Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:19

Hansı xalqa başdaşı qoyurlar?


Cabbar Qaryağdıoğlunun üçlüyü
Cabbar Qaryağdıoğlunun üçlüyü
Azərbaycan xanəndələrindən söz düşəndə, öncə onun adını çəkirlər. Deyirlər ki, vokal sənəti bu məharətdə, bu qeyrətdə oxuyan ikinci bir xanəndə görməyib. Əlavə edirlər ki, bu sənətdə heç kimsə onun qədər - 70 il duruş gətirməyib. Heyrətlənirlər ki, o, 84 yaşına kimi tarın «do» kökündə oxuyub. İddia edirlər ki, «do»da oxumaq ifaçılıqda ağlagəlməz cəsarət, məharət və möcüzədir. Onu göylərə qaldırırlar (o, onsuz da göylərdədir), onu şair adlandırırlar (qəzəllər yazıb, axı), bəstəkar deyib öyürlər (mahnılar bəstələyib, axı), onu Şərq musiqisinin «peyğəmbəri» sayırlar (Sergey Yesenin)), ona dövrünün canlı ensiklopediyası deyirlər (500-ədək mahnını yaddaşında saxlarmış), onun səsini Karuzoyla müqayisə edib, üstünlüyü ona verirlər (2 oktava yarım səsi varmış), onu Şalyapinin dostu adlandırırlar (böyük müğənni Bakıya gələndə onun evinə düşürmüş), ən əsası, onu Azərbaycan oxuma sənətinin banisi hesab edirlər!

Bilmirəm, deməyə gərək varmı ki, söhbət kimdən gedir? Cabbar əmidən, Cabbar Qaryağdıoğlundan!.. Aprelin 28-də bu böyük xanəndənin haqq dünyasına qovuşmasından 65 il ötür...

Cabbar əmi Şuşalıydı


1861-ci il martın 31-də Şuşanın Seyidli məhəlləsində, boyaqçı ailəsində doğulmuşdu. Atası Məşədi İsmayıl kişi qaradinməz olduğundan onlara Qaryağdılar deyərmişlər. Cabbar sonralar bunu özünə soyadı götürür. Deyirəm, nə yaxşı ki, Cabbar atasına çəkməyib, oxuyan olub.Və nə yaxşı ki, atasının istədiyi kimi boyaqçı olmaq istəməyib. Cabbargilin evləri Cıdır düzünə yaxın imiş. Uşaqlığı Qayabaşında, Qırxpilləkəndə, Ağzıyastı kahada, Dəlikdaşın üstündə (heç olmasa, adlarını eşidin) keçib. Yəqin ona görə də, Bakıda məskunlaşanda, şəhərin Qırxpilləkən deyilən yerində özünə ev tikib (Nərimanovun heykəlinin qarşısından şəhərə düşən pilləkənlərə də 40 pilləkən deyirdilər). Hətta bir mahnı da qoşub:

Ay! Dərya kənarında bir ev tikmişəm,

Ay! Hasarın çəkmişəm, üstün örtmüşəm,

Ay! Bu gələn gözələ gözüm dikmişəm.

Uzun illər o ev, o məkan bakılılar üçün müqəddəs yer sayılıb, nişangah olub: Cabbar əminin evinin aşagısında, yuxarısında, düz yanında... Ancaq indi o ev yoxdur! Deyilənə görə , o evi sökə bilmirlərmiş.
Muğam ustadının başdaşı
Güclə uçurublar...

Bakı öz yerində, Şuşanı çox sevirmiş!

Cabbar əmi harada yaşayır-yaşasın, həmişə doğma şəhərin həsrətində olub. Bir dəfə uzun səfərlərin birindən dönürmüş gözəlim Şuşaya. Səhərə yaxınmış, arabayla qalxırlarmış üzüyuxarı. Birdən yoldaşları Şuşanın səhər mənzərəsinə dözə bilməyən Cabbarın səsinə oyanırlar:

Uca dağlar, qarlı daglar başında

Bir yar sevdim, tirmə şal var başında!..

O məşhur mahnı, beləcə, bədahətən yaranır...

«İrəvanda xal qalmadı»nı necə yazdığını da danışımmı? Yox, bunu hər kəs bilir...

Azərbaycan türkcəsində muğam oxumağı Cabbar əmi dəb salıb!

Həm də buna görə ona bani deyirlər!

Cabbar Qaryağdıoğluna qədər xanəndələr ancaq ərəb və fars dillərində muğam oxuyarmışlar. Cabbar əmi bu dilləri bilsə də, muğamı öz dilimizdə oxumağa başlayıb. Füzulidən, Vaqifdən, Zakirdən, Seyid Əzimdən, Natəvandan, hətta Sabirdən oxuyub. Və beləcə, Azərbaycan türkcəsində oxumağı dəb salıb (ona min rəhmət!). O, muğamlara da əl gəzdirib, lazımsız bildiyi şöbə, hissə və guşələri atıb, onları bizim ruhda səsləndirib.

Ona «kəmfürsət Cabbar» deyərmişlər

İndi səbəbini deyərəm. Məsələ burasındaymış ki, Cabbar əmi muğamı 3-4 saat oxuya bilirmiş. Xan əmi danışırmış ki, ondan sonra hər xanəndə oxuya bilməzmiş, çünki oxumağa bir şey qalmazmış. Bir muğamın içində 12 muğamı oxuyarmış. Ona görə də, ona «kəmfürsət» deyərmişlər... Cabbar əmi həm də dünyayla maraqlanan, zamanın nəbzini tutan adam imiş. Xan əmi (özünə məxsus məzə ilə) görün onu necə tanıdırmış: «Kitab oxumağı çox sevərdi. Bir gün qəzet, özü də urus qəzetləri oxumasaydı, yatmazdı. Kişi həqiqi alim idi...»

Get, Çəmbərəkənddə gizlən

Cənc xanəndələrin çayxanada vaxt keçirmələrini heç sevməzmiş. Orda oturmağı avaraçılıq sayarmış. Xanəndələr deyəndə ki, «bəs toyçu bizi harada tapsın?», Cabbar əmi – «Sən sənətində möhkəm ol,
Qızı Cabbar Qaryağdıoğlunun məzarı başında
özün də get gizlən Çəmbərəkənddə (Bakının bir məhəlləsi), toyçu səni tapar!» –cavabını verərmiş. Toyçu doğrudan da əsl oxuyanı taparmış. Cabbar əmi Bakı toylarının yaraşığı imiş.

Unudulmuş tək məzar

Səksən, doxsan - bir gün yoxsan. Cabbar əmi doxsana çata bilmədi. 84 yaşında birdən xəstələnib dünyadan köçdü. 1944-cü il aprelin 28-i idi. Müharibə gedirdi. Üstəlik, aprelin 28-i «bayram» idi. Deyilənə görə, bütün bayram tədbirləri ertələnir. Onu çox təntənəylə Yasamal qəbiristanlığında dəfn edirlər (Fəxri Xiyaban hələ salınmamışdı). Xiyaban hazır olandan sonra isə onu buraya köçürmək müşkülə çevrilir. Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli sərəncamına əsasən, adı qəbirüstü abidəsi qoyulacaq 15 görkəmli şəxsiyyətin arasında olsa da, Cabbar əmi unudulur. İllər keçir... Nəsillər dəyişir... Elə bir zaman gəlir ki, qəbrin harada olduğunu bilən də olmur. Yeganə sağ qalan qızı Şəhla xanım qocalmışdı. Məzarlıq böyümüş, qəbir itmişdi...

Gəncəli tarzən məzarı tapdı!

Bir neçə il öncə Kəmalə Musazadə adlı bir rejissor Qaryağdıoğlu haqqında film çəkmək istəyir. Bu, rejissorun diplom işi olacaqdı. Kəmalə xanım qəbri axtarmağa girişir. Məlum olur ki, 1944-cü ildə xanəndənin dəfninə Cəncədən qatılan tarzən Firidun Ələkbərov sağdır və o, qəbrin yerini xatırlayır. İxtiyar adamı Gəncədən gətirirlər. O, məzarı tapır! Şəhla xanım da təsdiqləyir. Cabbar əmi Yasamal qəbiristanlığında necə basdırılmışdısa, eləcə də qalmışdı. Üstü torpaqla örtülü, başdaşı yerinə bir mişar daşı (şəklə bax). İstər inanın, istərsə yox, Cabbar əmi düz 65 ilə yaxın o adsız məzarda uyuyub... Bir il öncə «İz» proqramında biz də bu barədə danışmışdıq. Deyilənə görə, lap yaxınlarda (niyə sakitcə?)ora bir abidə qoyulub(şəklə bax). Ancaq nə o məzarlıq, nə də o abidənin yeri Cabbar əmiyə layiq durumdadır...Ən maraqlısı, qəbrin yerini məzarlığın başçısından başqa heç kim tapa bilmir...

P.S. Deməsəm ölləm! 1914-cü ildə böyük türkçü, «Tərcüman» qəzetinin naşiri İsmayıl bəy Qaspralı vəfat edəndə, Nəriman Nərimanov «Bəsirət»qəzetində bir məqalə yazır və məzarı başında İsmayıl bəyə layiq sözlər yazılmış başdaşı ucaltmaq təklifini irəli sürür. Vida yazısı belə bitir: İsmayıl bəy Qaspralını unudan xalqın özünə başdaşı qoyulmalı və o başdaşında yazılmalıdır ki, «Millət İsmayıl bəy kimi bir qəhrəmanını unutdu və özü də qeyb oldu...»

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG