Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:32

Xalq yazıçısı niyə Fəxri Xiyabanda dəfn edilmədi?


Ötən həftə vəfat edən xalq yazıçısı Sabir Əhmədli Fəxri Xiyabanda dəfn edilmədi
Ötən həftə vəfat edən xalq yazıçısı Sabir Əhmədli Fəxri Xiyabanda dəfn edilmədi
Ötən həftə vəfat edən xalq yazıçısı Sabir Əhmədli Fəxri Xiyabanda dəfn edilmədi. Neçə gündür yerli mətbuat da bir suala cavab axtarır: Bu haqda qərarı kim verməliydi? Və ümumiyyətlə, xalq yazıçısı olan Sabir Əhmədli Fəxri Xiyabanda dəfn edilməliydimi?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat və xalq şairi Sabir Rüstəmxanlı «Azadlıq» radiosuna deyib ki, Sabir Əhmədlinin Fəxri Xiyabanda dəfni üçün elə həmin gün həm Prezident Aparatına, həm Nazirlər Kabinetinə, həm də Yazıçılar Birliyinə zəng edib, ölkənin birinci şəxsləri – prezident, baş nazir və parlamentin spikeri istisna olmaqla hamıyla bu haqda danışıb. Ona bir gün gözləməyi məsləhət görüblər. Amma Sabir Rüstəmxanlı məsələnin sonrasını izləyə bilməyib:

«Əlimdə biletim vardı, Türkiyəyə uçmalıydım. Ona görə, məsələnin sonrası ilə maraqlanmadım».

Rəsmi qurumlara müraciət etdik və sualımızı onlara ünvanladıq.
Fəxri Xiyaban nə böyük şeydi? Nədi, orda yatanlara yaxşı qulluq edirlər? Allah orda yatanlara da rəhmət eləsin, bu biri tərəflərdə yatanlara da


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən İntiqam Məmmədov deyir ki, bu məsələ onların səlahiyyətində deyil. Ona görə də Nazirlər Kabinetiylə əlaqə saxlamalıyıq.

Nazirlər Kabinetindənsə bildirdilər ki, Fəxri Xiyabanda dəfn məsələləriylə onlar yox, birbaşa Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən Nuranə Mərdanova isə məsələnin yuxarı instansiyalarda həll olunduğunu söylədi:
«Bununla bağlı prezident xüsusi fərman verməlidir. Bakı Şəhər İcra Hakimiyyəti isə bu halda dəfnin təşkiliylə maraqlana bilər».

Belə çıxır ki, bu məsələnin həlli birbaşa prezident İlham Əliyevdən asılı olub. Amma həmin günlərdə ölkə başçısı Rusiyada idi və görünür, onu məlumatlandırmalıydılar. Bu yerdə Yazıçılar Birliyi öz borcundan çıxıb, Prezident Aparatına dəfnlə bağlı müraciət edib. Birlik sədrinin müşaviri Rauf Aslanov «Azadlıq» radiosuna deyib ki, onlar Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti və Prezident Aparatına bu haqda məlumat veriblər.

«Sabir Əhmədli xalq yazıçısı idi, ulu öndər Heydər Əliyev ona ev vermişdi. Biz də Nazirlər Kabinetinə, Prezident Aparatına məlumat verdik… Hər halda, necə məsləhətdir, elə də eləyiblər. Bu məsələ bizim səlahiyyətimizdə deyil».

Rauf Aslanov bunu da deyir ki:
«Nigar Rəfibəyli də xalq şairəsiydi, ancaq Fəxri Xiyabanda dəfn olunan həyat yoldaşı Rəsul Rzanın yanında yox, adi qəbiristanlıqda basdırılıb… Necə məsləhətdirsə».

Yeri gəlmişkən, Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bir qədər əvvəl «Olaylar» İA-ya bildiriblər ki, Fəxri Xiyabanda kimin dəfn edilməsi birbaşa prezidentin və Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə uyğun aparılır.

«Bu haqda əsasnaməyə görə, 1 və 2 saylı Fəxri Xiyabanda ölkənin fəxrləri – ictimai-siyasi həyatda önəmli rolu olan ölkə vətəndaşları, dövlət xadimləri, xalq artistləri, xalq şairləri və yazıçılar dəfn olunur».

Yazıçı Seyran Səxavətinsə bu məsələyə münasibəti belədir:

«Şəhərdən kənardayam. Sabir Əhmədlinin ölümünü eşitdim, pis oldum. Qəzetdə oxudum ki, onu dəfn etməyə qəbiristanlıqda yer tapılmayıb. Sadəcə, fikirləşdim ki, bu boyda nəhəng yazıçını dəfn etməyə yer tapmayan millət, xalq özünü bəri başdan dəfn etmiş olur. Hələlik ürəyimdən bu reaksiya keçdi».

Qaldı ki, Fəxri Xiyaban məsələsinə:
«Fəxri Xiyaban nə böyük şeydi? Nədi, orda yatanlara yaxşı qulluq edirlər? Allah orda yatanlara da rəhmət eləsin, bu biri tərəflərdə yatanlara da. Mənim valideynlərimin yatdığı qəbiristanlıq mənim üçün ən böyük Fəxri Xiyabandır. Torpaq hər yerdə torpaqdır. Öləndə vəsiyyət edəcəyəm ki, məni Füzuli rayonu işğal altında olsa da, ora yaxın kəndlərdən birində dəfn etsinlər. Belə şeyi Sabir Əhmədlinin oxucuları, onu sevənlər (onu sevənlərdən biri də mənəm) özlərinə dərd etməsinlər. Ölümlə itim arasında həmişə uşaq kimi yellənən bu dünyanın harasında basdırlımağın nə fərqi var ki?.. Sabir Əhmədli Azərbaycanın üç böyük yazıçısından biridir. Ona olan indiki münasibət bütün xalqın Sabir Əhmədliyə münasibəti deyil. Bu bir bic münasibətdir. Bunun da bic müəllifləri var…»
XS
SM
MD
LG