Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:41

Zahid Oruc: «Vaxt keçəcək, ciddi etiraflar dövrü başlayacaq»


Zahid Oruc
Zahid Oruc
«Vaxt keçəcək, ciddi etiraflar dövrü başlayacaq».

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc «Azadlıq» radiosunun «İşdən sonra» verilişində «Referendumdan sonra çoxpartiyalılıq» mövzusu müzakirə olunarkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi sistem bitkinləşməyib, inteqrasiya isə ümumiyyətlə olmayıb:

«Çünki özünü siyasi qüvvə hesab edənlərin əksəriyyəti meydan eyforiyasından ayrıla bilməyiblər. Eyni mövqedən hətta siyasi mübarizə aparanlar belə birləşmək istəmirlər. Amma mən inanıram ki, vaxt gələcək, bəlkə də 1-2 ildən sonra, siyasi məkanımızda ciddi etiraflar dövrü başlayacaq. Bu da, siyasi konsolidasiyaya gətirəcək və meydanda 5-6 partiya qalacaq».

İlk etirafı isə elə deputat özü etdi:

Erkin Qədirli
«Biz özümüz siyasi nümayəndələrimizi cəmiyyətə daşıya bilməmişik. Ona görə də, KİV-lərə Ana Vətən Partiyası «Fəzail Ağamalı və Zahid Orucdan ibarətdir» kimi görünür. Bu, ciddi problemdir».

«Bəs niyə YAP ilə eyni mövqedən çıxış edən Ana Vətən Partiyası onunla birləşmir» sualına Z.Oruc cavab verir ki, o, bunun birbaşa tərəfdarıdır:

«Şəxsi mövqeyim bundan ibarətdir, bəlkə bu nə vaxtsa baş versin».

Verilişin digər qonağı - konstitusiya hüququ üzrə ekspert Erkin Qədirli isə hesab edir ki, Azərbaycanda funksional olaraq siyasi partiyalar yoxdur:

«YAP bəyan etməməlidir ki, bütün xalqı təmsil edir. Bu, qeyri-ciddidir. «Partiya» sözü elə «bir hissə» deməkdir».

E.Qədirli deyir ki, siyasi müxtəlifliyi təmin etmək üçün bir sıra şərtlərə əməl edilməlidir:

«Məmurların partiya üzvü olmasını ləğv etmək lazımdır. Bizdə məmurların böyük hissəsi YAP-ın üzvüdür. Bu, həm də bürokratiyaya zərbə vurur. Məmur qanunla işləməlidir. Buna nail ola bilsək, həm iqtidar saflaşar, həm də müxalifət güclənər».
XS
SM
MD
LG