Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:16

«İş tapmasam, ölkəni tərk edəcəyəm»


Dövlət Statistika Komitəsinin binası
Dövlət Statistika Komitəsinin binası
Bir ay əvvələ qədər Bakının mərkəzindəki otellərdən birində xidmət sektorunda çalışan Fərman Kərimli indi özünə iş axtarır. Dediyinə görə, otel rəhbərliyi onunla bərabər daha 30 nəfəri işdən xaric edib:

- İşdən çıxarılanların maaşlarını növbəti 2 ay üçün də ödədilər. Burda işdən azad olunanların çoxu indi Rusiyanın, Ukraynanın kurort zonalarındakı xidmət sektoruna üz tutub. Soçinin, Yesentukinin istirahət zonalarında xeyli Azərbaycan vətəndaşı çalışır.

Fərman Kərimli yaxınlarda istirahət mövsümü başlayacağından işsiz qalmayacağına ümid edir. Əsas problem isə payız-qış mövsümündə başlayacaq. Fərman deyir ki, əgər yaxınlarda daimi iş yeri tapa bilməsə, o da ölkədən getməyə məcburdur.

Ölkə mediası vətəndaşların təkcə özəl sektorda deyil, dövlət qurumlarındakı işlərini də itirdiyini yazır. Əsas səbəb kimi isə qlobal iqtisadi böhran göstərilir. Bu səbəbdən ölkənin bir neçə zavodları rəsmən istehsalı dayandırdıqlarını elan edib, işçilərini ödənişsiz məzuniyyətlərə göndəriblər. Şamaxıdakı özəl elektrotexnika zavodları, Sumqayıtdakı kimya sənayesi şirkətləri istehsalı dayandıran müəssisələr sırasındadır. Dövlət Neft Şirkətində (DNŞ) çalışanların da işsizliklə üzbəüz qaldığı haqda xəbərlər var. DNŞ rəsmiləri isə bunu kütləvi işsizlik kimi deyil, ştat vahidlərinin optimallaşdırılması adlandırır. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev:

- Bu, ixtisar deyil. Dünənə qədər biz hesab eləyəndə ki, hansısa ştat vahidi ola da bilər, olmaya da bilər, dövlət şirkəti olduğumuza, sosial məsuliyyət daşıdığımıza görə, onu saxlayırdıq. Ancaq indi qlobal iqtisadi böhran bütün dünyanı bürüyüb, ən iri şirkətlərə belə mənfi təsir göstərib. Optimallaşdırma zamanı bəzən kiminsə müqaviləsi bitirsə, çox ciddi ehtiyac olmadıqda artıq müqavilənin müddəti uzadılmır.

İqtisadçı Rövşən Ağayev
Dövlət Statistika Komitəsindən (DSK) isə bildirirlər ki, son aylarda işsizlərin sayı ötən illə müqayisədə nəinki artıb, əksinə azalıb. Rəsmi hesablamalara görə, ötən il aprelin 1-nə Azərbaycanda işsizlərin sayı 278 min, 2009-cu ildə isə 261 mindən bir qədər artıq olub. DSK-nın Əməyin Statistikası Şöbəsinin müdiri Elton Əhmədov:

- Bu rəqəmlər Beynəlxalq Əmək Təşkilatının tövsiyələri əsasında yaşı 15-dən yuxarı olan insanlar arasında aparılan sorğular nəticəsində müəyyən edilib. Biz həm də əldə etdiyimiz rəqəmləri məşğulluq idarələrinə müraciət edən vətəndaşların sayı ilə tutuşdurub ortaq rəqəmlər alırıq.

İqtisadçı Rövşən Ağayev isə Dövlət Statistika Komitəsinin rəqəmlərini o qədər də inandırıcı saymır. Ekspertin fikrincə, qlobal iqtisadi böhran yalnız büdcədən maliyyələşən qurumlara hələlik təsir etməyib. Yalnız əhalinin böyük əksəriyyətinin çalışdığı tikinti sektorunda son aylar görünən böyük süstlük ekspertin sözlərinə görə, işsizlərin sayının ötən illə müqayisədə artdığını göstərir:

- DSK-nın verdiyi xəbərə görə, bu gün Azərbaycanda məşğul əhalinin təxminən üçdə biri sahibkarlarla müqavilə əsasında, yəni muzdla çalışırlar. Yerdə qalan 65 faiz isə fərdi məşğuldur – yəni ev təsərrüfatlarında məşğul olan insanlardır. Ölkə qanunvericiliyinə görə isə fərdi sahibkarlıqla məşğul olanlar DSK-ya hesabat vermirlər. Bu, o deməkdir ki, DSK-nın xəbərləri ümumi əmək bazarının ən yaxşı halda üçdə birini əhatə edir. Faktiki olaraq məşğul əhalinin 65 faizi ilə bağlı DSK heç bir informasiya verə bilmir.

Ekspert hesab edir ki, ölkə əhalisinin sosial durumu ilə bağlı dəqiq mənzərənin əldə edilməsi iqtisadiyyatın idarəedilməsi baxımından olduqca vacibdir. Bu səbəbdən hökumət özü əmək bazarı ilə bağlı dəqiq statistikanın aparılmasında maraqlı olmalıdır. Əks halda durumun yanlış dəyərləndirilməsi ciddi iqtisadi problemlər yarada bilər.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG