu məsələlər hesabatda aydın qeyd olunsa, bu qurumun internet saytında yerləşdirilsə, vətəndaşlar da vəziyyətin nə yerdə olduğunu öyrənər.

İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, Hesablama Palatasının hesabatları həmişə ümumi xarakter daşıyır. Ən yaxşı halda sahələrin adı çəkilir. V.Bayramov düşünür ki, bu da təsadüfi deyil. Çünki adətən ciddi nöqsanlar yüksək səviyyədə himayə olunan yerlərdə baş verir:

«Hesablama Palatası nöqsanları konkret göstərməkdən ehtiyatlanır. Onun buna rəsmi səlahiyyəti olsa da, qeyri-rəsmi səlahiyyəti yoxdur. Ona görə də korrupsiyadan danışarkən əsasən müəllimlərin, həkimlərin adı çəkilir. Halbuki, bunlar çox aşağı səviyyədə olan nöqsanlardır».

V.Bayramov hesab edir ki, nə vaxtadək Hesablama Palatasının hesabatları ümumi xarakter daşıyacaq, onun təsiri də olmayacaq.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG