Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Ekologiya naziri Bakı merini günahlandırdı»


Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakı, 24 aprel 2009
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakı, 24 aprel 2009
«Bizim Yol» qəzeti: «Ekologiya naziri Bakı merini günahlandırdı»

… Prezident İlham Əliyevin ağacların kəsilməsi və yerində obyektlər tikilməsi haqda Nazirlər Kabinetinin iclasındakı çıxışını şərh edən nazir bildirdi ki, dövlət başçısı bunu qəti qadağan edib:

«Həqiqətən də ağaclar məhv edilir, daha sonra həmin ərazidə binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu kimi məsələlərlə əlaqədar mənə dəfələrlə məlumatlar daxil olub. Mən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məlumat vermişəm. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən sui-istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bu hallara son qoysunlar».

Nazir bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi faktları ilə bağlı son iki ayda 622 akt tərtib edib:

«Bu, onu göstərir ki, biz baş verənlərə biganə olmamışıq».
H. Bağırov ağacların kəsilməsi ilə bağlı cərimələrin artırılması haqda hökumətə təkliflər hazırladıqlarını da açıqladı:

«Bizdə cərimələr çox da yüksək deyil. Sinqapurda adicə küçədə bir saqqızı atmaq üçün bir neçə min cərimə ödəməlisən. Biz bu prinsiplə getmək istəyirik. Yəni ağacı kəsib obyekt tikən 800 manat yox, 30-40 min ödəməli olsun. Bəlkə də gedib, layihəsini dəyişsin, ya da 10 min pul xərcləyib, o ağacları çox sahmanla başqa yerə köçürsün»...

«Yeni Müsavat» qəzeti: «Azərbaycan «Nabucco» sammitinə qatılmadı»

Aprelin 24-də Bolqarıstanın paytaxtı Sofiyada «Avropa üçün təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq» mövzusunda ikigünlük sammit işə başlayıb. Sammitin təşkilatçısı Avropa Komissiyası, ABŞ və Avropa İttifaqıdır…

Lakin «Nabucco» üçün əsas qaz mənbəyi hesab edilən Azərbaycan bu sammitə qatılmayıb. Bir gün əvvəl Türkiyə mənbələri prezident İlham Əliyevin bu sammitə qatıla biləcəyi və orada prezident Abdullah Güllə görüşəcəyi haqda xəbərlər yaymışdılar. Lakin Azərbaycan prezidentinin dünən Bolqarıstana səfər edəcəyi haqda deyilənlər özünü doğrultmayıb... Artıq məlum idi ki, Rusiyanın Baş naziri Vladimir Putin də Sofiya sammitinə qatılmayacaq...

Xatırladaq ki, Azərbaycan Rusiya ilə qaz alqı-satqısına dair kommersiya müqaviləsi imzalamağa hazırlaşır. Moskvada səfəri zamanı prezident Əliyev bəyan edib ki, Azərbaycan «Nabucco»ya tranzit ölkə kimi qoşulmağa hazırdır, lakin bu layihədə nə təminatçı, nə təşəbbüsçü ölkə deyil. Bu isə Bakının «Nabucco» kəməri ilə qaz nəql etmək marağında olmadığını göstərir...

«Yeni Azərbaycan» qəzeti: «Böhrana baxmayaraq, əhalinin orta aylıq əməkhaqqı və pul gəlirləri artıb»

Dünya iqtisadiyyatında böhran meyllərinin dərinləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında 2009-cu ilin əvvəllərindən başlayaraq sabit və davamlı inkişaf tendensiyası müşahidə edilir... Ölkənin əsas makroiqtisadi göstəricisi olan Ümumi Daxili Məhsulun artım tempi 4.1 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev aprelin 24-də keçirdiyi mətbuat konfransında bildirib.

A.Vəliyev deyib ki, tikinti, nəqliyyat və kənd təsərrüfatı bölmələri də ÜDM-nin strukturunda əsas yer tutan sahələr kimi diqqəti cəlb edir. Bu üç sahənin ÜDM-də birgə payı 26 faizə yaxın olub. Təkcə kənd təsərrüfatında istehsal olunan məhsulun həcmi birinci rübdə 167 milyon manatı ötüb və ötən illə müqayisədə bu sahədə 4.3 faiz artım qeydə alınıb...

Ümumiyyətlə, üç ay ərzində ÜDM-də əhalinin hər nəfərinə düşən milli məhsulun həcmi də ötən illə müqayisədə 2.9 faiz artıb. Hazırda adambaşına düşən ÜDM-nin həcmi 782 manata bərabərdir. Bununla yanaşı, adambaşına düşən gəlirlər 19.6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 26.5 manat artıb.

A. Vəliyevin qeyd etdiyinə görə, əhalinin gəlirlərinin artması onların əlavə vəsaitlərini banklara yatırmasına səbəb olub. 2009-cu il martın 1-nə qədər əhalinin banklara qoyduğu əmanətlərinin həcmi 1 milyard 813.4 milyon manat təşkil edib və bu, əvvəlki illə müqayisədə 16 faiz çox deməkdir...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG