Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

Bakı Moskvaya nə vəd edib?


Azərbaycan prezidentinin Moskva səfərinin ölkə üçün nəticəsi nə ola bilər?
Azərbaycan prezidentinin Moskva səfərinin ölkə üçün nəticəsi nə ola bilər?
«Azərbaycan 20 illik müstəqilliyi dövründə Qərb istiqamətində bütün imkanlarını ortaya qoyub. Buna bu qədər laqeyd yanaşmaq, nəzərə almamaq mütləq regional və beynəlxalq münasibətlərin bütün sahələrinə də öz təsirini göstərəcək».

Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyir.

Son günlər prezident İlham Əliyevin Moskva səfəri, Rusiya paytaxtında hər iki dövlətin səsləndirdiyi bəyanatlar Azərbaycanın siyasi dairələrində müzakirə olunmaqdadır. Bəzi ekspertlər hesab edir ki, İlham Əliyevin Rusiyaya üz tutması əslində həm də Qərbə arxa çevirmək ehtimalının artdığının nümayişi kimi qəbul olunmalıdır.

Ancaq bir qisim siyasətçilər hesab edir ki, Azərbaycan heç vaxt Qərbdən imtina etməyəcək. Son bəyanatlar sadəcə siyasi münasibətlərin hərtərəfli inkişafının təzahürüdür.

Bakı ilə Moskva arasındakı son danışıqların fonunda üzərində ən çox düşünülən məsələ isə odur ki, Azərbaycan prezidentinin bu səfərinin ölkə üçün nəticəsi nə ola bilər? Əgər nəticələr müsbət olarsa, onda rəsmi Bakı bunun müqabilində Moskvaya nə vəd edib?

Deputat Zahid Oruc hesab edir ki, bu səfər bir sıra parametrləri baxımından əhəmiyyətlidir və ondan müəyyən nəticələr gözləmək olar. Çünki artıq Rusiyanın Cənubi Qafqazdakı konfliktlər məsələsində müəyyən dəyişikliklər etməyə hazır olduğu açıq görünür. Bu ən azı Rusiya prezidenti Dmitri Medvedevin dilindən səslənən bəyanatların ənənəvi mövqedən fərqlənməsində özünü göstərir:

«Müəyyən dəyişikliklər olacaq. Xüsusilə qaz məsələsində razılaşma olsa, Rusiyanın növbəti siyasəti bununla çox bağlı olacaq. Düşünürəm ki, bu səfərlə bağlı olan gələcək addımlar müəyyən dəyişikliklər vəd edir. İlk dəfə idi ki, Rusiya rəhbərlərinin dilində beynəlxalq sənədə istinad olunurdu».

Z.Oruc əlavə edir ki, bəzi ekspertlərin Azərbaycanın öz iqtisadiyyatını Rusiyanın təsiri altına salması barədə qənaətləri düzgün yanaşma deyil. Rusiya ilə əlaqələrini tamamilə kəsmiş Gürcüstanın bugünkü durumu, eləcə də öz iqtisadiyyatını tamamilə Rusiyadan asılı vəziyyətə salmış Ermənistanın mövcud vəziyyəti imkan verir ki, Azərbaycan bu sahədə addımlarını hesablaya bilsin. Bu baxımdan Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrində elə bir balans seçib ki, ölkənin indiyə qədər qurulmuş əlaqələrilə ziddiyyət təşkil etməsin.

Məsələn, qaz razılaşmasına baxmayaraq, prezident İlham Əliyevin elə Moskvadaca «Nabucco» layihəsi ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik olmadığını deməsi belə məqamlardandır.

İ.Əliyev İTAR-TASS Agentliyinə və «Rossiya» televiziyasının «Vesti» xəbərlər proqramına müsahibəsində bildirib ki, «Azərbaycan Ermənistan tərəfinin Dağlıq Qarabağla quru əlaqəsinin olması istəyini başa düşür. Burada heç bir problem də görmür. Laçın dəhlizi ilə bağlı məsələni effektiv həll etmək mümkündür və bu, hazırda orada yaşayanları və gələcəkdə ora qayıdacaq azərbaycanlıları narahat etməsin».

Dövlət başçısı həmçinin münaqişənin həllinə dair müəyyən məsələlərdə mövqelərin razılaşdırıldığını da deyib. Və əlavə edib ki, ancaq razılığa gəlinmiş məsələlərdən heç də az vacib olmayan bəzi razılaşdırılmamış məqamlar da var.

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Moskvadan səslənən açıqlamalardan belə qənaətə gəlib ki, uzun müddət Ermənistanın çalışdığı məsələ artıq gerçəkliyə çevrilmək üzrədir. Yəni, işğal altında olan 5 rayon azad edilir. Görüntü olaraq Azərbaycanın ərazi bütövlüyü saxlanılsa da, Dağlıq Qarabağ ərazisində müstəqil dövlət yaranır. O ki qaldı Laçın dəhlizinin Ermənistan üçün əhəmiyyətinin vurğulanmasına, bu, ermənilərin Dağlıq Qarabağla quru əlaqəsi barədə tələbinə də müsbət cavab verildiyinin təsdiqidir. Təbii ki, Rusiyanın indiki dönəmdə Ermənistanı işğal olunmuş 5 rayondan çıxmaq üçün dilə tutmasında ikitərəfli qazancı var:

«Rusiya enerji məsələsində istədiyini alir. Enerjidən öncə isə əgər hər hansı bir sülh sazişi olarsa, onun da təminatçısı Rusiya olacaq. Bu isə o deməkdir ki, faktiki olaraq Rusiyanın siyasi varlığı Azərbaycan və Ermənistan üzərində daimi qalacaq».

Elxan Mehdiyevin fikrincə, bu, həm də Rusiyanın mövqeyinin Cənubi Qafqazda daha da güclənməsinə səbəb olacaq. Həm Moskvanın, həm də Yerevanın istədiyi də elə budur.
XS
SM
MD
LG